Dünən Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının təşəbbüsü ilə rayonun ayrı-ayrı bölgələrinin gənclərdən ibarət komandalarının iştirakı ilə voleybol turnirinə start verildi. Tədbir iştirakçıları ilk öncə rayon mərkəzində ucaldılan Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, onun əziz xatirəsini bir daha yad etdilər.
Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov açaraq bildirdi ki, Azərbaycan xalqı hər il Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününü yüksək təntənə ilə qeyd edir. Onun sözlərinə görə, Ulu Öndərimizin doğum gününə həsr olunmuş tədbirlər sırasında YAP Gənclər Birliyinin təşkil etdiyi idman yarışları xüsusi yer tutur: "Ümummilli Liderimiz Heydər Əliyev həmişə idmana böyük önəm verirdi. İdmanı gənclərimizin sağlam ruhda böyüməsi üçün vacib şərtlərdən biri sayırdı. Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev siyasətinə həmişə sadiq olduğunu isbat edib. Ulu Öndərə həsr olunmuş idman turnirlərində, yarışlarda YAP Gənclər Birliyinin üzvlərinin yüksək fəallıq nümayiş etdirməsi onu göstərir ki, bizim gənclərimiz Ümummilli Lider Heydər Əliyev siyasətinə böyük hörmət və ehtiramlarını nümayiş etdirir".
R.Muradov onu da söylədi ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan YAP hər zaman dövlətimizin inkişafı ilə bağlı məsələlərdə fəallığı ilə seçilib. Bu mənada YAP Gənclər Birliyinin üzvləri də hər zaman milli maraqlarımızın qorunması, inkişaf etdirilməsi işində fəallıq nümayiş etdirirlər: "Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan bu gün özünün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır. Bu inkişaf Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və ölkə Prezidenti İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində əldə olunur. Məhz bu uğurların nəticəsidir ki, ölkəmizdə yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətidir".
Tədbirdə YAP Gədəbəy rayon təşkilatının idarə heyətinin üzvü Məryəm Həsənova çıxışında bildirdi ki, tarixdə az ölkə tapılar ki, qısa müddət ərzində dünya birliyində yüksək mövqe qazansın: "Bunun nəticəsi olaraq Azərbaycan Respublikası 155 səslə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Azərbaycanın "Eurovision-2012" mahnı yarışmasına ev sahibliyi etməsi, bu ərəfələrdə BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, Azərbaycanın "Eurovision" günlərində müasirləşməsi, respublikamızın Avropa dəyərlərinə, müasir tələblərə uyğun yeniləşməsi daxili və xarici siyasətimizin uğuru deyilmi? Bu gün dünyanın bütün diqqəti Azərbaycana yönəlib. Bütün bunlar yalnız Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bugünkü və gələcək nəsilə miras qoyduğu siyasətin nəticəsində əldə olunmuşdur".
Görüşdə idmançıların nəzərinə çatdırıldı ki, YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin qərarına əsasən, 1,2 və 3-cü yerləri tutacaq komandalar üçün mükafatlar təsis edilmişdir. Həmçinin, qeyd olundu ki, respublikamızın hər bir bölgəsində olduğu kimi, Gədəbəy rayonunda da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-ci ildönümü ilə əlaqədar tədbirlər davam etdirilir.
Aytən Səmədova