PDF Oxu

Sosial

  • 15

Çernobıl qəzasından 26 il ötür

Çernobıl qəzasından 26 il ötür

Dünən bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail rayon icra hakimiyyətində qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirildi. Mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, 1986-cı il aprel ayının 26-da Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom-Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur: "Hər il aprel ayının 26-da MDB, həmçinin, Şərqi Avropanın bir sıra ölkələrdə 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom-Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur.

Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, həmçinin, cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləmişdir. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. Ukrayna və Belorusiyada 300 min nəfər öz yaşayış yerlərini tərk etmişlər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan "Sarqofaq" əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunmuşdur. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdülər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunmuşdur. Hadisədən artıq 26 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər. Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi Sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılır, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir".

Toplantıda qeyd olundu ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 90 nəfərin 40-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son bir il ərzində rayonda 2 nəfər Çernobıl əlili mənzillə, 1 nəfər minik avtomobili ilə təmin olunmuş, 12 nəfər sanatoriyaya göndərilmişdir. Respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün Mingəçevir şəhərində xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin səyləri müsbət qarşılanmışdır. Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olundu.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər