Son günlər müxalifət yönümlü medianın, "Ayna" qəzetinin əməkdaşı, İdrak Abbasovun "öz peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqlə üzləşməsi" barədə qaldırdığı hay-küy diqqəti çəkir. İddia edilir ki, o, məhz jurnalist kimi, qeyri-qanuni tikilmiş evlərin, "gecəqondu"ların sökülməsini videokamera ilə çəkərkən döyülüb, fiziki təzyiqə məruz qalıb.
Nə baş verib?
Bəs əslində, nə baş verib? Doğrudanmı, İ.Abbasov bir jurnalist kimi, peşə fəaliyyətini yerinə yetərkən sərt, yolverilməz rəftarla üzləşib, yoxsa ortada müxalif və bəzi "müstəqil mövqeli" medianın bilərəkdən üzərindən sükutla keçmək istədiyi çox ciddi, mühüm məqamlar var? O, qeyri-qanuni tikililərin söküldüyü yerdə nə edib, necə davranıb və hansı şərtlər daxilində çəkiliş aparıb? Bu barədə ARDNŞ-in əməkdaşlarına müraciət edilibmi?
Digər tərəfdən, iddia olunur ki, hadisə yerində çəkiliş aparan başqa jurnalistlər də guya təzyiqə məruz qalıb, onların mühafizəçilər tərəfindən döyüldüyü bildirilən İ.Abbasova yardım edilməsinə imkan verilməyib. Elə isə sual edilə bilər: bəs onda radikal ovqatlı qəzetlərin manşetlərini "bəzəyən" müxtəlif şəkillər harada, nə vaxt, hansı şəraitdə çəkilib? Jurnalistlər "təzyiq, təhdid" altında bu qədər rahat şəkil çəkməyə, özlərinə sərf edən bir tərzdə "fotoqalareya" yaradıb, yayımlamağa necə imkan tapa biliblər? Əgər İ.Abbasov baş vermiş olay zamanı sırf peşə fəaliyyəti ilə məşğul olubsa, niyə jurnalistlərin geyməli olduğu xüsusi formada deyil? Bəs onun iki qardaşı dərhal hadisə yerində necə peyda olub?!
Müəmmalı və şübhəli rəftar
Göründüyü kimi, burada bəzi media mənsublarının müəmmalı və bir qədər şübhəli rəftarından doğan sualların zəncirvari silsiləsi yaranır. Baş verənləri diqqətlə izlədikdə, aydın olur ki, əslində, İ.Abbasovun, hadisələr zamanı "canfəşanlıq" etməsinin, çəkiliş aparmasının səbəbləri tamam başqadır. Məsələ burasındadır ki, onun yaxın qohumları, qardaşları da Dövlət Neft Şirkətinin məxsus ərazidə - qeyri-qanuni tikililərdə məskunlaşıblar. İ.Abbasov isə qanundan az-çox xəbəri olan, məlumatlı, informasiyalı, savadlı biri insan, media təmsilçisi kimi, yaxınlarını, doğmalarını düzgün istiqamətləndirmək əvəzinə, əslində, ARDNŞ-in əməkdaşlarının qanuni fəaliyyətinə hüquqazidd bir şəkildə mane olmağa çalışıb, heç kəsə, heç nəyə məhəl qoymadan, qeyri-qanuni tikililərin sökülməsi prosesini lentə almağa cəhd göstərib.
Çəkiliş, yoxsa şantaj cəhdi?
Aydındır ki, o, bunu, sadəcə, çəkiliş xatirinə etməyib, öz aləmində "yaxınlarını, doğmalarını müdafiə etmək" məqsədi güdüb. Müvafiq materialdan isə sonradan, yəqin ki, heç də xoş niyyətlə istifadə olunmayacaqdı. Bu videogörüntülər elə bir tərzdə şərh olunacaq, çatdırılacaqdı ki, sanki ARDNŞ əməkdaşları şirkətə məxsus ərazidə qanunsuz tikililəri sökməyə səlahiyyəti çatmır. Üstəlik, bu da azlıq edir. Belə ki, İ.Abbasov və onu müdafiə edənlərin təbirincə, Dövlət Neft Şirkəti nəinki bu qanunsuz tikililərə toxunmamalı, əlavə olaraq, şirkətə məxsus, karbohidrogen ehtiyatları ilə zəngin digər əraziləri də "gecəqondu"lar tikmək istəyənlərin ixtiyarına verməlidir. Həmin ərazilərdə neft, qaz hasil etmək əvəzinə isə, göydələnlər ucaldıb mənzillərini qeyri-qanuni məskunlaşanlara paylamaq gərəkdir... Gəlin, razılaşaq ki, çox bəsit, tragikomik, məntiqdən, reallıqdan uzaq yanaşmadır.
Sakinlərə qanunsuz tikililərin söküləcəyi barədə dəfələrlə xəbərdarlıq edilib
Xatırladaq ki, müvafiq ərazilərdə qanunsuz tikililərin sökülməsi təşəbbüsü çoxdan qaldırılıb və qeyri-qanuni tikililərdə yaşayan sakinlər, azı bir ildən çoxdur ki, bunu bilirlər. Bilirlərsə, deməli, qanunun tələblərinə, zəruri hüquqi prosedurlara əməl etməlidirlər. Əməl etmirlərsə, onda istər-istəməz qanunun, hüququn məcburetmə funksiyası işə düşür. Yəni sakinlərə dəfələrlə xəbərdarlıq edilib, bildirilib ki, ARDNŞ-ə məxsus ərazilərdə bütün qeyri-qanuni tikililər söküləcək. Bu xəbərdarlıqdan düzgün nəticə çıxaranlar, qanunun tələblərinə əməl edənlərin sayı yetərincə çoxdur. Lakin təəssüf ki, qeyri-qanuni məskunlaşdığı ərazidən polisin müşayiəti ilə uzaqlaşdırılmayanadək, həmin əraziləri tərk etmək istəməyənlər də var. Bəlli olduğu kimi, neft-qazla zəngin ərazilərdə radiasiya, adətən, normadan yüksək olur.
Yaşayış üçün yararsız, sağlamlıq üçün təhlükəli ərazi...
Belə ərazilər yaşayış, məskunlaşma üçün yararsız, orada məskunlaşanların həyatı, səhhəti, reproduktiv sağlamlıq üçün həddən artıq təhlükəlidir. Ən çox təəssüf doğuran hal odur ki, dəfələrlə izah olunmasına, anladılmasına, çoxsaylı müraciətlərə baxmayaraq, müəyyən qisim insanlar bunu heç cür qəbul etmək istəmir.
Sözsüz ki, bir media işçisi kimi, İ.Abbasovun vəziyyəti bizi təəssüfləndirir, bir insan kimi, onun halına acıyırıq. Lakin bu, heç də o demək deyil ki, onun bu məsələdə məsuliyyət payı yoxdur. Əksinə, o, bu hadisələr zamanı media təmsilçisi kimi deyil, məhz maraqlı şəxs kimi çıxış etdiyindən, mənəvi məsuliyyət daşıyır. Əslində, həmin əraziyə daha yaxından bələd olduğu üçün o, sakinləri qanunsuz tikililərin vaxtında sökülməsi zərurətinə inandırmalı idi. O, isə bu əraziyə hadisələri birtərəfli şəkildə işıqlandıran müxalifət yönümlü medianı cəlb edib, faktiki olaraq, ARDNŞ-in xüsusi dövlət təsisatı kimi, nüfuzuna xələl gətirən hərəkətlərə yol verib.
İdrak Abbasov hadisə zamanı heç də jurnalist kimi davranmayıb
Biz baş verən hadisə ilə bağlı kiminsə tərəfində durmaq, eləcə də, ARDNŞ əməkdaşlarının razılaşdırılmamış, qeyri-qanuni çəkilişə qarşı emosional reaksiyasına, radikal mövqeli medianın "qara piar"ına rəvac verməsinə haqq qazandırmaq niyyətindən uzağıq. Bununla yanaşı, baş verənlərə İ.Abbasovun qardaşlarının, bir sıra digər şəxslərin müdaxiləsi onu göstərir ki, o, faktiki olaraq, jurnalist kimi yox, qeyri-qanuni tikililərin sökülməsini istəməyən şəxslərdən biri kimi davranıb, birbaşa və ya dolayı üsullarla Dövlət Neft Şirkətinin əməkdaşlarına müqavimət göstərməyə, mane olmağa səy göstərib. Sonda isə belə xoşagəlməz, arzuolunmaz vəziyyət yaranıb.
Təəssüf ki, İ.Abbasovun bu vəziyyətindən sui-istifadə edənlər, olayı şişirdənlər, baş verənləri təhrif olunmuş formada təqdim edərək, bundan faydalanmağa çalışanlar da tapılır. Bu olay bir tərəfdən, Elçin Şıxlının baş redaktoru olduğu "Ayna" qəzeti tərəfindən məqsədli şəkildə qabardılır, digər tərəfdən isə, İ.Abbasovun əməkdaşı olduğu "Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu" ("RATİ") tərəfindən həddən artıq qərəzli şəkildə təqdim olunur.
"RATİ"nin kəşfi...
Jurnalistlərin "istintaq təşkil etmək hüququ" (?!) var imiş
İstisna deyil ki, İ.Abbasov bu vəziyyəti bilərəkdən, müəyyən həmkarlarının, xüsusən, "RATİ"nin təhriki ilə yaradıb. "RATİ"nin məqsədi, niyyəti, məramı isə bütün media təmsilçilərinə bəllidir. Özlərinin açıq şəkildə bəyan elədikləri kimi, bu qurumun başlıca hədəfi "döyülən, təzyiqlərə məruz qalan jurnalistlərin hüquqlarını müdafiə" adı altında müəyyən dairələrdən qrant qoparmaqdır. Görünür, təzyiqlə, zorakılıqla üzləşən hər hansı jurnalist tapa bilmədiklərindən, bu dəfə öz əməkdaşlarından kiminsə zor-xoş döyülməsini "təşkil etmək" qərarına gəliblər.
"RATİ"nin səviyyəsini müəyyənləşdirmək üçün isə çox da uzağa getmək lazım deyil. Elə müvafiq qurumun əsasnaməsində "jurnalistlərin istintaq təşkil etmək hüququ var" ifadəsinə diqqət yetirmək kifayətdir. Jurnalistlərə "istintaq təşkil etmək hüququ" verən qurumun elə İ.Abbasov kimi də əməkdaşı olur.
NAİB