PDF Oxu

Sosial

  • 11

Almaniyada etirazlar davam edir

Almaniyada etirazlar davam edir

Son vaxtlar Almaniyada iqtisadi böhran, işsizlik və digər sosial problemlərlə bağlı etiraz aksiyalarının sayının artması müşahidə edilir. Bununla bağlı "www.reuters.com" yazır ki, Almaniyanın Frankfurt aeroportunda yerli əhali və xidməti heyətin iştirakı ilə aksiya keçirilib. Aksiyada iştirak edən minlərlə insan aviadaşınmalara tətbiq edilən rüsumun artmasına, həmçinin, yeni uçuş-enmə zolağının tikintisində ekoloji standartlara əməl edilməməsinə qarşı narazılığını bildirib.

Aksiya iştirakçılarının söylədiklərinə görə, tikinti zamanı inşaat normalarına riayət olunmur. Bu da ətrafda yaşayan insanlarda narahatlıq yaradır. Aeroport işçiləri isə əmək haqlarının artırılmasını tələb edirlər. Ekspertlər Frankfurt aeroportunda keçirilən aksiyanı bundan əvvəl həmkarlar ittifaqlarının 9 günlük tətilinin davamı kimi qiymətləndirirlər. "www.reuters.com" saytı daha sonra yazır ki, Almaniyanın DBB və KOMBA həmkarlar ittifaqları qurumlarının təşkilatçılığı ilə ölkənin ən iri aeroportlarında tətillər keçirilir. Düsseldorf, Frankfurt, Köln, Münhen, Ştutqart, həmçinin, Berlin aeroportları işçilərinin keçirdikləri tətil ölkədə 400-ə yaxın reysin təxirə salınması ilə nəticələnib. Onların əsas tələbi əmək haqlarının artırılması ilə bağlıdır.

Xatırladaq ki, bir müddət əvvəl, həmkarlar ittifaqları ilə işəgötürənlər arasında danışıqlar baş tutmuşdu. Lakin tətil iştirakçılarının əmək haqlarının 6,5 faiz artırmaq istəyi qarşılığında işəgötürənlər cəmi 3,3 faiz artım təklif etməsi danışıqların nəticəsiz qalması ilə nəticələnib. Məlumatda bildirilir ki, həmkarlar ittifaqları ölkə üzrə iki milyona yaxın dövlət qulluqçusu və xidmət sahəsi əməkdaşlarının hüququnu tələb edir. Həmkarlar ittifaqlarının nümayəndələri bəyan edirlər ki, işəgötürənlər onların tələblərini yerinə yetirməyəcəyi təqdirdə, ölkəni daha genişmiqyaslı tətillər gözləyir.

Almaniyada baş qaldıran etiraz dalğasına "www.euronews.net" internet portalında verilmiş yazıda bildirilir ki, Almaniyanın Schlecker şirkətinə aid olan kosmetik mağazalar şəbəkəsi 11 min qadın əməkdaşını işdən azad edib. Bu qərar federal torpaqların rəhbərliyi ilə aparılan danışıqların iflasından sonra verilmişdir. Belə ki, Saksoniya, Aşağı Saksoniya və Bavariya hakimiyyətləri 70 milyon avro kredit üçün təminat verməkdən imtina ediblər. İmtinanın əsas səbəbkarı kimi Almaniya Azad Demokratlar Partiyası göstərilir. Lideri Almaniyanın hazırkı maliyyə naziri olan bu partiya kansler Angela Merkelin də təmsil olunduğu hakim Xristian Demokratlar Partiyası ilə koalisiyaya daxildir. İmtinanı şərh edən rəsmilər bildirirlər ki, işdən azad olunan qadınlar başqa sahələrdə asanlıqla iş tapa biləcəklər. Ancaq həmkarlar ittifaqlarında bu fikirlə razılaşmırlar. Onlar hesab edirlər ki, indiki vəziyyətdə qadınlara yeni iş yeri tapmaq asan olmayacaqdır. Almaniyada bu markaya daxil olan mağazaların böyük əksəriyyətinin bağlanacağı gözlənilir.

İsveçrənin "Credit Suisse" bankında Almaniyanın vergidən yayınan vətəndaşlarının məlumatlarını qeyri-qanuni olaraq toplayan, başqa sözlə, casusluq edən üç alman məmurunun həbsi üçün order verilib. Bu barədə "www.lenta.ru" yazır. Qeyd edilir ki, məmurların adları, hələlik, açıqlanmasa da, onların Şimali Reyn-Vestfaliyanın vergi xidmətinin işçiləri olduğu bildirilir. İsveçrə Prokurorluğu Almaniya hökumətinə həmin məmurların həbsinə kömək göstərməsi üçün müraciət edib. Almaniyanın keçmiş maliyyə naziri Per Ştaynbryuk məsələyə münasibətində bildirmişdir ki, həmin hadisə İsveçrə bank sisteminin alman vətəndaşlara vergidən yayınmaq üçün imkanlar yaratmasının nəticəsidir və öz növbəsində, Almaniya da İsveçrə banklarına qarşı ittiham irəli sürə bilər. Almaniyanın hazırkı maliyyə naziri Volfqanq Şiyble isə İsveçrənin bu addımının normal hal olduğunu qeyd edib. Onun sözlərinə görə, İsveçrənin öz hüquq sistemi var və bank sirrini yayan şəxslərə qarşı hər hansı cəza tədbirinin görülməsində dövlət azaddır. Qeyri-rəsmi məlumatlara görə, İsveçrə banklarında vəsaitləri olan 1500-dən artıq alman vergi ödəyicisi vergidən yayınır.

Naib NİFTƏLİYEV

Digər xəbərlər