Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu məşhur aktyorun - Həsənağa Turabovun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaradıb.
Belə bir sənətkarın - Həsənağa Turabovun bu gün doğum günüdür. O, 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Həsənağa Turabov bir çox əsərlərin qəhrəmanlarına səhnə həyatı verərək ədəbiyyatın daim diqqət mərkəzində olan insan problemini bütün çalarları ilə tamaşaçıların yaddaşına həkk edib. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı obrazlar sənətsevərlər tərəfindən daim dərin rəğbət və məhəbbətlə qarşılanıb.
Həsənağa Turabovun gəncliyindən yaratdığı rollar teatrsevərlərin qəlbinə asanlıqla yol tapmışdı. Dramatik aktyor idi. Yaratdığı obrazlarda həmişə bütövlük olardı. Adətən, baş rolları ifa edərdi. 1960-ci ildən Akademik Milli Dram Teatrında çalışırdı. Kimlərlə işləməmişdi: Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə qüdrətli sənətkarlarla tərəf-müqabil olmuşdu. Həsən Turabovun yaradıcılığında qəribə özünəməxsusluq var idi. "Mahnı dağlarda qaldı" tamaşasında Kamran onun ifasında necə də gözəl görünürdü. Gözəl diksiyası, səhnə hərəkətləri, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirmişdi.
Həsənağa Turabovun səhnədə yaratdığı rolları sadalamaqla qurtaran deyil. "Kəndçi qızı"nda Vahid, "Yaxşı adam"da Azər, "Hamlet"də Hamlet, "Orman qızı"da Lioneli, "Ölülər"də İsgəndər, "Xəyyam"da Xəyyam və s. Bu obrazların hər biri teatrın tarixində öz yeri, öz mövqeyi olan əsərlər və rollar idi. Həsənağa Turabov 60-80-ci illər Azərbaycan teatrına yeni bir ruh gətirmişdi. Onun oynadığı tamaşalarda qəribə nikbin bir ruh hakim olardı, tamaşaçı axıra kimi onun qəhrəmanlarının aqibətini gözləyərdi. Çılğın aktyor idi. Səsində də bir özünəməxsusluq duyulurdu. Həm də çox məhsuldar aktyor idi, gecəli-gündüzlü məşqlərdə, çəkilişlərdə, radio-televiziya verilişlərində işləməkdən yorulmazdı.
Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş etdirib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.
Kinoda da özgə bir aləm yaradıb. "Yeddi oğul istərəm" filmində Gəray bəyin misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Həsənağa Turabov bu rolundan söz düşəndə həmişə təvazökarcasına - "bu rejissorun seçimidir", - deyərdi.
Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi. Xalq artisti idi, xalq onu sevirdi. Hansı əyalətdə, hansı şəhərdə olurdusa, görüşünə minlərlə tamaşaçı yığılırdı. Kinonu da teatr qədər sevirdi. Hətta mənfi rolları da ustalıqla oynayırdı. O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.
Həsənağa Turabovun "Axırıncı aşırım", "Ürək... Ürək...", "Sevinc buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. Amma Kəbirlinskini ("Dantenin yubileyi") özgə bir gözəlliklə yaradıb. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. "Bəyin oğurlanması"nda rejissor rolunda çəkilmişdi. "Qaçaq Nəbi"ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsənağa Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olmuşdu.
Həsənağa Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda, mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
O, həm də gözəl təşkilatçı idi. Son illər Akademik Milli Dram Teatrına rəhbərlik etmişdi. Böyük bir kollektivin dərin rəğbətini qazanmışdı. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edildi, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyuldu. Axır vaxtlar xəstəliyi ona məhsuldar işləməyə imkan vermirdi. İşləmək istəyirdi, müsabiqələr, görüşlər təşkil etmək arzusunda idi. Bir də Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" faciəsində baş rolu oynamaq istəyirdi. Ömür vəfa etsəydi, hələ teatrımız, kinomuz üçün Həsənağa müəllim böyük işlər görəcəkdi.