İran istəyir ki, Azərbaycan onun dostları ilə dost, düşmənləri ilə düşmən olsun...
Dünən "Hilton" otelinin "Sevda" zalında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev ölkə və xarici mətbuat nümayəndələri ilə görüş keçirdilər.
"Eurovision-2012" müsabiqəsi ilə əlaqədar ölkəmizə 20 minə yaxın qonaq gəlib"
Əli Həsənov bildirdi ki, Azərbaycan bu gün çox mühüm və əlamətdar hadisəyə ev sahibliyi edir: "57-ci "Eurovision" mahnı yarışmasının ölkəmizdə keçirilməsi əhəmiyyətli hadisədir. Mahnı yarışması ilə əlaqədar Azərbaycana minlərlə qonaq gəlməkdədir. Onların əksəriyyəti mahnı yarışmasında iştirak edənlər, digər qismi müsabiqəni işıqlandıracaq mətbuat nümayəndələri, daha bir qismi isə bu bayram günlərində Azərbaycanda olmaq istəyənlərdir. Dövlətimiz bütün istiqamətlərdə bu yarışmaya ciddi hazırlaşıb. Təşkilat Komitəsi ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyəti, digər müvafiq dövlət qurumları üzərinə düşən bütün işləri lazımi səviyyədə həyata keçirib. Artıq sabahdan (bu gündən) yarımfinal yarışmaları başlayır. Bugünkü mətbuat konfransının keçirilməsində də əsas məqsəd ondan ibarətdir ki, ölkəmizdə çoxsaylı xarici jurnalistlər var. Onlarda respublikamızın daxili həyatı, ictimai-siyasi vəziyyəti, iqtisadi, xarici siyasəti ilə bağlı suallar yarana bilər. Bu sualları cavablandırmaq üçün mətbuat konfransının keçirilməsini məqsədəuyğun hesab etmişik."
Prezident Administrasiyasının rəsmisi Azərbaycan haqqında geniş danışmaq fikrində olmadığını qeyd edərək, bir neçə faktı diqqətə çatdırdı: "Azərbaycanın Cənubi Qafqaz regionunun üç dövlətindən biri olduğu, bu dövlətin ümumi insan resurslarının regionun insan resurslarının 70-75 faizini, iqtisadi potensialının isə 80-85 faizini təşkil etdiyi məlumdur. Dünyanı maraqlandıran bütün iqtisadi resursların Azərbaycanda cəmləşdiyini bilirsiniz. Azərbaycan 20 ildir müstəqil dövlət olaraq yaşayır. 20 ildə ölkəmizin iqtisadi, siyasi, sosial inkişafında müşahidə olunan məsələlər ətrafında sizləri düşündürən sualları cavablandıra bilərik."
Prezident Administrasiyasının rəsmisi Azərbaycan hökumətinin "Eurovision" müsabiqəsinin təhlükəsizliyi istiqamətində bütün tədbirlər, görüldüyünü vurğuladı: ""Eurovison-2012" Mahnı Müsabiqəsi ərəfəsində bəzi radikal dini çağırış və təhdidlər olub. Azərbaycan hökuməti təhlükəsizlik istiqamətində bütün tədbirləri görüb. Ümumiyyətlə, biz təhlükəsizlik tədbirlərini daim görürük, "Eurovision" mahnı yarışması öncəsi bilavasitə görmüşük. Düzdür, hansısa təhdidlərdən heç bir ölkə sığortalanmayıb. Biz Bakıya gələn turistlərin təhlükəsizliyinə zəmanət vermişik və veririk. Nə tədbir görmək mümkündürsə, görülüb və görürük".
"Gürcüstanda, eləcə də,
Azərbaycanda iki ölkə arasında münasibətləri korlamaq istəyən qüvvələr var"
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov son vaxtlar Gürcüstan kütləvi informasiya vasitələrində Keşikçi dağ məbədi ilə əlaqədar yazılara da aydınlıq gətirdi. Əli Həsənov Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa çalışan qüvvələrin olduğunu söylədi: "Qeyd edim ki, Keşikçi dağ məbədinin yerləşdiyi ərazi Azərbaycan ərazisidir. Təəssüflər olsun ki, bəzi dairələr Gürcüstan-Azərbaycan münasibətlərinin indiki vəziyyətindən narahatdır. Ona görə də Keşikçi dağ məbədi məsələsini qabardırlar". Onun sözlərinə görə, Gürcüstanda, eləcə də, Azərbaycanda iki ölkə arasında münasibətləri korlamaq istəyən qüvvələr var.
Elman Abdullayev: "Keşikçi dağ məbədi ilə bağlı məsələni
Gürcüstan kütləvi informasiya vasitələri şişirdir"
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə bu məsələnin Gürcüstan kütləvi informasiya vasitələri tərəfindən şişirdildiyini bildirdi: "Keşikçi dağ məbədi ilə bağlı məsələ hökumətlərarası komissiya tərəfindən həll olunmalıdır. Azərbaycanla Gürcüstan arasında bu məsələ ilə bağlı hər hansı problem və mübahisə yoxdur. Qeyd olunan məsələ iki ölkənin xarici işlər nazirləri arasında müzakirə olunur. Keşikçi dağ məbədi ilə bağlı məsələ hüquqi-normativ baza əsasında həllini tapmalıdır".
"Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq göstərmir"
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir sıra hüquq-müdafiə təşkilatlarının Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi fikirləri də şərh etdi: "Təkcə Azərbaycanın yox, beynəlxalq birliyin də öhdəlikləri var. İyirmi ildir Azərbaycan torpaqlarının iyirmi faizi işğal altındadır, təəssüf ki, beynəlxalq birlik öz öhdəliklərini hələ də yerinə yetirməyib və susmaqda davam edir".
Əli Həsənov bildirdi ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq göstərmir.
"İran istəyir ki, Azərbaycan onun dostları ilə dost,
düşmənləri ilə düşmən olsun, ancaq bizim öz müstəqil
xarici siyasətimiz var"
Prezident Administrasiyasının rəsmisi son zamanlar bir sıra hüquq-müdafiə təşkilatlarının Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi fikirləri belə şərh edib: "Son vaxtlar bir sıra hüquq-müdafiə təşkilatları, xüsusilə, Amnesty İnternational, Human Rights Watch, Almaniyanın bir sıra kütləvi informasiya vasitələri, son vaxtlar isə hətta "Guardian" qəzeti Azərbaycanın imicinə zərər verən, həqiqətə uyğun olmayan bəyanatlar yayır, materiallar dərc edir. Bu işlər mərkəzləşdirilmiş təbliğat xarakteri daşıyır. Deyim ki, son zamanlar "Eurovision" Mahnı Müsabiqəsi ilə bağlı Azərbaycana qarşı əks-təbliğat əsasən iki yerdən aparılır. Bunların biri İrandır. Olmayan şeylərdən danışırlar, məsələn, deyirlər ki, Bakıda gey-parad keçirirlər. Bununla bağlı biz İranı dəfələrlə xəbərdar etmişik. Mən bununla bağlı İrana səfər də etdim. Dedik ki, siz bizə müdaxilə etməyin, biz də sizə. Hər cümə namazından sonra anti-Azərbaycan şüarları ilə aksiyalar keçirirlər. Bilmirəm gey-parad onların beyninə haradan düşüb? Biz Azərbaycanda "Eurovision" mahnı yarışması keçiririk, gey-parad yox. Ümumiyyətlə, Azərbaycan dilində gey-parad sözü yoxdur, onlarda isə var".
Əli Həsənov onu da vurğuladı ki, İran Azərbaycan dövlətinin şiə dövləti olduğunu iddia edir: "Halbuki Azərbaycanda məzhəb məsələsində ayrı-seçkiliyə yol verilmir. Bizi hərə öz məzhəbinə çəkmək istəyir: vəhhabilər, nəqşibəndilər, nurçular və s. Ancaq biz Quranın, Peyğəmbərin təlqin etdiyi kimi müsəlman olmaq istəyirik".
Əli Həsənovun sözlərinə görə, İran istəyir ki, Azərbaycan onun dostları ilə dost, düşmənləri ilə düşmən olsun: "Ancaq bizim öz müstəqil xarici siyasətimiz var. İranın dostunun bizim dostumuz, düşməninin bizim düşmənimiz olması mütləq deyil. Eyni zamanda, biz Qərbin də anti-İran siyasətində iştirak etmirik. Həmçinin, Azərbaycan İranın, İran da Azərbaycanın hədəfində ola bilməz. İran müsəlman ölkəsidir, orada bizim 30 milyon soydaşımız yaşayır".
""Eurovision" Mahnı
Müsabiqəsi ilə bağlı
Azərbaycan dövlətinin gördüyü işlərdə, o cümlədən, "Baku Crystall Hall"ın tikintisində, xərclənən vəsaitlərdə heç bir qaranlıq məqam yoxdur"
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bəzi jurnalistlər, həmçinin, bəzi xarici kütləvi informasiya vasitələrinin Azərbaycanda 2005-ci ildən başlamış quruculuq işlərini "Eurovision" mahnı yarışması və insan hüquqları ilə bağlamasına da aydınlıq gətirdi: "Təəssüf ki, bəzi jurnalistlər, həmçinin, bəzi xarici kütləvi informasiya vasitələri Azərbaycanda 2005-ci ildən başlamış quruculuq işlərini "Eurovision" mahnı yarışması və insan hüquqları ilə bağlayırlar. Dünyanın hansı ölkəsində insanların köçürülməsi yoxdur? Dünyanın hansı ölkəsində şəhərin abadlaşdırılması, gözəlləşdirilməsi zamanı insanların bu və digər yaşayış məntəqəsindən digərinə köçürülməsi prosesi müşahidə olunmur?"
Əli Həsənov bildirdi ki, Azərbaycan dövləti bu proseslərin başlanğıcında qarşısına üç tələb qoyub: "Birincisi, köçürülən insanlara alternativ imkanlar verilsin. Yəni, onlara digər yerlərdə adekvat mənzil almaq üçün lazım olan pul vəsaiti verilsin. İkincisi, onlara digər ünvanlarda indikindən daha yaxşı mənzillər verilsin. Üçüncüsü, əgər insanlar bu şərtlərin heç birinə razı olmurlarsa, məhkəməyə müraciət edərək, digər haqlarını tələb etmək imkanı yaradılsın. Köçürülən 10 min adamdan 3 nəfəri tapıb davamlı şəkildə bizim üzümüzə dirəyir, mətbuat orqanlarında danışdırırlar. Ola bilsin ki, 10 nəfərin hüququ pozulub. Hətta 100 nəfər də tapa bilərsiniz. Amma 10 min adamın rahatlığı xətrinə, təəssüf ki, bəzən 3-4 adamın ənənəvi həyat tərzini pozmaq lazım gəlir".
Əli Həsənov onu da vurğuladı ki, "Eurovision" Mahnı Müsabiqəsinə cəmi 50 milyon manat xərclənib: "Qalan məsələlərin, işlərin "Eurovision" Mahnı Müsabiqəsinə aidiyyəti yoxdur".
"İki Azərbaycan şairinin İranda saxlanılması, sadəcə, ayıbdır"
Prezident Administrasiyasının rəsmisi İran tərəfindən iki Azərbaycan vətəndaşının saxlanması faktına da münasibət bildirərək, bu hadisədən təəssüfləndiyini vurğuladı: "İki Azərbaycan şairinin İranda saxlanılması, sadəcə, ayıbdır. Hər gün İrandan Azərbaycana minlərlə adam gəlir. Biz onların hər birinə casus kimi baxsaq, necə olar?! İki gənc şairin valideyninin həftələrdir nə çəkdiyini bir valideyn kimi düşünürəm. Heç olmasa, bir açıqlama versinlər".
Əli Həsənov bu məsələdə Azərbaycan KİV-nin passiv mövqe tutduğunu da söylədi: "İki şairin həbsilə bağlı aparılan kampaniya Anar Bayramlının həbsilə bağlı Azərbaycan KİV-lərinin apardığı kampaniyanın mində biri də deyil".
Elman Abdullayev də adıçəkilən məsələyə münasibət bildirərək, vurğuladı ki, Azərbaycanın İrandakı diplomatik missiyası hər gün bu məsələ ilə bağlı İran tərəfi ilə əlaqə saxlayır: "Lakin İran tərəfi hələ də iki Azərbaycan vətəndaşının saxlanması faktına rəsmi cavab verməyib. Bu məsələ ilə bağlı təmaslar yüksək səviyyədə davam etdiriləcək".
"Dövlət simvolları üzərində
düzəlişlər edilə, onun
emblemləri dəyişdirilə bilməz"
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri dövlət simvolları üzərində düzəlişlərlə də bağlı verilən suala aydınlıq gətirdi: "Dövlət simvolları üzərində düzəlişlər edilə, onun emblemləri dəyişdirilə bilməz. Doğrudur, bayrağın üzərində hər hansı kənar təsvirlərin çəkilməsi və digər yazıların yazılması dünyada qəbul edilib. Xüsusilə, idman yarışları, futbol çempionatlarında buna rast gəlinir. Bu, normal hal deyil və qəbul etmirik. Bir neçə gün əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbərliyi Azərbaycan bayrağı üzərində "Eurovision", "2012" sözləri yazılan nümunələrə rast gəlinməsindən öz narahatlığını bildirib".
PA rəsmisi onu da vurğuladı ki, satış köşklərində bu tipli materialların yayılması ilə bağlı müəyyən dövlət tədbirləri görülüb: "Amma kommersiya məqsədi ilə bu bayraqlar artıq o şəklə salınıb satılmışdı. Müəyyən əllərdə də var. Biz mümkün olan yerlərdən onları topladıq".
O, gələcəkdə bayrağın saxtalaşdırılması, onun üzərində hansısa təsvirlərin qoyulması ilə bağlı istifadəsinə qarşı qanunvericilikdə düzəlişlərin ola bilməsini də istisna etməyib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Xarici İşlər Nazirliyinin mətbuat katibi media nümayəndələrini maraqlandıran digər sualları da cavablandırdılar. Ümumi fikir bu oldu ki, Azərbaycan düzgün qurulan siyasətin nəticəsi olaraq biri-birindən əhəmiyyətli uğurlara imza atır. "Eurovision-2012" mahnı yarışması bir daha ölkəmizin təqdimatında mühüm rol oynayacaq.
RƏFİQƏ KAMALQIZI