Gənclər cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Bu reallığın məntiqi olaraq dövlət tərəfindən gənclərə qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verilir, diqqət və qayğı ilə yanaşılır. Dövlət başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli tədbirlər, hazırlanan dövlət proqramları əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin məntiqi davamıdır.
Daim axtarışda olan gənclik ideyalarla zəngin qüvvədir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz mövcud imkanlardan bəhrələnir, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. Müasir həyatımızda gənclərə verilən meydanın nəticəsidir ki, bütün sahələrdə onların səsini eşidir, yaradıcılıq gücünü görə bilirik. Azərbaycanda kifayət qədər belə gücə və sağlam ruha malik gənclər var.
Belə gənclərdən biri də Nəzmiyyə Hicrandır. Gənc yazar, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" media mükafatçısı Nəzmiyyə Hicran. Onun kimliyi, bir gənc olaraq xidməti və düşüncələri ilə tanışlıq keçdiyi yol və gələcək planları zamanı aşkarlanır. Orta məktəbdə oxuduğu illərdən yaradıcılığa başlayan Nəzmiyyə xanımın ilk şeiri doğulub boya-başa çatdığı Kəlbəcərdə nəşr olunan "Yenilik" qəzetində dərc olunub. Erməni işğalçıları tərəfindən həyata keçirilən siyasət nəticəsində, o da bir çox vətən övladları kimi didərgin salınıb.
Yaşadığı illərlə bu günün reallıqları onun fikirlərində bu cür ifadə edilir: "Kəlbəcərin işğalı zamanı məcburi şəkildə el-obamızı tərk edib Bakıya üz tutduq. Hamı kimi o illərdə mövcud olan ictimai-siyasi prosesləri yaşayıb, dövrün haqsızlığı, istibdadı, özbaşınalığı yaşamaq məcburiyyətində qalmışam. Həmin illərdə Azərbaycanın müstəqil bir dövlət olaraq dünyada tanınacağına belə inana bilməzdim. Bu gün hər səhər Bakıdakı "Xəzər" metrostansiyasına yaxınlaşanda qeyri-ixtiyarı olaraq "Salam, Azərbaycan!" deyirəm. Bu inkişaf və nailiyyətlər məni qürurlandırırır. Müstəqilliyimizin bizə verdiyi imkanlar yaradıcı gənclərin potensialının üzə çıxması baxımından əhəmiyyətlidir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil hazırlamaq olduğundan, ölkənin mənafeyi naminə onların potensialından istifadə olunur. Prezident İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" gənclərin təhsil səviyyəsinin yüksəldilməsinə təkan oldu. Azərbaycan gəncliyi dünyaya inteqrasiya olunur. Müstəqilliyin nailiyyətidir ki, biz gənclər azad, müstəqil şəkildə dünya ölkələrinə çıxır, sözümüzü, həqiqətləri söyləyirik.
Gənc nəslə qayğı siyasətini davam etdirən dövlət başçısı İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" Sərəncamı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sərəncam gənclər siyasətini daha da inkişaf etdirmək, gənc mütəxəssislərin sosial-iqtisadi problemlərinin həllini təmin etmək və s. baxımından əhəmiyyətlidir."
Nəzmiyyə xanım bu diqqətin və rəsmi sənədlərin müqabilində müasir gənclərimizin cəmiyyətdə gedən proseslərdən kənarda qalmadığını da bildirdi. Cənab İlham Əliyevin dediyi kimi, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir: "Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr yaşayır, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafı üçün, Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün hər bir vətəndaş, hər bir insan öz əməyini göstərməlidir. İndiki gənclər müstəqillik dövründə formalaşırlar. Bu, böyük xoşbəxtlikdir, böyük səadətdir".
Rubrikamızın qonağı da öz potensialının çərçivəsində elmi, publisist axarışlarını davam etdirir. Belə ki, O, "Pərvanə" ədəbi birliyinin üzvüdür. M.F.Axundzadə adına Milli Kitabxanada biblioqraf kimi çalışır. Mütəmadi olaraq yaradıcılıqla məşğul olan Nəzmiyyənin "Təhsil" cəmiyyəti tərəfindən dərc olunan almanaxda mütəmadi olaraq ədəbi nümunələri yer alır. Müxtəlif dövri mətbuatda çıxış edir. "Haraylayır ana torpaq" kitabının müəllifidir. Kitabın adından göründüyü kimi, vətən həsrəti nümunədə davamlı olaraq ifadə olunur. Digər kitabı isə "Günəş könlümün hərarəti ilə" adlanır. Özünün dediyi kimi, Vətən həsrəti onu heç vaxt tərk etmir: "Azərbaycan Prezidenti İlham Əliyevin səyi və dünya tribunalarından eşidilən səsi haqqın bərqərar olacağına biz gənclərdə əminlik yaradır. "Qarabağ gündəliyi" kitabı üzərində işləyirəm. Xronolji ardıcıllıqla bu kitabı davam etdirəcəyəm. Əsas məqsədim Kəlbəcər torpağından gələn bir insan kimi tarixin yaddaşında fərdi bir səhifə yaratmaqdır. Qəlbimdə heç vaxt unutmayacağım bir ağrı var. Hər dəfə yazılarımda da bunu qeyd edirəm. Yaşantılarımın fövqündə ölüm və itki hissi məni heç vaxt tərk etmirdi və bu, mənə çox yaxın bir hissdir".
N.BAYRAMOVA