Filosofların təbirincə deyilsə, bəşəriyyət dahilərə, tarixi şəxsiyyətlərə möhtac olduğu qədər də onlara borcludur. Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Onların arasında zamanəsinin görkəmli lideri, dünya siyasətçiləri arasında fərqlənən Ulu Öndər Heydər Əliyevin hər kəsə nümunə göstərilən həyat yolu qətiyyət, siyasi iradə nümunəsi kimi diqqət çəkir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.
Müstəqilliyimizin ilk illərində ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz, öz şəxsi maraqlarını dövlətin, xalqın mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkədə xaos, anarxiya və özbaşınalığın geniş vüsət alması, torpaqlarımızın ardıcıl işğal edilməsi xalqın səbir kasasını doldurmuşdu. Belə çətin durumda xalq üzünü Naxçıvana-xilaskarı Ulu Öndər Heydər Əliyevə tutdu. Dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Tarixdə şəxsiyyətlərin rolunu daim önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir: "Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı- Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq... Azərbaycanda bu siyasətin alternativi yoxdur."
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili siyasəti nəticəsində ölkədə yaranmış sabitlik hərtərəfli inkişafı təmin etdi, Azərbaycana diqqət və marağı daha da artırdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır.
Müstəqilliyimizin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolu inkaredilməzdir. Ümummilli Lider bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən iqtisadi tərəqqiyə təkbaşına nail ola bilməz. 1994-cü ilin sentyabrın 20-də tarixə "Əsrin müqaviləsi" kimi daxil olan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 110 milyard dollara yaxındır ki, bunun da 40 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür. Bu fakt dünyanın Azərbaycanın bu gününə və sabahına inamının, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin təsdiqidir.
Ulu Öndər Heydər Əliyevin arzusu, amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. Bu gün Azərbaycanın beynəlxalq aləmdə dinamik inkişafa malik olan ölkə kimi tanınması, ölkəmizin iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü Ulu Öndərin həmin istəyini reallığa çevirmək üçün düzgün müəyyənləşdirdiyi siyasətin uğurlu davamının nəticəsidir. Neft strategiyasının əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri regional çərçivədən çıxaraq, qlobal xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi inkişafının, beynəlxalq aləmdə yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi. Eyni zamanda, "Əsrin müqaviləsi" olmasaydı, BTC və BTƏ neft-qaz kəmərləri, bunlar olmasaydı isə, "Cənub dəhlizi"ndən söhbət açmaq olmazdı. 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatmasının məhz 28 May Respublika Gününə təsadüf etməsinin rəmzi mənası olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, bu faktın özü dövlət müstəqilliyimizin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin böyük rola malik olduğunun təsdiqidir. Azərbaycan müstəqil siyasət yeritdiyini dünyaya nümayiş etdirərək, növbəti uğurlara yol açdı.
Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran Ümummilli Lider əsas vəzifə kimi demokratik dövlət quruculuğuna diqqət yetirdi. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi və təcrübədə özünü təsdiqləyən bu fikri həm də dövlətimizin həyata keçirdiyi siyasətin prioriteti oldu: "Demokratiya daim inkişafda olan prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır." Azərbaycanın demokratikləşmə strategiyası həm ölkəmizin demokratik nailiyyətlərinin miqyasını genişləndirdi, həm də demokratiya anlayışının cəmiyyətdə möhkəmlənməsi prosesinə öz töhfəsini verir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Ötən illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir.
Sözsüz ki, Azərbaycanın demokratiya yolu heç də hamar olmamışdır. Lakin bütün maneələri uğurlu siyasəti ilə dəf edən Ulu Öndər Heydər Əliyev bildirdi ki, demokratiya Azərbaycanın strateji kursunun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Demokratik cəmiyyətin mövcudluğunu şərtləndirən amillərin ölkəmizdə bərqərar olması istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycanın 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması demokratik dəyərlərə sadiqliyinin nümayişi olmaqla yanaşı, bu istiqamətdə yeni mərhələnin başlanğıcı oldu.
İnsan hüquqlarının qorunması dövlətin siyasətində əsas yer tutan istiqamətlərdəndir. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Milli Konstitusiyamızın maddələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə sisteminin fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.
Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiqlənməsi, 18 iyun 2007-ci il tarixli "Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında" Sərəncamı bir daha dövlətin siyasətində insan amilinin öndə dayandığını təsdiqləyir.
Bütün bunlar onu deməyə əsas verir ki, müasirləşmə, islahatları dövrün tələbinə uyğunlaşdırma dövlətimizin siyasətinin əsasını təşkil edir. Qeyd olunanlar əldə olunan uğurlarımızın çox az bir hissəsidir. Hər günü mühüm hadisələrlə yadda qalan Azərbaycan davamlı inkişaf yolunda inamla addımlayır.