PDF Oxu

Sosial

  • 10

Azərbaycan bayrağı Şuşada dalğalanacaq

Azərbaycan bayrağı Şuşada dalğalanacaq

Ölkə Prezidenti cənab İlham Əliyevin "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin iyirminci ildönümü haqqında" Sərəncamının icrası ilə bağlı paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda tədbirlər planı hazırlanmış, rayonun idarə, təşkilatlarından, orta və ali məktəblərində, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilir.

Dünən tədbirlər planı çərçivəsində Səbail rayon icra hakimiyyəti və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi ilə birlikdə "Sahil bağı"nda "Azərbaycan Xalqının Soyqırım Qurbanları" mövzusunda foto-sərgi təşkil olundu. Rayon rəhbərliyi, rayonun orta və ali məktəblərinin kollektivlərinin, müharibə veteranları və əlillərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə sərginin açılışı keçirildi, iştirakçılar mənfur ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı törədilmiş amansız soyqırımı hadisələrinin əks olunduğu fotolara baxdılar.

Eyni vaxtda "Sahil bağı"nda Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin Şuşanın işğalına etiraz aksiya keçirildi, iştirakçılar tərəfindən əhaliyə, xüsusilə, xarici vətəndaşlara Şuşa barəsində açıqcalar paylandı. Sonra tədbir Dövlət Gənc Tamaşaçılar Teatrında Səbail rayon icra hakimiyyətinin rəhbərliyi ilə rayonda məskunlaşmış Şuşa rayonundan olan məcburi köçkünlərlə görüşlə davam etdirildi. Görüşdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov hər bir azərbaycanlı üçün çox ağır bir hadisə olan Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalınından danışdı və Azərbaycan mədəniyyətinin beşiyi sayılan şəhərin tarixi, onun inkişafı barədə məlumat verdi. A.Əsgərov onu da bildirdi ki, 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul olunmuşdur: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldığı qeyd edilən Sərəncamda 1992-ci il mayın 8-də Şuşa şəhərinin təpədən-dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bildirilir. Qeyd edilir ki, Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər əsir düşmüş və girov götürülmüşdür. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etmiş, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtmış, məbədgah və məscidləri təhqirlərə məruz qoymuş, çox sayda nadir əlyazma nümunələrini məhv etmiş, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərmişlər".

Tədbirdə çıxış edən şuşalılar şəhərin işğalı ilə bağlı şahidi olduqları hadisələrdən danışdılar və bu gün dövlət tərəfindən onlara olan diqqətdən söz açaraq, doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini və bu istiqamətdə ölkə rəhbərinin səylərini dəstəklədiklərini bildirdilər.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Şuşa rayonundan olan məcburi köçkün ailələrinə RİH tərəfindən yardımlar təqdim olundu.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər