Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında İKT ilə bağlı treninq kurslarına start verildi. Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycanın müasir mərhələdə yeni inkişafa doğru getdiyini söylədi. S.Əliyev onu da bildirdi ki, hazırda Azərbaycan gəncliyinə böyük diqqət yetirilir. Ölkəmizdə gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini deyən rayon təşkilatının sədri vurğuladı ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün Azərbaycan sürətlə inkişaf edir, bütün sahələr üzrə böyük uğurlar qazanır. Gənclər bizim gələcəyimizdir və ölkəmizin sabahı onlarla bağlıdır. Azərbaycan hökuməti gəncliyin inkişafı ilə bağlı vacib tədbirlər həyata keçirir, gənclərin yüksək təhsil alması, öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmək üçün müvafiq addımlar atır".
S.Əliyev bu gün, nəinki Azərbaycan, bütün dünya gənclərinin maraq göstərdiyi sosial şəbəkələrlə bağlı fikirlərini bildirərək, vurğuladı ki, ölkəmizin bütün gəncləri kimi, YAP-ı təmsil edən gənclər də bu sosial şəbəkələrdə fəal iştirak edirlər, müzakirələrə qatılırlar. Rayon təşkilatının sədri, həmçinin, onu da vurğuladı ki, bu gün hər bir Azərbaycan gənci virtual aləmin, İKT-nin imkanlarından istifadə etməlidir: "Bu gün real həyatda müşahidə olunmayan müxtəlif qərəzli məlumatlar çox asanlıqla virtual aləmdə öz əksini tapır. Tərifə görə, sosial şəbəkə sosial obyektlərdən ibarət olan qovşaqları birləşdirən sosial strukturdur. İnternetdə sosial şəbəkə interaktiv, çoxlu istifadəçisi olan veb səhifədir. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Hazırda sosial şəbəkələr içərisində ən populyarı 2004-cü ildə yaradılmış "Facebook" və 2006-cı ildə yaradılan "Twitter" hesab edilir".
S.Əliyev gənclərə onu da bildirdi ki, belə görüşləri keçirməkdə əsas məqsədimiz sosial şəbəkələrdə vətəndaş olaraq məsuliyyətimizi dərk etmək, həmçinin, üzərimizə düşən borcumuzu yerinə yetirmək üçün vəzifələrin müəyyənləşdirilməsidir. Tədbirdə fəal partiya üzvlərindən E.Fəttayev, N.Abdullayev, S.Nəcəfova və başqaları YAP-ın gənclərinin internetin imkanlarından maksimum yararlanmaq isiqamətində ciddi işlərin görüldüyünü vurğuladılar. Qeyd etdilər ki, bu cür treninqlər müasir dövrün tələblərinə və çağırışlarına uyğundur və bu hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Sonda müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Rəfiqə Hüseynova