AMEA Rəyasət Heyətində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə "Dədə Qorqud kitabı"nın 1300 illik yubileyi çərçivəsində "Respublika Dədə Qorqud günü" keçirilib.
Tədbiri giriş sözü ilə institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açaraq Kitabi-Dədə Qorqud gününün keçirilməsinin ənənəvi bir hadisəyə çevrildiyini söylədi, tədbirin mahiyyəti barədə ətraflı məlumat verib. Bir neçə min illik türk tarixinin yaddaşından süzülərək bizə gəlib çatan bu abidənin dünyada analoqu olmadığını söyləyən M.İmanov Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un daha dərindən tanıdılması üçün bu tədbirin keçirilməsinin zəruri olduğunu qeyd edib.
O bildirib ki, abidə haqqında ilk dəfə 1815-ci ildə alman şərqşünası Fridrix fon Dits məlumat verib, "Təpəgöz" boyunun alman dilinə tərcüməsini dərc etdirib. V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirib, 1922-ci ildə isə dastanın tam tərcüməsini başa çatdırıb. Həmin tərcümə 1950-ci ildə Bakıda H.Araslı və M.Təhmasibin redaktəsi ilə, 1962-ci ildə isə Moskvada nəşr olunub.
Çıxışının sonunda o bildirib ki, tədbir qorqudşünaslığın 200 illiyi ilə bağlı tədbirlərə hazırlıq məqsədi ilə keçirilir.
Tədbirdə çıxış edən AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev 2015-ci ildə Azərbaycanda "Kitabi-Dədə Qorqud" dastanının dünya elminə məlum olmasının 200 illik yubileyinin dünya səviyyəsində qeyd ediləcəyini, bununla da Azərbaycan qorqudşünaslığının Avropa səviyyəsində təmsil ediləcəyini bildirib.
AMEA-nın müxbir üzvü Tofiq Hacıyev isə çıxışında "Dədə Qorqud dastanları"nın qədimdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alındığını, əldə olan nüsxələrin isə XVI əsrdə üzü köçürülmüş əlyazmalar olduğunu söylədi, dastanın elmi, tarixi, mənəvi aspektlərindən söz açdı. Bildirilib, ki, abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji sujetlərə qida verib. AMEA Əlyazmalar İnstitutunda "Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanıb.
Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyev (Folklor İnstitutu) "Oğuz elinin keşikçisi Bəkil", filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdiyev (ADPU) "Dədə Qorqud kitabı"nda at kultu", Xəliyəddin Xəlilli (Arxeologiya və Etnoqrafiya İnstitutu) "Dədə Qorqud oğuzlarının zamanı və həyat tərzi", pedaqogika üzrə fəlsəfə doktoru Asif Hacıyev (ARTPİ) "Dədə Qorqud kitabı"nın bəzi mübahisəli məqamları haqqında", flologiya üzrə fəlsəfə doktoru Seyran Əliyev (BDU) "C.Luis "Dədə Qorqud kitabı" haqqında" mövzusunda məruzələrlə çıxış etdilər.
Qeyd edək ki, məruzələrin mətni kitabça şəklində çap olunacaq.