PDF Oxu

Sosial

  • 9

“Gənclərdən çirkin əməlləri üçün istifadə edən radikalların əsas məqsədi ölkənin uğurlarına mane olmaqdır”

“Gənclərdən çirkin əməlləri üçün istifadə edən radikalların əsas məqsədi ölkənin uğurlarına mane olmaqdır”

Səs Tv-də yayımlanan "Gənc Baxış" rubrikasının növbəti qonaqları YAP Binəqədi rayon gənclər birliyinin üzvləri Niyaz Əliyev və Orxan Əlixanlı olub. Gənclər ölkədə gedən prosesləri dəyərləndirib, dövlət ərəfindən onlara göstərilən qayğını qiymətləndiriblər. Eyni zamanda, bu gün Azərbaycan əleyhinə səsləndirilən çağırışların arxasınca gedən və radikal müxalifətin əxlaqsız siyasətinin qurbanına çevrilmiş gənclərlə bağlı da müxtəlif fikirlər müzakirə edilib.


-Ölkədə gedən ictimai siyasi vəziyyəti bir gənc olaraq necə qiymətləndirirsiniz və sizcə, gənclərə göstərilən qayğını qənaətbəxş hesab etmək olarmı?


Orxan Əlixanlı:

-Bu gün Azərbaycandakı ictimai-siyasi prosesi təhlil etdikdə, sabitlik göz qabağındadır. İstənilən sahədə ölkəmizdə dinamik inkişaf var. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün bütün sahələrdə özünü göstərir. Bəlkə bir sıra sahələrdə problemlər var, amma bu, o demək deyil ki, ölkəmizdə ictimai-siyasi sabitlik pozulur. Bu gün Azərbaycanda elə bir sabitlik və inkişaf var ki, bunun qarşısının alınması və ya hansısa manelərin yaradılması qeyri-mümkündür. Gənclərə göstərilən qayğıya gəldikdə isə, bəli, bu gün ölkəmizdə gənclərə kifayət qədər qayğı göstərildiyi qənaətindəyəm. Ölkə Prezidentimiz də öz çıxışı zamanı neft kapitalının insan kapitalı ilə əvəz edilməsinin qarşımızda duran əsas vəzifə olduğunu bildirib. Buna görə də gənclər üçün xüsusi şərait yaradılıb və onların özlərini isbat etmələri üçün hər cür kömək göstərilir. Bu gün Azərbaycanda yalnız ali məktəb diplomu alanlar deyil, eyni zamanda, tələbələr də işlə təmin olunurlar. Yəni həm oxuyub, həm də işləmək bu dövrdə gənclərə göstərilən qayğının bariz nümunəsidir. Yəni onlar universitetdən kənarda qalan asudə vaxtlarını da boşa keçirmirlər.

Niyaz Əliyev:

-Hazırda 2011-2015-ci illər üzrə gənclər proqramını da nəzərə alsaq, görərik ki, gənclər üçün kifayət qədər şərait yaradılır. Düşünürəm ki, bütün gənclərin inkişafı, təhsil sahəsində irəliləyişlər qazanması üçün onlara lazımi qayğı göstərilir. Yəni bu gün dünya ölkələri ilə müqayisədə Azərbaycanda gənclər siyasəti ilə bağlı vəziyyət daha parlaqdır. Çünki gənclərin təhsil alması, işlə təmin edilməsi, pöroblemlərinə ciddi yanaşılması kimi məsələlər ölkəmizdə xüsusi önəm daşıyır. Lakin mən bütün bunlarla yanaşı, bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm. Dövlətin düzgün bünövrələrə əsaslanan gənclər siyasəti bəzən bütün məsələni həll etməyə kifayət etmir. Bəzən gənclərin özündə də hansısa təşəbbüs olmalıdır.


-Yəni gənclərin göstərilən qayğı qarşısındakı aktivliyi qənaətbəxş deyilmi?


Niyaz Əliyev:

-Bəli, düzgün qeyd etdiniz. Gənclərin bu gün göstərilən qayğı qarşısındakı aktivlikləri kifayət etmir. Yəni mən düşünürəm ki, bu məsələdə bir az da gənclərin günahı var. Bilirsiniz, üzərlərinə düşən məsuliyyəti bilməklə yanaşı, dərk etməlidirlər. Biz bu dövlətin gələcəyiyik. Ona görə də, bu dövlət üçün əlimizdən gələni etməliyik. Bu gün ölkəmizdə aktiv olan gənclər bir-birilərini tanıyırlar. Onlar yaxından ünsiyyət qurur və lazımi tədbirlərin görülməsində birgə fəaliyyət göstərirlər. Lakin bununla iş bitmir. Gənclər arasında bu sıradan kənarda qalanlar da var. Onlar öz vaxtlarını boş işlərə sərf edir, çayxanalarda və ya internet klublarda keçirirlər. Hətta passiv gənclər internet və sosial şəbəkələrdən də sadəcə əyləncə üçün istifadə edirlər. Bunun yerinə, onlar öz məsuliyyətlərini dərk edib hansısa fəal işlərdə yaxından iştirak etsələr, həm özlərinə xeyir vermiş, həm də dövlət tərəfindən gənclərə göstərilən qayğını dəyərləndirmiş olarlar.


-Sizcə dövlət tərəfindən göstərilən qayğı kifayət qədərdirsə, bəzi gənclərin narazılığının səbəbi nədir?


Orxan Əlixanlı:

-Bilirsiniz, əslində, gənclərin nədən narazı olmaları çox qəliz məsələdir. Çünki bütün bu saydığımız həqiqətlər qarşısında kimlərinsə nədənsə narazı olmaları ciddi sual doğurur. Düzdür, bu gün Azərbaycanda əvvəlki illərlə müqayisədə gənclərin inkişafı ciddi surətdə artıb. Artıq ölkə gəncləri müəyyən məsələlərdə öz fikirlərini bildirir və ictimai-siyasi prosesləri təhlil edə bilirlər. Lakin yenə də biz dövlət dəstəyində deyil öz fəaliyyətimizdə yanlışlıqlar axtarmalıyıq. Gənclərimizdə əsas problem isə onların özlərini əziyyətə vermək istəməmələri ilə bağlıdır. Yəni bu, çox ciddi məsələdir. Gənclərimiz bu məsələyə xüsusi önəm verməli və ciddi yanaşmalıdırlar.


-Sosial şəbəkələrdə gənclərin fəaliyyətindən danışdınız. Bu gün sosial şəbəkələrdə Azərbaycan əleyhinə fikirlər səsləndirən və çağırışlara qoşulan gənclər var. İstəklərini əməllərində büruzə verən bu gənclik sizdə təəssüf hissi doğurmurmu?


Orxan Əlixanlı:

-XXI əsrin internet əsri olduğu hamımıza məlumdur. İnsanlar bu gün sosial şəbəkələrdən çox geniş istifadə edirlər. Hətta sərhədlərimizdən kilometrlərlə aralıda yerləşən dövlətlərlə də bizi sosial şəbəkələr və internet imkanları qovuşdurur. Təbii ki, ölkəmizdə göz qabağında olan inkişaf bəzi ölkələri ciddi narahat edir. Bu isə konkret əməllərdə özünü ciddi formada büruzə verir. Azərbaycanda da bu cür gənc qruplarının olması ciddi təəssüf hissi doğurur. Yəni bir tərəfdə ölkənin ictimai-siyasi həyatında yaxından fəaliyyət göstərən gənclər yetişir, digər tərəfdə isə uğurlarımıza mane olmaq istəyən bir qrup öz fəaliyyəti ilə bu inkişafı ləkələməyə çalışır. Təbii ki, bu, heç də ürəkaçan vəziyyət deyil. Biz belə halların qarşısının alınması üçün əlimizdən gələni hər zaman etməli içimizdə olan belə gəncləri doğru yola cəlb etməliyik. Həmin gənclərin istəklərinə gəldikdə isə, bu, hələ də cavabı tərəfimizdən araşdırılan sualdır. Çünki onlar özləri nə istədiklərini bilmirlər. Sadəcə, bəzi müxalifət nümayəndələrinin istifadə etdiyi vasitəyə çevrilən bu gənclər artıq öz iradələrini itirmək ərəfəsindədirlər. Onlar sərbəst qərar vermə iradəsindən məhrum olunmuş formadadırlar. Sanki zəhərlənmiş olan bu cür gənclərdən də ölkəmizin gələcəyində hansısa inkişafameyilli addım gözləmək təbii ki, gülüncdür.


-Həmin gəncləri zəhərləyərək onlardan istifadə edən müxalifətin məqsədi, sizcə, nədir? Niyə məhz gənclər?


Orxan Əlixanlı:

-Bəli, bu gün radikal müxalifət nümayəndələri öz fikirlərini yeridə bilmək üçün əsasən gənclərin beyinlərindən və onların etirazlarından istifadə etməyə can atırlar. Çünki gənclər bizim, bu dövlətin gələcəyidir. Yəni gənclik elə bir silahdır ki, onlardan istifadə edərək, ölkənin bu gününü deyil, gələcəyini vurmaq hədəfi durur qarşılarında. Lakin unutmaq lazım deyil ki, bu gün Azərbaycan gəncləri arasında yolunu azmış bəzilərinin olması, bütün gənclərin zəhərlənməsinin mümkün olduğu anlamına gəlmir. Yəni gənclər bu gün ölkəmizdə yaradılan şəraiti və inkişafımız üçün çəkilən əziyyətləri görür və dəyərləndirir.

Niyaz Əliyev:

-Düşünürəm ki, proseslərin 70 faizi məhz sosial şəbəkələrdən asılıdır. Bayaq da qeyd etdiyim kimi, bu gün dünyanın bir çox yerində sosial şəbəkələr əsas rol oynayır. Ona görə də sosial şəbəkələrdə gənclərin yanlış yola çəkilməsi üçün müxtəlif tədbir görənlərin qarşısı alınmalıdır. Təbii ki, bu, onların daxili aləmləri və düşüncə tərzlərindən asılıdır. Əgər hansısa gənc özünü pula və hansısa miqdarda maliyyə yardımına satırsa, o zaman onlara ölkənin gələcəyi kimi yanaşmaq faydasızdır. Müxalifətin məqsəd və niyyətinə gəldikdə isə, bu, açıq-aşkar ortada olan həqiqətdir ki, bugünkü gənclikdən çirkin əməllər üçün istifadə edən radikalların əsas məqsədi ölkənin uğurlarına mane olmaqdır. Dünya praktikasında isə müxalifət ölkə daxilində olan yanlışlıqları və ya problemləri qabardaraq həllinə nail olmağa çalışan siyasətçi qrupu kimi tanınır. Azərbaycanda müxalifətin bu cür çirkin addımlarla nəyəsə nail olmaq istəyi, təbii ki, baş tutası deyil. Lakin yenə də bir gənc olaraq, bu, hamımızın milli-mənəvi vətənpərvərlik və vətəndaşlıq hisslərimizə toxunur.


Günay Məmmədova

Digər xəbərlər