PDF Oxu

Sosial

  • 11

GƏLƏCƏK AZƏRBAYCAN NAMİNƏ GƏNCLİK

GƏLƏCƏK AZƏRBAYCAN NAMİNƏ GƏNCLİK

Gənclik cəmiyyətin ən aktiv təbəqəsidir. Bu gün Azərbaycan gəncliyinə göstərilən qayğını, yaradılan şəraiti hər kəs görür. Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən istənilən tədbirlərdə gənclərin rolu getdikcə artmaqdadır. Bizlər bu gün Azərbaycan vətəndaşı, Azərbaycan gənci olmağımızla fəxr edir, qürur duyuruq! Bu qürur bizdə davamlı inkişafda olan, monolit bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qurulmuş, günbəgün inkişaf edən, bayraqları uca zirvələrə qalxan güclü və sivil bir dövlətdə, doğma Azərbaycanda yaşamağımızdan irəli gəlir.

Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Dövlətin gələcəyi və inkişafı gənclərin sağlam düşüncəsindən bəhrələnir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə, gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Bu siyasət çox geniş bir spektri- gənclərin təhsili, tərbiyəsi, intellektual və mənəvi inkişafı, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına öz töhfələrini verir. Biz gənclər bunu çox yüksək dəyərləndiririk.

Gənclər- cəmiyyətin ən həssas, hər an qayğıya və məsləhətə ehtiyacı olan bir hissəsidir. Bu baxımdan Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizdə hakimiyyətə gəldiyi gündən başlayaraq gəncliyə böyük diqqətlə yanaşmışdır. Ümummilli Lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək, onların sağlam ruhda tərbiyə olmaları və əsil vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirdi. 2 fevral 1996-cı ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi. Ümummilli Lider, bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik aktlarının formalaşdırılmasını da təmin etdi. Demək olar ki, bu gün ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin sütunlarını Ulu Öndər Heydər Əliyev yaratmışdır. Azərbaycan gənclərinin cəmiyyətdə rolunu artırmaq, onların ölkəmizin inkişafında iştirakını daha da gücləndirmək, gənclərin qərar qəbulu səviyyəsində iştirakını təmin etmək kimi vacib məsələlərin təməli də Ulu Öndər tərəfindən qoyulmuşdur.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxdı. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. 2007-ci ildə "Gənclər İli" çərçivəsində Azərbaycanda gənclərin rolunun bir daha artırılması və gənclərin önə çıxması üçün cənab Prezident ciddi addımlar atdı. Dövlət başçısının atmış olduğu addımlar və gənclərə verdiyi dəstək nəticəsində gənclərdə bir qədər də müsbət nəticə, fəallıq müşahidə edildi. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tuturlar. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan gənci öz bacarıq və qabiliyyətləri, imkanları ilə dünya ictimaiyyətinin diqqətini özünə çəkə bilmişdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır. Azərbaycan artıq dünyada özünü isbat etmək üçün daha da təşkilatlanır. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir.

Cənab Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında imzaladığı Sərəncama əsasən, bu gün icrasına başlanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da dövlətin biz gənclərə olan sonsuz diqqətinin nümunəsidir. Bu proqram, deyərdim ki, Azərbaycan gəncliyinin bu gün qarşılaşdığı və gələcəkdə qarşılaşa biləcəyi əksər problemlərin dövlət səviyyəsində həllinə yönəlmişdir. Bu gün bu məsələlərin daha geniş səpkidə inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin apardığı dövlət gənclər siyasətində özünü göstərməkdədir. Müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyur, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında iştirak edərək uğurlu nəticələrə imza atırlar. İdmançılar ölkəmizin idman şərəfini hər zaman uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırırlar.

Bu gün informasiya kommunikasiya və rabitə sahələrində, o cümlədən, "Aztelekom" İB-də çalışan gənclərin də qazandığı uğurlar göz qabağındadır və davamlı xarakter almışdır. Rabitəçilərin beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etməsi, idmanın müxtəlif növlərində qazanılan uğurları, respublikanın ən ucqar kəndlərində optikləşmə, internetləşmə, bu sahədə mütəxəssis hazırlıqları öz əhəmiyyətliyi ilə diqqəti hər zaman çəkmişdir. Respublika Prezidenti informasiya- kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolunun olduğunu da hər zaman söyləmişdir. Çünki bütün dünyanın elmi- texniki tərəqqisi məhz bu istiqamətdə inkişaf edəcəkdir. Rabitəçilər hər zaman mühüm uğurlara imza atmış, dövlət siyasətinə əməli işləri ilə cavab vermiş, beynəlxalq birliyin layiqli üzvünə çevrilmişdir.

Düşünürəm ki, dövlətin biz gənclərə göstərdiyi qayğı və diqqət bizim məsuliyyətimizi daha da artıracaq, ölkəmizin gələcək inkişafı üçün çiyinlərimizə ağır və şərəfli yük qoyacaqdır. İnanıram ki, biz öz fəaliyyətimizlə Prezidentimiz cənab İlham Əliyevin biz gənclərə olan inamını və etimadını, bu gün olduğu kimi, gələcəkdə də doğruldacağıq! Azərbaycan gəncliyi cənab Prezident İlham Əliyevin yürütdüyü daxili-xarici siyasəti dəstəkləyir və ölkəmizin işıqlı və parlaq gələcəyini məhz onun çiyinlərində görür! Gəncliyimiz Azərbaycan naminə sabahımızdır, vətənimiz naminə uğurumuzdur, bütövlüyümüz, dilimiz naminə zəfərimizdir! Demək, sabahımız, uğurumuz, zəfərimiz bizimlədir!

Digər xəbərlər