PDF Oxu

Sosial

  • 10

Dağlıq Qarabağ münaqişəsində son qərarı kim verməlidir?

Dağlıq Qarabağ münaqişəsində son qərarı kim verməlidir?

Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın vasitəçiliyi ilə prezidentlər səviyyəsində bir neçə dəfə üçtərəfli görüşlər baş tutsa da, bu, problemin çözümünə yenilik gətirmədi. 20 illiyini qeyd etdiyimiz ATƏT-in Minsk Qrupu da bu ötən illər ərazində fəaliyyətsizliyi ilə göstərdi ki, münaqişənin həllində çarəsizdir.


Ermənistanın "ipi" Rusiyanın əlindədir


Bir çox ekspertlər 2012-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün real şəraitin olmayacağı haqda fikirlər səsləndirirlər. Bunu belə əsaslandırırlar ki, Ermənistanın mövqeyində, xarici siyasətində dəyişikliklər hiss olunmur. Əksinə, ermənilər özlərini məzlum xalq kimi dünyada tanıtdırmaq istiqamətində genişmiqyaslı təbliğat işləri aparırlar. Ermənistanın mövqeyində sülhə meyillilik hiss olunmursa, xarici siyasəti hücum üzərində qurulubsa, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışmaq çətindir. Gürcüstan və Türkiyə ilə münasibətlərində ciddi problemlər yaşayan Ermənistana bölgədə dəstək verən yeganə ölkə İrandır. Rəsmi Yerevan İranla olduqca sıx əlaqələrə malik olsa da, onun "ipi" himayədarı, hərbi müttəfiqi olan Rusiyanın əlindədir.

Digər xarici böyük qüvvələrin isə Ermənistana təsiri azdır. ABŞ və Fransada əhəmiyyətli erməni diasporu yaşasa da, onların Ermənistana siyasi dəstəkdən çox, iqtisadi təsir göstərə bilir. Ermənistan Rusiyanın orbitində möhkəm dayanıb və Moskvanın regiondakı məqsədləri üçün istifadə vasitəsidir.


2012-ci il planları


Rusiya ona sadiqlik nümayiş etdirən Ermənistan prezidenti Serj Sarkisyanı dəstəkləyir, onunla tərəfdaşdır, eyni zamanda, keçmiş prezidentlər Ter-Petrosyan və Köçəryanla yaxşı əlaqələri var. Rusiyada 1 milyon 500 mindən çox erməni yaşayır. Bundan başqa, Ermənistan əksəriyyəti müsəlman olan Qafqazda qriqorian xristianlığın dayağıdır.

Ermənistanda kəmərlərin, dəmiryolların, enerjinin, telekommunikasiyaların çoxunu Rusiya alıb. Rusiyada işləyən ermənilərin Ermənistana göndərdiyi pul Ermənistanın daxili məhsulunun 10 faizini təşkil edir.

Son iki ildə Rusiya Ermənistanda hərbi mövcudluğunu gücləndirib. Hərbi obyektlərin icarəsi 2044-cü ilə kimi uzadılıb. Rusiya öz qoşunlarının Ermənistanda sərbəst hərəkətinə icazə alıb.

Rusiyanın 2012-ci ildə Ermənistanda məqsədləri indiki təsir vasitələrini əlində saxlamaq və Ermənistanı Vahid İqtisadi Məkana və Avrasiya Birliyinə inteqrasiyaya hazırlamaqdır. Bütün bunları nəzərə alsaq, demək olar ki, Rusiyanın dediyi hər bir söz Ermənistan üçün qanundur. Dağlıq Qarabağ münaqişəsinin həllində də Rusiyanın əsas fiqurlardan biri olması heç də şübhəsiz deyil.


Rusiya Ermənistanı konstruktiv yola yönəldə bilər


Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın fəallaşmasına güvənir: "Biz ümid edirik ki, Rusiya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təşəbbüs edilən səyləri fəallaşdıracaq və onları daha da effektiv edəcək.

Rusiyanın səyləri olmadan nə ATƏT, nə onun Minsk Qrupu, nə BMT və hər hansı digər beynəlxalq təşkilat bu işdə ciddi irəliləyişə nail ola bilməyəcək. Rusiyanın Ermənistana təsiri çox böyükdür. Bu ölkə, faktiki olaraq, siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə Rusiyanın təsiri altındadır. Buna görə, Rusiya Ermənistana kəsərli təsir hesabına bu ölkəni konstruktiv yola yönəldə bilər".


Münaqişənin dinc yolla həllinin iki variantı


Çikaqo Universitetinin professoru və Ermənistan prezidentinin keçmiş müşaviri Jirayr Libaridyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin iki variantı var. Birinci ssenaridə əsas oyunçu Rusiyadır. İkincisi, vəziyyəti Azərbaycan və Ermənistan özləri birbaşa danışıqlar yolu ilə tənzimləməlidir: "ABŞ və Avropa, faktiki olaraq, təşəbbüsü Rusiyaya verərək, Cənubi Qafqazda dondurulmuş münaqişələrdən kənara çəkiliblər. Rusiya Ermənistana təsir göstərə biləcək yeganə ölkədir və belə olan halda, qərar Rusiyanın istədiyi kimi olacaq".


Cabir

Digər xəbərlər