- Azərbaycanda mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışan bəzi qüvvələr var. Bu qüvvələrə maddi və ya mənəvi cəhətdən xarici təşkilatların dəstək verdiyini hansı faktlarla sübut etmək olar?
-Dünyada sabitliyi öz ölkəsində ikinci plana çəkmək istəyən dövlətlər yox dərəcəsindədir. Azərbaycan isə ölkəsindəki sabitliyə diqqət edən dövlətlər arasında xüsusi seçilənlərdəndir. Ölkəmizdə hökm sürən ictimai- siyasi sabitlik kimlərinsə çalışması və ya əl atdıqları ucuz yollarla pozulası deyil. Çünki bu gün xalq ölkə Prezidentinin apardığı siyasətin mahiyyətini dərk edə biləcək iqtidardadır. Bu gün millət arasında güclü vətəndaş birliyi mövcuddur. Ona görə də Azərbaycanda bu cür niyyətləri həyata keçirmək istəyənlər heç bir nəticə əldə etməyəcəklərini bilməlidirlər. Qərbin yeritdiyi siyasət isə hamıya məlumdur. Belə ki, Qərbin müsəlman dünyasında qarışıqlıq salmaq, guya demokratiya yaratmaq cəhdlərinin nəticələrini hamımız gördük. Müdaxilə etdikləri dövlətləri cəhənnəmə, xarabalığa çevirməkdən başqa heç nəyə nail olmadılar. Həmin dövlətlərin liderlərini öldürüb, xarabalığa çevirərək, ictimai-siyasi sabitliyini də pozdular. Beləliklə, hazırda həmin dövlətlərin milli sərvətlərini talan etmək üçün tam fürsət yaranıb. Azərbaycanda da sabitliyin pozulması cəhdinin arxasında məhz bu niyyət dururdu. Yəni bəzi qüvvələr ərəb baharının Azərbaycanda da yaşanmasına nail olmaq istədilər. Lakin Azərbaycan xalqı olduqca güclü və iradəlidir. Xalq ölkədə olan ən xırda problemin belə həlli üsulunu dövlətimizdən gözləyir və ölkə başçısının siyasətinə ümid edir. Azərbaycan xalqı qazandığımız müstəqilliyin qədrini bilir və bunu heç nəyə görə qurban verəcək qədər iradəsiz deyil. Azərbaycanda narazılığın yaranması üçün heç bir əsas yoxdur. Bu cür boş fantaziyalarla yaşamaq sadəcə müxalifətin özünə zərərdir. Onlar ölkədə aparılan uğurlu siyasəti görmürlər və mənfi niyyətlərinə qulluq edirlər. Bu da, təbii ki, Azərbaycanın uğur qazanmasını istəməyən bir sıra xarici dövlətləri sevindirir. Onlar müxalifət nümayəndələrinə süni nəfəs verərək, onları maddi cəhətdən təmin edərək istəklərini reallaşdırmağa çalışırlar. Çox təəssüf ki, süni nəfəslə aldatmağın olmur. Çünki müxalifət nümayəndələrinin də məqsədləri fərqli deyil. Yəni, müxalifət nümayəndələri ilə Azərbaycanda sabitliyi pozmağa çalışan xarici qüvvələrin niyyətlərinin kəsişməsi utancvericidir. Bu gün Azərbaycanda gedən quruculuq-abadlıq işləri, ölkəmizin daha da sürətlə inkişaf etməsi üçün görülən bütün tədbirlər xalqın gözləri qarşısında baş verir. Ona görə də belə cəhdlər əsla nəticə verə bilməz.
-Almaniyanın bəzi dairələri Azərbaycanın radikal müxalifət nümayəndələri ilə qapalı görüşlər keçirirlər. Sizcə, müxalifət nümayəndələri ilə belə qüvvələrin fikirlərinin kəsişməsinə səbəb nədir?
-Hamımız bilirik ki, dünyanı idarə etmək istəyən qüvvələr üçün Almaniya böyük rol oynayır. Yaşıllar hərəkatı vasitəsilə, əslində, Azərbaycandakı aktivliyi yoxlamağa çalışırlar. Yəni bir növ dövlət əleyhinə olan qüvvələrin üzə çıxarılmasına çalışırlar. Bununla yanaşı, Almaniyada böyük türk diasporası fəaliyyət göstərir. Onlar arasında PKK terror təşkilatının nümayənələri də var. Bu insanlar türk dilini bildiklərindən Azərbaycan diasporası üçün onlarla ünsiyyət qurmaq asandır. Lakin bu çoxluq içərisində Azərbaycanı, hətta Türkiyəni sevməyənlər az deyil. Həmin qüvvələrlə ünsiyyət vasitəsilə Türkiyənin parlamentinə, mətbuat orqanlarına, televiziyalarına çıxış əldə edirlər. Yəni Almaniyanın fəallığı təsirin nəticəsindədir. Digər tərəfdən Almaniya BMT TŞ-nin üzvü deyil, başqa dövlətlərdən siyasi cəhətdən çox geri qalıb. Buna görə də, Almaniya özünü var kimi göstərməyə can atır. Cənubi Qafqaz dövlətlərində kəşfiyyat xarakterli tədbirlər həyata keçirməklə sanki bir növ öz siyasətlərini gözə soxmaq istəyirlər. Lakin bu, hamıya məlumdur ki, Almaniya siyasəti ilə deyil, iqtisadiyyatı ilə tanınır.
-Tahir müəllim, ümumiyyətlə müxalifət nümayəndələri yeritdikləri siyasətlə öz məqsədlərinə çatacaqlarını düşünürlər? Yəni, sizcə, onlar özləri də bilmirlərmi ki məğlubiyyət alınlarına yazılıb?
-Mən belə düşünürəm ki, müxalifət nümayəndələri bu məğlubiyyəti dərk edirlər. Onlar nə qədər müraciət etsələr də, bunun xalq tərəfindən dəstəklənmədiyini görürlər. Məsələn, son mitinqdə hər iştirakçının özü ilə 5 nəfər gətirməsi ilə bağlı müraciət etmişdilər. Lakin göründüyü kimi, nə Azərbaycan xalqı, nə ziyalılar təbəqəsi heç kəs onların mitinqlərində iştirak etmir. Hətta əhalinin narazı təbəqələri belə kütləvi şəkildə gəlib o mitinqlərə qoşulmurlar. Çünki bayaq da dediyim kimi, xalq hər şeyi aydın görür və təhlil edir. Bu gün artıq müxalifətin mitinqlərində iştirak edənlər arasında öz istəyi ilə bura gələnlər yox dərəcəsindədir. Sadəcə, yaşlılardan, qadınlardan istifadə etməklə də heç nəyə nail olmaq mümkün deyil. Müxalifət nümayəndələri iki niyyət güdürlər. Bir tərəfdən var olduqlarını gözə soxmağa çalışır, digər tərəfdən də güclərini isbat etmək istəyirlər. Lakin belə bir güc mövcud olmadığından, onun varlığını da isbat etmək mümkün deyil. Müxalifətçilərin ətrafında xalq kütləsinin olmadığını özləri də yaxşı bilirlər. Ona görə də, onlar getdikcə radikallaşır, söyüşlər söyür və əxlaqsız siyasətə üz tuturlar. Müxalifət liderləri artıq tükəniblər. Bütün hadisələrin gedişi də bunu hər gün bir daha sübut edir. Xalqından istifadə edərək yüksəlməyə çalışan siyasətçidən nə gözləmək olar ki? Heç nə! Onlar sadəcə məhv olmuş şəxslərdir.
GÜNAY MƏMMƏDOVA