PDF Oxu

Sosial

  • 10

RİMHİRK Bakı 1 şöbəsi hesabat verdi

RİMHİRK Bakı 1 şöbəsi hesabat verdi

Dünən "Aztelekom" İstehsalat Birliyində Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Bakı 1 şöbəsinin III konfransından ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirildi. Tədbirdə "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov çıxış edərək son illər rabitə və informasiya texnologiyaları sahəsində aparılan islahatlardan, əldə olunan uğurlardan danışdı: "Son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları çox yüksək sürətlə inkişaf etməkdədir.

Faktlara əsaslansaq, bu nailiyyətlərin nə qədər yüksək olduğunu görərik. Belə ki, MBD ölkələri arasında birinci olaraq 2008-ci ildə məhz Azərbaycanda ölkənin bütün yaşayış məntəqələri tam telefonlaşdırıldı. 2010-cu ilin sonunda respublikanın rabitə şəbəkəsinin əsasını təşkil edən kommutasiya avadanlıqlarının yeni elektron avadanlıqlarla əvəz olunması başa çatdırıldı. Kommutasiya şəbəkəsi tam elektronlaşdı, "Aztelekom" İB-nin şəbəkəsində SSRİ adlı tarixə qovuşmuş bir qurumun istehsal etmiş olduğu son avadanlıq - koordinat tipli ATS də müasir rəqəmsal tipli telefon stansiyası ilə əvəzlənməklə artıq tarixə çevrildi. Transmissiya şəbəkəsində DWDM avadanlıqları istifadəyə verildi, bu avadanlıqların bazasında birliyin regional İP-MRLS şəbəkəsi yaradıldı, NGN avadanlıqlarının şəbəkəyə bağlantısı DWDM İP şəbəkəsi üzərindən təşkil olundu. 2011-ci ildə Lənkəran-Lerik, Masallı-Yardımlı və Şəmkir-Gədəbəy fiber-optik kabel magistralının tikintisi başa çatdırıldı. Tikintisi 2001-ci ildə böyük hadisə hesab olunan fiber-optik kabel magistrallarının hazırda ümumi uzunluğu təqribən 5600 km təşkil edir. 500 km-ə yaxın optik kabel magistralları 2010-cu il, bir o qədər də 2011-ci il ərzində, 2012-ci ilin I rübü ərzində isə 600 km çəkilib, həyata keçirilmiş investisiya layihələri çərçivəsində istismara verilmişdir. Ötən il birliyin telefon şəbəkəsində zona kodları tətbiq olundu və şəbəkə tam olaraq 7 rəqəmli nömrələmə sisteminə keçirildi".

M.Məmmədov çıxışında ölkə Prezidenti İlham Əliyevin cənablarının Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında rabitə və informasiya texnologiyaları barəsində səsləndirdiyi "Biz internet dövründə yaşayırıq. Bu, reallıqdır və biz bu reallığa hazırıq. Azərbaycan o ölkələrdəndir ki, burada azad internet vardır. Bunu, bəzən bizi tənqid etmək istəyənlər unutmasınlar. İnternet istifadəçilərinin sayı getdikcə artır, 50 faizdən çoxdur. Biz indi hər bir kəndə, hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsinə çalışırıq və buna nail olacağıq" fikrini xatırladaraq bildirdi ki, hazırda respublikamızın hər bir rayonunda, kəndində, yaşayış sahəsində ilkin mərhələdə EATS-lərin yerləşdiyi kənd və qəsəbələrdə fiber optik kabellərin çəkilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərinin bu ilin sonuna qədər tam başa çatdırılması barədə "Aztelekom" İB böyük və məsuliyyətli öhdəlik götürmüş, bütün gücünü buna səfərbər etmiş, genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi üçün özəl sektora güzəştli şərtlərlə yeni imkanlar yaratmışdır.

Konfransın işində YAP Gənclər Birliyinin sədri Seymur Orucov inkişaf edən cəmiyyətimizdə həmkarlar ittifaqı təşkilatlarının rolundan danışaraq, "Aztelekom" İB Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin bu istiqamətdə fəaliyyətini müsbət qiymətləndirdi.

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Bakı-1 şöbəsinin sədri Bəylər Qurbanov şöbənin 2005-2012-ci illər ərzində gördüyü işlərin hesabatı ilə çıxış etdi: "Kollektiv üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi və onların mədəni-kütləvi işlərə cəlb edilmələrinə boş vaxtlarından mənalı istifadə etmələri məqsədilə konsertlərə, teatrlara, sirk proqramlarına tamaşa etmələri üçün şərait yaradılmış, bu tədbirlərə ümumilikdə 94340 manat məbləğində vəsait sərf olunmuşdur. Hesabat dövrü ərzində Bakı-1 şöbəsinin struktur təşkilatlarına 114 ədəd sanatoriya yollayışların 15 faiz qismən dəyəri "Aztelekom" İB tərəfindən Sosial Müdafiə Fonduna ödənilmişdir. "Aztelekom" İB üzrə hesabat dövrünü əhatə edən dövrlərdə əmək haqqı artımı olmuşdur. Hesabat dövrü ərzində bu sosial yönümlü ödəmələrə ümumilikdə 810725 manat məbləğində vəsait sərf olunub. Hesabat dövrü Bakı 1 şöbəsinin Rəyasət Heyətinin 351 iclası, Bakı-1 şöbəsinin müdiriyyətlə birgə 108 iclas keçirilmiş, bunlardan 46-sı əməyin mühafizəsinə, 16-sı Kollektiv Müqavilənin bəndlərinin icra vəziyyətinə, 6-sı payız-qış mövsümünə hazırlığa, 8-i gender bərabərliyi və qadın problemlərinin həlli məsələlərinə, 16-sı gənclərlə işin təşkilinə və onların cəmiyyətdəki mövqeyinə, 108-i əlavə maddi yardımların verilməsinə, yerdə qalanları isə idman tədbirlərinin, mədəni-kütləvi işlərin təşkilinə və fərdi ərizələrlə bağlı məsələlərə aiddir".

Sonra RİMHİRK Bakı-1 şöbəsinin təftiş komissiyasının hesabatı dinlənildi. Hesabatla bağlı çıxışlar oldu. Çıxış edənlər hər iki hesabatı qənaətbəxş hesab etdilər.

Sonda Bəylər Qurbanov yekdilliklə yenidən Bakı-1 şöbəsi sədri seçildi. Həmçinin, rəyasət heyətinin, təftiş komissiyasının və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III konfransına nümayəndələr seçildi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər