Özündə radikal müxalifət partiyalarını birləşdirən qondarma "İctimai Palata" üzvləri yenidən fəsil müxalifəti olduğunu havalar qızar-qızmaz nümayiş etdirməyə çalışırlar. Aprelin 8-də qarşılaşdıqları biabırçılıqdan sonra, növbəti mitinqlərini ayın 22-də keçirəcəklərini bəyan edən "palata" rəhbərləri sübut etməyə çalışırlar ki, guya onların bu aksiyalarında "on minlərlə" tərəfdarları iştirak edəcək. Lakin bunun heç də həqiqətlərə söykənmədiyini indidən proqnozlaşdırmaq mümkündür. Çünki belə situasiyalardan sonra bir daha bəlli olur ki, "İctimai Palata"nın bu kimi aksiyaları, əslində, orada cəmləşmiş naşı "liderlərin" zəif və gücsüzlüyünü sübut edir. Müxalifət düşərgəsində baş verən bu kimi son hadisələrlə bağlı "Səs"in suallarını Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov cavablandırır.
- Hüseynbala müəllim, "İctimai Palata"nın aprelin 22-ə təyin olunmuş növbəti mitinqinə münasibətiniz necədir? Sizcə, bu cür kütləvi etiraz aksiyaların keçirilməsi üçün hər hansı səbəb mövcuddurmu?
- Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirmiş olduğu mütərəqqi siyasət əhalinin, Azərbaycan xalqının mütləq əksəriyyətinin maraqlarını özündə yetərincə ehtiva edir. Ona görə də, bu gün Azərbaycanda ciddi xarakter daşıyan və geniş xalq kütləsini əhatə eləyən etiraz aksiyalarının keçirilməsi üçün nə sosial sifariş, nə də ki, səbəb yoxdur. Radikal müxalifətin iki üzvünün - Müsavat və AXCP (i)-nin ətrafında cəmləşən "İctimai Palata"nın da, ümumiyyətlə, nə gücü, nə sosial bazası, nə də ki, ictimai resursu yoxdur. Ona görə də, onların hər hansı kütləvi aksiya keçirmək cəhdləri daim biabırçı sonluqlarla nəticələnib. "İctimai Palata"nın birbaşa sosial bazası olan, geniş, kütləvi xarakter hal ala bilən hər hansı növbəti aksiya keçirəcəyini gözləmirəm. Aprelin 8-də bu biabırçılıq baş verdi və 22-də də yüz faiz əminliklə deyirəm ki, həmin biabırçılıq "liderlərin" başına gələcək.
- Sizcə, "İP"-ə aksiya keçirmək üçün ayrılan ərazi ilə niyə razılaşmır?
- Bu gün bütün dünya bilir və görür ki, Azərbaycan sürətlə inkişaf edən, regionda lider olan və beynəlxalq aləmdə öz sözünü tam kəsəri ilə deyən güclü, qüdrətli, demokratik dövlətdir. Hər bir siyasi təşkilat istənilən tədbiri keçirə, hətta öz təmsilçisini istənilən kütləvi tədbirə dəvət də edə bilər. Təbii ki, bu zaman qanunlara hörmət məsələsi nəzərə alınmalıdır. Digər insanların istirahətinin pozulmasına, nəqliyyatın hərəkətinə mane olmağa heç kəsin haqqı yoxdur. Aksiya keçirilən zaman əhalinin, nəqliyyatın gur olduğu yerlər deyil, bu məqsədlə ayrılmış ərazilərə üstünlük vermək gərəkdir. Amma bir şərtlə ki, bu aksiyalar idarəolunan, qarşıdurmadan, zorakılıqdan uzaq olmalıdır. Bu çərçivədən kənara çıxıb qanunları pozmağa yönəldilmiş istənilən aksiyanın məsuliyyəti təşkilatçıların üzərinə düşür. Belə olan halda, hər bir kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir.
O ki qaldı "İctimai Palata"nın mitinq keçirmək üçün müraciətinə, onlara müvafiq qurumlar tərəfindən, birmənalı olaraq, yox deyilməyib. Sadəcə, onların göstərdiyi ərazilər mitinq keçirmək üçün məqsədəuyğun hesab edilməyib. "İctimai Palata"ya mitinq üçün nəzərdə tutulmuş alternativ ərazilər təklif olunub, onlar da razılaşıblar. Buyurub öz "on minlik güclərini" göstərsinlər. Və mən yenə də deyirəm, "İctimai Palata"nın dərdi aksiya keçirmək üçün yerin ayrılması deyil. Xatırlayırsınızsa radikal müxalifət vaxtilə 20 Yanvar dairəsindən "Qələbə" kinoteatrının qarşısına kimi yürüş yeri müəyyənləşdirmişdi. O zamanlar həmin müxalifət təmsilçiləri eyforiyaya qapılmışdılar. Elə bilirdilər ki, mitinq keçirməklə hakimiyyətə gələcək, yaxud nəyəsə nail olacaqlar. Amma onların bu eyforiyaları sabun köpüyü kimi yoxa çıxdı. Ona görə də "İctimai Palata" təmsilçilərinin söylədiklərinin heç bir əsası yoxdur.
RƏFİQƏ KAMALQIZI