Almaniya mətbuatı öz ölkəsi daxilində baş verən sosial ədalətsizlikdən və irqçilik zorakılıqlarından niyə bəhs etmir?
Son zamanlar Almaniyanın bəzi mətbuat orqanları, informasiya portalları, eləcə də, digər media qurumları sanki Azərbaycana qarşı səlib qərəzli antitəbliğat kompaniyası aparmaqdadırlar. Ölkəmizdə mədəni, sosial, iqtisadi sahələrdə gedən davamlı inkişafı aşkar şəkildə həzm edə bilmədiklərini nümayiş etdirən "Der Şpigel", "Deutsche Welle" kimi qəzetlər, "Tageszeitung" adlı internet qəzeti, "ARD", DTR" televiziya kanalları, eləcə də, həmin ölkənin məqsədləri bəlli olan bir sıra ictimai-siyasi xadimləri bütün məqamlarda qərəzli mövqelərini ortaya qoymuş olurlar. Sözsüz ki, siyasət terminologiyasının görünməyən, çirkablara bulaşmış tərəfindən çıxış edərək, əsl həqiqətləri qəsd formasında görməzliyə vuran bu kimi dairələrin müxtəlif istiqamətlərdən verilmiş sifarişləri yerinə yetirdikləri də sirr deyil. Yəni Almaniyanın adıçəkilən media qurumları və siyasi-ictimai nümayəndələrinin korrupsiya burulğanına düşdüklərini onların davranışlarından da hiss etmək elə də çətinlik yaratmır. Ona görə də ölkəmizin "Eurovision" kimi möhtəşəm mahnı müsabiqəsinə hazırlaşdığı bir ərəfədə onların birdən-birə ortaya çıxmaları və nəyi isə "sübuta yetirməyə" cəhd göstərmələri kənardan sünilik kimi qavranılmaqdadır.
Almaniyada bu gün də irqçi təşkilatlar fəaliyyət göstərməkdədirlər
Çünki ölkələrində cərəyan edən hadisələrdən də məlumdur ki, bu gün Almaniyada bir çox sahələrdə iqtisadi geriləmələr var, sosial ədalətsizliyin qarşısı alınmır və orada hələ də irqçi neonasist təşkilatları qeyri-millətlərə qarşı barışmaz mövqe sərgiləyirlər. Buna misal kimi, bir faktı söyləmək istərdim ki, çoxsaylı irqçi təşkilatlarının Almaniyanı hansı fəsadlara apardığını dərk edən Almaniyanın daxili işlər naziri Hans Piter Fridrix hələ ötən il bunu təsbit etmiş və həmin təşkilatlardan biri olan "HNG"-nin fəaliyyətinin dayandırılması barədə sərəncam imzalamışdır.
Alman nazir həmin sərəncamda neonasistlərə qadağanın sülhsevər, demokratik və qanuni dövlətlərinə qarşı aqressiv çıxışlarına görə olduğunu deyib. Lakin rəsmən bağlanılan təşkilat bu gün də gizli fəaliyyətini davam etdirir və onun haqqında alman hökuməti tərəfindən heç bir sərt tədbirlər görünmür. Qeyd edək ki, 1979-cu ildə yaranan "HNG"-nin 600 üzvü var. Özünün və ona pərəstiş edən alman vətəndaşlarının xeyriyyə fondu vasitəsilə maliyyələşən "HNG" "Milli-Siyasi Məhbuslara Yardımın Təşkili" mənasına gəlir. Onlar milli-siyasi məhbus adı altında hazırda bir sıra cinayətlərə görə həbsdə yatan öz həmfikirlərini və digər ekstremistləri nəzərdə tuturlar. Təşkilat ötən müddətdə bir çox dağıdıcı aksiyalar keçirmiş, ölkədə yaşayan digər milli azlıqlara qarşı aqressiya nümayiş etdirmişdir.
Eyni zamanda, rəsmi alman statistikasına görə, 1999-cu ildə yalnız Almaniyada irqçilik və əcnəbi düşmənçilikdən qaynaqlanan 10.037 hadisə təsbit edilmişdir. 2000-ci ildən 2011-ci ilə qədər olan müddətdə açıqlanan irqçilik hadisələri isə on minlərlə ölçülməkdədir.
Almaniya ombudsmanı korrupsiyaya
bulaşdığını etiraf etməlidir
Bütün bunlar isə, onu deməyə əsas verir ki, bu gün Avropanın gözü sayılacaq ölkə kimi dəyərləndirilən Almaniyada bu və digər hallarda zaman- zaman sosial ədalətsizlik, irqçilik kimi arzuolunmaz meyarlar daim üst səviyyədə dayanıb. Ölkənin hüquq müdafiəçiləri, mətbuatı, eləcə də, müvafiq təşkilatları həmin hallara qarşı mübarizədə passivlik nümayiş etdiriblər. Görünür, onlar da neonasit təşkilatların fəaliyyətini dəstəkləyirlər.
Bu baxımdan, "Eurovison" yarışmasının keçirilməsinə az qalmış müddətdə guya Azərbaycanda insan haqlarının vəziyyətinə dair qərəzli tənqidlər edən bəzi alman media qurumlarının hansı üzlə bunu etmələri Azərbaycan ictimaiyyətində ciddi təəssüf, kəskin qınaq və çoxlu suallar doğurur. Həmin suallardan biri də əlbəttə ki, Almaniyanın ombudsmanı Markus Löninqdir. Çərşənbə axşamı Berlində keçirilən mətbuat konfransında İnsan Haqları üzrə Avropa məhkəməsinin qərarlarının yerinə yetirilməməsini iddia edən Markus Löninq, yaxşı olardı ki, öz ölkəsində baş verən qlobal problemlərdən, insan hüquqlarının tapdanmasından, çıxarılan qərəzli məhkəmə qərarlarından, həmçinin, özünün bulaşdığı korrupsiya əməllərindən mətbuat konfransında toplaşmış jurnalistlərə məlumatlar verərdi.
Sonda isə bir daha vurğulamaq mümkündür ki, istər Almaniya olsun, istərsə də hər hansı digər Avropa dövləti olsun, onların bəzi siyasi-ictimai və mətbuat dairələrinin ölkəmiz haqqında formalaşdırmağa səy göstərdikləri qeyri-ciddi, qərəzli rəyləri, sözsüz ki, həmin tərəflərin real ifşası ilə nəticələnəcəkdir. Ona görə ki, dünya həqiqətlərinə real baxan onlar deyil, bizik. Və çünki Azərbaycanın inkişaf və tərəqqi reallıqları onların həzm edə bilməyəcəkləri səviyyədə yüksək məqamlarda qəbul olunur, qiymətləndirilir.
RÖVŞƏN NURƏDDİNOĞLU