Azərbaycanda guya ifadə və toplaşma azadlığının pozulduğunu iddia edən qərəzli beynəlxalq təşkilatlardan biri də məhz "Amnesty İnternational"dır ki, həmin qurum mütəmadi olaraq ölkəmiz haqqında yalan və böhtan dolu hesabatlar hazırlamaqla bir sıra siyasi dairələrin sifarişlərini həyata keçirməklə məşğuldur. Belə ki, adıçəkilən təşkilat aprelin 2-dən etibarən Azərbaycanda "ifadə azadlığı" ilə bağlı iki kampaniya başladacağını bildirmişdi. Özündə bütün məqamlarda qərəz və böhtanı əks etdirən həmin kampaniyalardan biri "İnteraktiv Brifinq", digəri isə "Twitter" kampaniyasıdır.
Lakin maraqlı cəhət ondan ibarətdir ki, əllərinə düşən ən xırda məişət problemini belə, "məharətlə" siyasiləşdirməyi bacaqrdıqlarını sanan "Amnesty İnternational" və onun Maks Taker adlı koordinatoru "Amerikanın səsi" radiosuna verdiyi müsahibəsində məkrli planlarını ifşa etmiş olub. Daha dəqiq desək, keçirməyə cəhd göstərdikləri dırnaqarası kampaniyanı "Eurovision"la uzlaşdırmağa səy göstərib. Ancaq hər hansı "ifadə azadlığının" mahnı müsabiqəsi ilə heç bir əlaqədar olmamasını, yəqin ki, həm Azərbaycan, həm də dünya ictimaiyyəti çox gözəl bilir və anlayır. Yəni bunlardan fərqli olaraq düşünməyi bacaran sağlam düşüncəli insanlar bu kimi olayların arxasında şəxsi mənfəət güdənlərin olduğunu yaxşı bilirlər. Təbii ki, həmin mənfəətgüdən qüvvələrin başında Azərbaycanın davamlı tərəqqisini qəbul etməyən xarici dairələr, onların məqsədlərini ölkəmizdə reallaşdırmağa çalışan bu kimi beynəlxalq təşkilatlar və ən sonda hər iki tərəfə quyruq bulayan radikal müxalifət ünsürləri. Bax, əsas trio da məhz bu qara üçbucaqla tamamlanır.
Baş verənləri "hakimiyyətə qarşı yeni kampaniya" adlandıranlar bir daha nə olduqlarını etiraf etdilər
Qondarma və heç də ajiotaj yaratmayan kampaniyanın qərəzli məqsədlərindən biri də Azərbaycanda keçirilməsinə sayılı günlər qalmış möhtəşəm "Eurovision"a kölgə salmaqdan ibarətdir. Hətta bunu onların özləri də etiraf edirlər. Məsələn, həmin kampaniyanı təbliğ edən AXCP (i)-yə yaxın "Azadlıq" qəzeti bunu "Hakimiyyətə qarşı yeni kampaniya" adlandırıb. Və bu gün bütün dünya ictimaiyyəti Azərbaycanda xalq-hakimiyyət və hakimiyyət -xalq vəhdətinin olduğunu dərk edir. Əgər Azərbaycana və onun xalqına səmərə verə biləcək hər hansı möhtəşəm hadisə ərəfəsində istər xarici təşkilatlar, istərsə də radikal müxalifət düşərgəsi tərəfindən hakimiyyətə qarşı kampaniya aparılarsa, bu, bilavasitə xalqa və dövlətçiliyimizə qarşı aparılan kampaniya kimi qiymətləndiriləcək! Ona görə də bu gün həm də erməni dəyirmanına su tökən "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlərin belə kampaniyalara mətbuat dəstəyi göstərmələri xalqa və dövlətçiliyə qarşı düşmən mövqenin dəstəklənməsi qismində anlaşılır. Hər halda, onların özləri öz dilləri ilə bunu ifadə edirlər. Həmin çərçivədə "hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlığa hazırıq" sözlərini biz deyil, Əli Kərimov, İsa Qəmbərov kimi vətən xəyanətkarları hələ 2005-ci ilin parlament seçkiləri ərəfəsində işlədib və bu ifadələr hələ də heç kimin yadından çıxmayıb! Ona görə də bundan təəccüblənmək lazım deyil.
Avropa ölkələrində həbsə atılan sosial şəbəkə gəncləri azadlığa buraxılsın!
Maraqlıdır ki, bu yarımbaşlıqdakı ifadəni nəinki "Amnesty İnternasional", heç digər bu kimi xarici təşkilatlar bir dəfə də olsun işlətməyiblər. Çünki Qərb onların dişlərinə görə deyil, çünki Qərbə batacaq dişləri yoxdur və çünki onların özləri elə Qərbin bir üzüdürlər. Lakin Azərbaycana bata biləcək "iti dişlərinin" olduğunu hesab edən "Amnesty İnternational"ın Maks Taker timsalındakı başbilənləri, əslində, "İnteraktiv Brifinq", "Twitter" kimi "kampaniyalarını" Avropada keçirsələr, daha yüksək və real nəticə ala bilməzlərmi? Məgər son günlərin məlumatları onlarda yoxdurmu? Əgər yoxdursa, onda biz həmin məlumatları verək. Belə ki, təkcə son bir ay ərzində Norveçdə, Britaniyada, Fransada, eləcə də, Cənubi Amerika ölkələrində "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdə müxtəlif anti-dövlətçi çıxışlarına və çağırışlarına görə 1000 nəfərə qədər gənc həbsə atılıb. Onlar hazırda məhkəmə qərarlarını dəmir barmaqlıqlar arasında gözləməkdədirlər. Hər halda, bu informasiyadan "Amnesty İnternational"ın yetərincə xəbəri var. Bu zaman dişlərinin "itiliyini" Norveçdə, Britaniyada, Fransada və Cənubi Amerika ölkələrində axtarsınlar. Axtarmaq istəmirlərsə, onda Azərbaycanda başları girmədikləri yerə burunlarını soxmasınlar! Çünki belə şeylərin nəticəsi, məhz onların ziyanına işləyən amildir.
R.NURƏDDİNOĞLU