Məlum olduğu kimi, Türkiyənin İstanbul şəhərindəki Konqres Mərkəzində 75 ölkənin nümayəndəsi, o cümlədən, 41 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Suriya Xalqının Dostları Qrupunun II konfransı keçirilib. Konfransda çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, Suriyada baş verənlərə geosiyasi maraqlar naminə göz yummaq olmaz: "Bu ölkədə tezliklə atəşkəsə nail olunmalı, azad seçkilər keçirilməli, xalq öz müqəddəratını təyin etməlidir. Bunun üçün Suriya Milli Şurasına yardım göstərilməlidir".
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Suriyadan qaçqın düşmüş 20 min insanın Türkiyəyə pənah gətirdiyini diqqətə çatdırıb, rəsmi Ankaranın öz sərhədində davam edən silahlı münaqişəni diqqətlə izlədiyini söyləyib. O deyib ki, Tunisdə keçirilmiş birinci konfransdan sonra rəsmi Dəməşq qan tökülməsinin dayandırılması üçün heç bir addım atmayıb, beynəlxalq ictimaiyyətin müraciətlərinə məhəl qoymayıb. Bu səbəbdən, BMT və digər beynəlxalq təşkilatlar öz qəti mövqeyini ortaya qoymalıdırlar.
Konfransda çıxış edən Suriya Milli Şurasının sədri Burhan Qalyun, Ərəb Birliyinin baş katibi Nəbi Əl Ərəbi, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Həmid Bin Casim Əl Tani bütün ölkələri Suriya üzrə BMT-nin və Ərəb Birliyinin xüsusi nümayəndəsi Kofi Annanın 6 maddəlik planını dəstəkləməyə çağırıblar. Bu planın qəbulu ilə bağlı Əsəd rejiminə verilmiş 10 günlük müddət isə başa çatmaq üzrədir...
Suriya ətrafında gərgin geosiyasi və hərbi
durum yaranıb
Baş verən hadisələrin mahiyyətindən də anlamaq olur ki, Suriya ətrafında gərgin geosiyasi və hərbi vəziyyət yaranıb. Bəşər Əsəd böyük silahlı ordunun komandanı kimi, əlində olan bütün inzibati-siyasi vasitələrdən istifadə etməklə, hakimiyyətdə qalmaq cəhdlərini hələ də davam etdirir. Suriya daxilində narazılar ordusunu birləşdirən Suriya Milli Şurası isə, hələlik, məhdud resurslarla hakimiyyət uğrunda mübarizə aparır. Daxili vəziyyət vətəndaş qarşıdurması səviyyəsinə qalxmasa da, Suriyanın böyük şəhərlərində Suriya Milli Şurası ilə Bəşər Əsəd tərəfdarları arasında silahlı qarşıdurmalar baş verir. Bir çox hallarda isə Bəşər Əsəd məscidlərə, binalara, müxtəlif qapalı məkanlara silahlı hücumlar təşkil etməklə, çoxsaylı günahsız insanların da ölümünə səbəb olur. Bu günə qədər Suriyada 20 minə yaxın insanın həlak olması isə onu göstərir ki, Bəşər Əsəd də atasının yolunu davam etdirir, hətta Pinoçet kimi diktatorları özünə nümunə seçməklə, xalqına əl qaldırır...
Bu səbəbdəndir ki, xarici dövlətlərin Suriyaya təzyiqləri də artıb. Artıq dünyanın 60-dan çox dövləti Suriya Milli Şurasına yardım etmək üçün səylərini birləşdiriblər. Suriyada xalq-hakimiyyət birliyi olmadığından, xarici dairələrin də Bəşər Əsədi hakimiyyətdən getməyə məcbur etməsi şansları artıb. Qərb dünyası, Türkiyə və ərəb dövlətləri Yaxın Şərqdə yeni vətəndaş müharibəsinin baş verməməsi və Suriyada ya Tunis, ya da Yəmən ssenarisinin təkrarlanması üçün hələ ki, diplomatik səylərini artırırlar.
Lakin eyni zamanda, Suriya ilə strateji müttəfiqliyi olan bəzi ölkələrin səyləri nəticəsində Dəməşq xarici və daxili təzyiqlərə duruş gətirməyi planlaşdırır. İran-Rusiya-Çin üçbucağı Suriyanı həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də regional səviyyədə sarsıdıcı zərbələrdən qorumağa cəhd göstərirlər. Təbii ki, bu da onların geosiyasi maraqlarından irəli gəlir.
Geosiyasi mənzərə: kim hansı məqsədləri güdür?
Suriya məsələsində demokratiya kimi psevdosəbəblərdən öncə böyük dövlətlərin geosiyasi maraqlarının gəldiyi heç kəsə sirr deyil. Təbii ki, Şimali Afrika bölgəsi kimi, Yaxın Şərq də eyni geostrateji layihənin tərkib hissəsi olsa da, burada siyasi maraqlar prizması çoxbucaqlıdır. Xüsusilə də, Suriya məsələsində dünyanın söz sahibi olan bir çox dövlətlərin geosiyasi və geoiqtisadi mənafeləri toqquşur.
Bir sıra geosiyasi mənbələrə görə, hələ XX əsrin 80-ci illərindən başlanmış təkqütblü dünya düzənlənməsi planlarına əsasən, növbəti 10 il ərzində dünyanın siyasi xəritəsi tamamilə dəyişməlidir, Şimali Afrika, Yaxın və Orta Şərq regionunda 30-yaxın dövlətin sərhədləri qarışmalıdır. Burada əsas məqsəd isə ondan ibarətdir ki, böyük dövlətləri ya parçalamaq, ya da daxilində daimi narahat rezervasiyalar formalaşdırmaqdır. Bir sıra məlum proseslərin çərçivəsində bu prosesin getdiyini aydın şəkildə görmək də mümkündür.
Sirr deyil ki, bu planların reallaşdırılmasında başda ABŞ olmaqla, Qərb dünyası xüsusi rol oynayır. Aydın olur ki, ABŞ təkqütblü, vahid mərkəzdən idarə olunan dünya formalaşdırmaq üçün uzun perspektivli layihənin rəhbəridir. Avropa dövlətləri - Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və digərləri isə Vaşinqtonla eyni səngəri bölüşərək, əldə olunan qənimətdən pay almağı düşünürlər. Türkiyə isə, təbii olaraq, sərhədində baş verənlərə biganə qala bilməz və regionun lider dövləti kimi, baş verən geosiyasi proseslərin gedişatına maraqlarına uyğun şəkildə təsir etməlidir. Ankara özünü Qərbin Yaxın Şərqə, ərəb və islam dünyasının isə Avropaya açılan darvazası hesab edir. Bu mənada da, 70 milyonluq Türkiyə Suriya ətrafında baş verənlərdən kənarda qala bilməz...
Təbii olaraq, bu düşərgəyə qarşı duran əks qütb də mövcuddur ki, onların əsas hədəfi baş verənləri mümkün qədər gecikdirməkdir. Bu qütbün iştirakçıları qismində isə İran, Rusiya və Çin çıxış edir.
Məlumdur ki, İran Suriyadan sonrakı hədəf məhz özü olacağını çox yaxşı anlayır. Tehran nüvə tədqiqatları ilə Qərb dünyasının diqqətini kifayət qədər özünə çəkə bilib və bu gün İranın da ətrafında halqa daraldılmaqdadır.
Ümumiyyətlə, Tehranla Dəməşq arasındakı maraqlar qarşılıqlı əhəmiyyət kəsb edir. Dəməşqin hazırkı sahibi öz hakimiyyətini qoruyub saxlamaq üçün İranın, Tehran isə Yaxın Şərqdə təklənməmək üçün Suriyanın dəstəyinə ehtiyac duyur. Xüsusilə də, Şimali Afrikada baş verən hadisələrin Yaxın və Orta Şərq regionuna da öz təsirini göstərməsi və əlbəttə ki, bu regionda Türkiyə ilə İsrailin mövcudluğu iki dövləti daha da yaxınlaşmağa məcbur edir. Məhz buradan çıxış edərək, İranla Suriya arasındakı əlaqələrin hansı maraqlar üzərində qurulduğunu qruplaşdırmaq olar:
- Birincisi, İran Qərb dünyasına qarşı durmaq üçün Suriyadan "sanitar korton" kimi istifadə edir;
- Vahid cəbhədə tək olmamaq üçün həm Dəməşq gücləndirilir, həm də Livanın daxilində şiə məzhəbli qruplaşmalar maliyyələşdirilir;
- Suriyanın və Livandakı qruplaşmaların köməyindən istifadə edilməklə, İsrailin daim təzyiq altında saxlanmasına cəhd göstərilir;
- İran Suriya vasitəsilə Aralıq dənizinə çıxmaqla, Yaxın və Orta Şərq aləmində hakim mövqe tutmaq niyyətindədir;
- Eynilə də, Suriyanın mövcud rejimi İrandan istifadə etməklə, mövcudluğunu qorumaq fikrindədir və s.
Göründüyü kimi, İranla Suriyanın da qarşılıqlı maraqlarının təmin olunması bu ölkələri bir-birinə yaxınlaşdırır və onların strateji əməkdaşlığını labüdləşdirir.
Rusiya üçün isə Suriya həm silah bazarıdır, həm də geosiyasi alver predmetidir.
Aydındır ki, Rusiya ilk növbədə bu cür münaqişəli vəziyyətdə olan dövlətlərə milyardlarla dollarlıq silah-sursat satır və maddi çıxarlarını təmin edir. İkinci tərəfdən, Moskva BMT-dəki nüfuzundan istifadə edərək, vaxt qazanır və Qərbi alver masasında güzəştlərə getməyə məcbur edir.
Göründüyü kimi, Moskva müəyyən geostrateji məkanlarda ABŞ və Avropa dövlətlərini güzəştə getməyə məcbur etmək üçün Suriya kimi kartlardan tez-tez istifadə edir. Mart ayına qədər Rusiyanın Suriya məsələsində dirənməsi isə, ilk növbədə, prezident seçkilərilə əlaqədar idisə, indi artıq Rusiya imperialist planlarının xətlərini dünyaya göstərmək üçün kartlarını açır. Moskvanın seçkilərdən dərhal sonra Suriya əleyhinə olan bəyanat səsləndirməsi də göstərilən maraqlardan irəli gəlir. Artıq Rusiya Avrasiya planlarının reallaşdırılmasına maneə istəmir. Həmçinin, Rusiya Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsi məsələsində Qərblə razılığa gəlmək niyyətindədir.
Bununla yanaşı, keçmiş postsovet məkanını qoruyub saxlamaq üçün Rusiya nəinki Suriya, hətta İran kartından da istifadə edəcək.
Çin isə dünyanın ən iri iqtisadiyyatlı və sosial potensiallı dövləti kimi, sadəcə olaraq, Suriya məsələsində iqtisadi maraqlarını hədəfləyib. Çünki Çin yaxşı anlayır ki, artıq 10 ildən sonra onun iqtisadiyyatı dəfələrlə böyüyəcək və neftə-qaza olan tələbatı qat-qat artacaq. Lakin həmin müddət ərzində karbohidrogen ehtiyatları Şimali Afrikaya, Yaxın və Orta Şərqə nəzarət edən qüvvənin əlində cəmləşəcək. Bu mənada, Pekin çalışır ki, bu tipli iqtisadi məsələlərdə zəmanət alsın və gələcəyini təmin etsin.
Göründüyü kimi, Suriya ətrafında həddindən artıq mürəkkəb bir şərait var. Məhz bu səbəbdən də, Suriya düyünü geosiyasi və geoiqtisadi maraqların təmin olunmasından sonra açıla bilər.
Ssenarilər və proqnozlar nə deyir?
Əlbəttə ki, Suriya probleminin aradan qaldırılmasının hansı istiqamətdə gedəcəyini zaman göstərəcək. Lakin bununla əlaqədar olaraq, hadisələrin gedişatı ilə bağlı müxtəlif mülahizələr irəli sürmək mümkündür.
Belə ki, Suriya məsələsində, ilk növbədə, nəzərə alınmalı olan məqam ondan ibarətdir ki, Bəşər Əsəd istənilən halda hakimiyyətdən gedəcək. BƏƏS hakimiyyətinin Suriyanın rəhbərliyində qalması üçün artıq hər hansı bir real şans yoxdur. Çünki hakimiyyətdə olan şiə azlığı digər çoxluğun bütün hüquqlarını tanımır, beynəlxalq aləm Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir, eyni zamanda, xalqla hakimiyyət arasında dərin uçurum da formalaşdırılıb. Bu mənada, belə bir şəraitdə yalnız 2 ssenarini təhlil etmək və düzgün proqnoz vermək mümkün ola bilər.
Birincisi, geosiyasi maraqları toqquşan qütblər arasında razılaşma əldə olunur və Suriyada "Yəmən planı" işə düşür. Bununla da, Bəşər Əsəd hakimiyyətdən gedir və Suriya Milli Şurası yeni hakimiyyət formalaşdırır. Hakimiyyətin formalaşdırılması prosesində isə əsasən Qərbin maraqları nəzərə alınır, radikal mövqe tutmuş İran isə bu hadisələrin kənarında saxlanılır. Belə olan halda həm Suriya, həm də suriyalılar böyük fəlakətlərdən uzaq dura və bu keçidi qismən ağrısız başa vura bilərlər.
İkincisi, Bəşər Əsəd heç bir halda güzəştə getmir və Rusiya-İran-Çin üçbucağının yardımlarına arxalanaraq, hakimiyyətdə qalmağı və döyüşməyi əsas tutur. Bu ssenaridə isə Suriya Liviya səhnəsilə qarşılaşa və ölkədə vətəndaş müharibəsi başlaya bilər. Liviya, İraq və ya Əfqanıstan müharibələrindən də görmüşük ki, Rusiya və Çin müharibənin başlanmasına qədər ona qarşı çıxırlar, lakin hərbi əməliyyatlara heç bir halda mane ola bilmirlər. Səddam Hüseynin, Qəddafinin və digərlərinin sonunun necə qurtardığının da şahidi olduq. Onlar da hakimiyyəti sakit şəkildə təhvil verməkdən boyun qaçırmışdılar və döyüşməyi üstün tutmuşdular. Sonda özləri və dövlətləri də böyük fəlakətlərlə üzləşdi.
Əgər Bəşər Əsəd də hakimiyyəti sabit şəkildə təhvil verməkdən imtina edərsə, nəinki İran, hətta Rusiya və Çin də sonrakı proseslərin qarşısını ala bilməyəcək. Çünki artıq Bəşər Əsədin timsalında bir əzazil diktator imici formalaşdırılıb, Suriya rejiminin yıxılması üçün beynəlxalq dəstək təmin edilib, həmçinin, "sülh elçisi" Kofi Annanın planı qəbul edilib. Belə olan halda, Bəşər Əsədə qarşı istənilən halda silahlı üsyanlar başlaya bilər. Kofi Annanın planında da nəzərdə tutulduğu kimi, Suriya Milli Şurasına yardımlar ediləcək. Bu yardımlar isə əsasən döyüşmək üçün lazım olan maddi-texniki köməkdən ibarət olacaq, beləliklə də, Suriya növbəti qan gölünə çevriləcək.
Təbii ki, bu, bizim mülahizələrimiz və proqnozlarımızdır. Proseslərin gedişatı bir daha göstərəcək ki, Suriya problemi hansı şəkildə həll ediləcək. Amma əsas olan odur ki, region dövlətlərinə zərbə vuracaq hadisələr cərəyan etməsin.
"Səs" Analitik qrupu