2011-ci ildə AMEA və respublikanın digər elmi mərkəzlərində görülmüş işlər, əldə edilən nailiyyətlərlə yanaşı, hələ də həyata keçirilməyən işlər və ciddi narahat edən problemlər, nöqsanlar çoxdur. Bu və ya digər məsələlər geniş şəkildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında müzakirə edilib. SİA-nın xəbərinə görə, iclasdan öncə Prezident Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyev və digər qonaqlar akademiyanın fəaliyyəti ilə bağlı nümayiş olunan sərgi ilə tanmış olublar.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirib ki, ötən il bütün sahələrdə olduğu kimi, elm sahəsində də ciddi nailiyyətlər əldə olunub. Dövlət başçıları tərəfindən gənc alimlərə, akademiklərə göstərilən diqqət və qayğı günü-gündən artmaqdadır. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrində, idarə və təşnkilatlanrında çalışan əməkdaşların ümumi sayı 9742 nəfərdir. Elmi işçilərin sayı 4709 nəfər, o cümlədən 539 nəfəri elmlər doktoru, 2079 nəfəri isə fəlsəfə doktorudurn. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibi 160 üzvdən ibarətdir: 55 həqiqi üzv, 105 müxbir üzv. Hesabat ilində Akademiyanın elmi müəssisələrində 157 problemin 485 mövzusu üzrə 1427 elmi-tədqiqat işi aparılıb və 160-a yaxın əsas elmi nəticə alınıb.
AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev görülən işlərin əsas nəticələri haqqında hesabat məruzə ilə çıxış edib. O bildirib ki, müxtəlif nazirliklər və dövlət şirkətləri nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar da koordinasiya olunub. AMEA-nın elmi müəssisələri tərəfindən 2011-ci ildə 71 Azərbaycan patenti və 3 xarici ölkənin patentləri alınıb. Azərbaycan patentini almaq üçün 65 iddia sənədi verilib. Akademiyanın alimləri tərəfindən hesabat ilində 493 kitab və monoqrafiya nəşr olunub, onlardan 36-sı xaricdə, 6148 məqalə, onlardan da 1910-u xarici jurnallarda (165-impakt faktorlu jurnallarda) çap olunub. 2011-ci il ərzində doktoranturaya 275 nəfər qəbul olunub. Hazırda doktorantların ümumi sayı 175- əyani, 140-ı qiyabi olmaqla 315 nəfərdir.
V. Fərzəliyev problemlərə də toxunub. O bildirib ki, hər kəsi narahat edən əsas məsələlərdən biri alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır: "Son illər respublika rəhbərliyinin elmə müntəzəm qayğısının nəticəsi olaraq akademiyada əmək haqqı bir neçə dəfə artırılıb. Lakin müasir bazar iqtisadiyyatı şəraitində mövcud qiymətlərlə müqayisədə bu səviyyəni qənaətbəxş hesab etmək mümkün deyil. Azərbaycan Milli Elmlər Akademiyasını son dərəcə narahat edən digər məsələ gənc istedadlı mütəxəssislərin akademiyaya axınının çox zəif olmasıdır. Heç kimə sirr deyildir ki, Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin orta yaş həddi yuxarıdır. İstedadlı gənclərin elmə gəlməməsinin əsas səbəbi sosial məsələlərin- ilk növbədə mənzil təminatı məsələsinin lazımi səviyyədə olmamasıdır. Bu məsələnin həllində bir amil də öz mənfi təsirini göstərir ki, o da gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılmasıdır".
Tədbirin davamında çıxış edən AMEA-nın vitse-prezident Nailə Vəlixanlı, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmərov və başqaları çıxış edərək fikirlərini bölüşüblər.
Bütün təklifləri dinləyən Prezident Administrasiyasının sədri, akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik hesabat yığıncağında qaldırılan məsələlər və irəli sürülən təkliflərə baxılacağını və təkliflərin ölkə rəhbərinə çatdırılacağını deyib. Tədbirin sonunda akademiyanın strukturuna dəyişiklik edilib, AMEA-nın 2011-ci ildə fəaliyyəti ilə bağlı hesabat səsə qoyularaq yekdilliklə qəbul edilib.