Aprelin 21-də Səbail rayon icra hakimiyyətində Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Müşavirənin keçirilməsinin məqsədini açıqlayan YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, ənənəvi olaraq keçirilən bu cür tədbirlərdə görülən işlərə yekun vurulmaqla yanaşı, qarşıda duran vəzifələr müzakirə edilir, perspektivlər müəyyənləşdirilir: "Düşünürəm ki, bugünkü toplantıda da çox vacib məsələlər müzakirə ediləcək, YAP-ın yerli təşkilatlarının vəzifələri müəyyənləşdiriləcək. Bütövlükdə, Azərbaycanda ictimai-siyasi fəallığın kifayət qədər yüksək olduğu zamanda YAP-ın rayon və şəhər təşkilatlarına yeni təlimatların verilməsinə də ehtiyac var. Digər tərəfdən, partiyadaxili bir sıra məsələlərin də ciddi şəkildə müzakirəsi aparılacaq."
Ə.Əhmədov Milli Məclisdə "Siyasi partiyalar haqqında" qanuna əlavələrin edildiyini də xatırladaraq bildirdi ki, yaxın zamanlarda ölkə Prezidenti İlham Əliyev layihəni təsdiqləyəcək və qanun qüvvədə olacaq: "Bununla əlaqədar olaraq ölkəmizdə siyasi partiyaların rolu və yeri əhəmiyyətli dərəcədə artacaq. Digər tərəfdən partiyaların maliyyələşməsinə dövlət tərəfindən yardımlar ediləcək. Bunun özü də Yeni Azərbaycan Partiyasının fəaliyyətinə yeni məqamlar gətirir. Bu barədə də yerli təşkilatlarla fikir mübadiləsi aparılacaq. Bu kimi tədbirləri keçirməklə partiyanın yerli strukturları ilə mərkəzi icra aparatı arasında çox sıx əlaqələr qurur və bu da işimizə böyük faydalar gətirir."
Azərbaycanın bugünkü ictimai-siyasi durumu ilə bağlı fikirlərini bildirən YAP Sədrinin müavini Əli Əhmədov bu məsələnin partiyanın yerli strukturları tərəfindən daim diqqət mərkəzində saxlanıldığını söylədi: "Ölkəmizdə iqtisadiyyatın inkişafı, sosial sahədə həyata keçirilən islahatlar, insanların rifahının yaxşılaşması bütövlükdə ölkəmizdəki ictimai-siyasi ab-havanı müəyyənləşdirir. İctimai ab-havanın əsas qayəsini də ictimai-siyasi sabitlik təşkil edir. Ölkəmizdəki sabitlik Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin ölkədə həyata keçirilən iqtisadi islahatlara, sosial siyasətə, bütövlükdə dövlət siyasətinə münasibətinin bariz ifadəsidir. Sabitliyin digər parametri və əsası insanların öz güzəranından razılığının, məmnunluğunun ifadəsidir. Bu mənada, deyə bilərəm ki, həyata keçirilən siyasət, bu siyasəti həyata keçirən dövlət başçısı İlham Əliyevə münasibət ölkəmizdə sabitliyin başlıca əsasını təşkil edir. Azərbaycan vətəndaşları qəti şəkildə əmindirlər ki, ölkəmizdə həyata keçirilən siyasət tamamilə dövlətimizin, xalqımızın maraqlarına, mənafeyinə xidmət edir. Bu siyasətin həyata keçirilməsi nəticəsində ardıcıl olaraq insanların sosial rifah halı yaxşılaşır. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkədə aparılan siyasət insanlara xidmət etməlidir. Bu mənada, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan vətəndaşlarına xidmət etməsini sübut etmək üçün ayrıca dəlillər gətirməyə ehtiyac yoxdur. Ölkəmizin simasının dəyişməsi, yalnız paytaxt deyil, bölgələrin bu inkişafdan geri qalmaması daxili siyasətin uğurlarıdır. Ölkəmizin güclənməsi, qüdrətinin artması, iqtisadiyyatının inkişaf etməsi daxili siyasətdə olduğu kimi, ölkəmizin dünya birliyində də mövqelərini gücləndirir. Güman edirəm ki, bu sahədə də əsas hədəflər var. Bu hədəflərə çatmaq istiqamətində atılan addımlar və onların nəticələri göz qabağındadır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, dünyanın ən mötəbər musiqi müsabiqəsinin ölkəmizdə keçirilməsi, ayrı-ayrı ölkələrdə Azərbaycanın təbliğinə xidmət edən tədbirlərin təşkili dünya birliyində özünə layiqli yer tutmasından xəbər verir. Düşünürəm ki, ölkəmizdə ictimai-siyasi sabitliyi, bütövlükdə, ictimai ovqatı formalaşdıran çox ciddi amillərdən biri də bundan ibarətdir. Hər bir vətənpərvər insan öz ölkəsinin həm daxili siyasətdə, həm də dünya birliyində əldə etdiyi nailiyyətlərdən qürur hissi keçirir, milli ruhunu yüksəldir."
"Azərbaycan böyük yol keçib və qarşımızda mühüm vəzifələr dayanır" deyə bildirən Ə.Əhmədov qeyd etdi ki, bu vəzifələrin yerinə yetirilməsində YAP yaxından iştirak edir və bundan sonra da iştirak edəcək: "YAP-ın sıralarının sürətlə artması partiyanın həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Hər il partiyanın sıralarına 25-30 min yeni üzvlər daxil olur. Təbii ki, vətəndaşlarımız bu siyasəti dəsdəkləməsəydilər, onun həyata keçirilməsində yaxından iştirak etmək istəklərini ortaya qoymasaydılar, hər il bu qədər insan partiya sıralarına daxil olmazdı. 2011-ci ilin nəticələrinə görə Yeni Azərbaycan Partiyasının sıralarına 25 mindən çox üzv daxil olub. Bu sadə bir statistika deyil. Bu, çox ciddi ictimai-siyasi mövqedir. Güman edirəm ki, bu mövqe bundan sonra da davam edəcək. Bu uğurların əldə olunmasında Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti, xüsusilə, onların daha fəal hissəsi olan YAP-ın üzvlərinin rolu böyükdür. Hazırda partiyanın üzvlərinin sayı 560 minə yaxındır. Bu, böyük bir rəqəmdir. Düşünürəm ki, bir neçə ildən sonra partiya öz sıralarında 600 min nəfərin birləşəcəyi günü qeyd edəcək. Bu, Azərbaycan vətəndaşlarının Yeni Azərbaycan Partiyası ilə həmrəy olması, onun həyata keçirdiyi siyasəti dəstəkləməsi və müdafiə etməsi deməkdir."
O da qeyd edildi ki, Azərbaycanın uğurlarının artması, bütövlükdə, möhkəmlənməsi, regionun ən qüdrətli dövlətinə çevrilməsi, dünya birliyində mövqelərinin güclənməsi, ölkəmizin qarşısında geniş perspektivlərin açılması, bütün bunların hamısı Azərbaycanın dostlarını sevindirir. "Amma ölkəmizin uğurlarına sevinməyən və bundan təlaş keçirən qüvvələr də var. Onlar müxtəlif vasitələrlə Azərbaycana qara yaxmağa, uğurlarına qarşı böhtan atmağa, onların üzərindən xətt çəkməyə çalışırlar. Çox müxtəlif formalarda, istər xarici mətbuat orqanları, istərsə də qondarma təşkilatların reallığa əsaslanmayan hesabatları vasitəsilə Azərbaycana qarşı mübarizə aparırlar. Mən bunun Azərbaycan üçün ciddi bir fəsadlar törədəcək hadisə olduğunu düşünməzdim. Amma çox təəssüf hissi ilə qeyd etmək istərdim ki, bəzi xarici qüvvələrin Azərbaycana qarşı apardıqları pozuculuq işlərində, qarayaxma kampaniyasında, təxribatçılıq işlərində Azərbaycanda olan qurumlar, təşkilatlar, partiyalar və onların təmsilçiləri də yaxından iştirak edirlər. Radikal müxalifət partiyalarının apardıqları pozuculuq kampaniyası buna bariz nümunədir. Ölkəmizdə gələn ay "Eurovision" Mahnı Müsabiqəsi keçiriləcək. Azərbaycanın bir sıra siyasi partiyaları bu yarışmanı gözdən salmaq üçün bu istiqamətdə xaricdə təbliğat aparan qüvvələrlə birləşib, onlarla birgə fəaliyyət göstərir, demək olar ki, bir mərkəzdən idarə olunurlar. Təbii ki, bunu qətiyyətlə pisləyirik."
YAP Sədrinin müavini Ə.Əhmədov "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin Yeni Azərbaycan Partiyasını qane edib-etməməsi məsələsinə də aydınlıq gətirərək, partiyanın bu barədə fikirlərini dəfələrlə qeyd etdiyini vurğuladı: "Dünya praktikası buna istinad edir ki, dövlət tərəfindən siyasi partiyaların maliyyələşməsinə göstərilən dəstək ünvanlı sosial yardım deyil. Bu partiyaların fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Bu zaman başlıca meyar kimi siyasi partiyaların ictimai dəstəyi, ictimai müdafiəsi ideyalarından çıxış edilir. Yəni bunun da əsas göstəricisi bu və ya digər partiyanın parlamentdə təmsilçilik dərəcəsidir. Əgər biz həmin meyardan çıxış etsək, Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri içərisində təmsilçiliyi 84 faizdən yuxarıdır. Əgər biz dünya praktikasına istinad etsək, onda dövlət tərəfindən ayrılan vəsaitin təxminən bu qədəri Yeni Azərbaycan Partiyasının payına düşməlidir. Partiyaların maliyyələşməsi kriteriyasından çıxış etsək, bu, belə olmalıdır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası olaraq onunla razılaşırıq ki, bu gün Azərbaycan hökumətinin siyasi partiyaların maliyyələşməsi zamanı istinad etdiyi digər bir prinsip partiyalara daha çox maliyyə dəstəyi göstərmək istəyinin ortaya qoyulmasıdır. Belə olan halda YAP-a düşəcək payın bir hissəsi digər partiyalara bölünüb. Yeni Azərbaycan Partiyası bunu hökumət tərəfindən bir kompromis variant kimi ortaya qoyulmuş layihə hesab edir. Güman edirəm ki, indiki mərhələ üçün bu, məqbul variantlardan biri sayıla bilər. İstərdik ki, bütün cəmiyyət, o cümlədən də, hökumət maliyyəsindən faydalanacaq siyasi partiyalar da qəbul etsinlər ki, onların aldığı maliyyə dəstəyinin əhəmiyyətli bir hissəsi dünya praktikasına istinad ediləcəyi halda aparılacaq bölgü əsasında YAP-a düşən paydır."
Ə.Əhmədov siyasi partiyaların maliyyə məsələsinə də münasibətini bildirərək, söylədi ki, YAP hər il özünün maliyyə durumu barədə hesabatı mətbuat vasitəsilə ictimaiyyətə çatdırıb: "Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, heç bir partiya bu günə qədər özlərinin maliyyə durumları barədə məlumat verməyiblər. Ona istinad edirlər ki, ya onların maliyyəsi yoxdur, ya da azdır. Əgər maliyyələri yoxdursa, həqiqətdə onlar fəaliyyət göstərməsinlər. Siyasi partiya həm də hüquqi şəxsdir. Hər bir hüquqi şəxsə müəyyənləşən qanuni çərçivələr, eyni zamanda, siyasi partiyalara tətbiq edilir. Heç bir maliyyəsi olmayan siyasi partiya, əslində, fəaliyyət göstərə bilməz. Əgər fəaliyyət göstərirsə, demək, onun az da olsa maliyyəsi vardır. Maliyyə hesabatının verilməməsi, eyni zamanda, indiyə qədər mövcud olan "Siyasi partiyalar haqqında" qanunun tələblərinə, həm də digər normativ hüquqi aktların, qanunların tələblərinə ziddir. Bundan sonra siyasi partiyalar maliyyə hesabatını necə verəcəklər, bunu zaman özü göstərəcək. YAP maliyyə hesabatının təqdimatında şəffaflıq prinsipini öndə saxlayır. Bu, YAP-ın ölkəmizin qanunlarına, partiyanın üzvlərinə, bütövlükdə, Azərbaycan cəmiyyətinə hörmətinin ifadəsidir."
YAP Sədrinin müavini, millət vəkili Ə.Əhmədov, həmçinin, onu da vurğuladı ki, partiyanın hər bir yerli strukturunun üzərinə böyük məsuliyyət düşür: "Bu məsuliyyət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bundan sonra da uğurla davam etdirilməsində partiyanın hər bir üzvünün iştirakını təmin etməkdir. Partiyanın hər bir üzvü ölkədə geniş vüsət alan abadlıq- quruculuq, inkişaf proseslərinə öz töhfəsini verməlidir. Bütövlükdə, həyatımızda yeniləşmə prosesi geniş vüsət alır".
"YAP daim yeniləşmənin, müasirləşmənin, təkmilləşmənin tərəfdarıdır" fikrini söyləyən Ə.Əhmədov bildirdi ki, əldə olunan nailiyyətlərin kökündə də bu amilin rolu inkaredilməzdir: "Partiya hər dövrün tələbinə uyğun olaraq fəaliyyət istiqamətlərini müəyyənləşdirir və uğurlu nəticələr əldə edir. Əminəm ki, bundan sonra da qarşımızda duran vəzifələri yüksək səviyyədə yerinə yetirəcəyik."
Müşavirədə, həmçinin, qarşıda duran vəzifələrlə əlaqədar geniş fikir mübadiləsi aparıldı, partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verildi.
YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak etdilər.
RƏFİQƏ KAMALQIZI