Məlum olduğu kimi ötən həftə Avropa Birliyi (AB) Avropa Qonşuluq Siyasəti üzrə Azərbaycana dair fəaliyyət planı ilə bağlı hesabatını açıqladı. Hesabatda Azərbaycanla AB arasında sıx əməkdaşlığın mühüm təfərrüatları öz əksini tapıb, respublikamızın siyasi, iqtisadi, hüquqi, humanitar sahələrdə həyata keçirdiyi islahatlar təqdir olunur. Avropa ailəsinin üzvü olan Azərbaycanda həyata keçirilən demokratik islahatların bir çox sahələrdə idarəetmənin şəffaflaşmasına göstərdiyi mühüm təsir və digər amillər də AB-nin dəyər verdiyi başlıca meyarlar sırasında yer alıb. Xüsusilə də, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə hesabatda, ümumiyyətlə, AB-nin strateji planlarında xüsusi yer tutur.
Azərbaycanın Avropa üçün hansı siyasi və iqtisadi əhəmiyyətə malik ölkə olmasını real arqumentlərlə əsaslandıran ABŞ-ın enerji təhlükəsizliyi üzrə müstəqil eksperti, Kanadanın Karleton Universitetinin Avropaşünaslıq, Rusiyaşünaslıq və Avrasiyaşünaslıq İnstitutunun baş elmi işçisi Robert M.Katlerin qənaətinə görə, Azərbaycan Xəzər regionunun enerji resurslarının dünya bazarlarına çatdırılmasında dəhliz rolunu oynayır. Bu regionda müxtəlif dövlətlərin maraqları toqquşsa da, Azərbaycan balanslaşdırılmış və müstəqil enerji siyasəti yürüdərək, bütün tərəfdaşları ilə qarşılıqlı əməkdaşlıq qurub. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlində Azərbaycan diversifikasiya siyasəti həyata keçirməklə Qərb-Şərq enerji dəhlizinin müəllifinə çevrilib. Cənab Katler hesab edir ki, Xəzər regionunda yerləşən bəzi ölkələrin (Türkmənistan və Qazaxıstan) enerji nəqli ilə bağlı siyasətində Rusiyanın təsirləri hiss olunsa da, Azərbaycanın yürütdüyü enerji diplomatiyası rəsmi Bakının bölgədə müstəqil ixracatçı kimi mövqeyini möhkəmləndirib. Qazaxıstanın da Avropaya neft nəql etdiyini xatırladan mütəxəssis, buna baxmayaraq, rəsmi Astananın ölkəmiz kimi tam müstəqil ixracatçıya çevrilə bilmədiyini söyləyib. Onun fikrincə, ABŞ və Avropa Birliyi ölkələri ilə Azərbaycan arasında enerji əməkdaşlığına dair münasibətlərin ilbəil dərinləşməsinin başlıca səbəbi də respublikamızın Xəzər regionunun mərkəzi nöqtəsinə çevrilməsidir. İki gün Bakıda səfərdə olan və müxtəlif dövlət və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirən Robert M.Katler təəssüratlarını media işçiləri ilə bölüşüb. Amerikalı mütəxəssis deyib ki, Azərbaycan onda əsil inkişaf etmiş Avropa ölkəsi fikrini formalaşdırıb.
Avropa Qonşuluq Siyasəti üzrə Azərbaycana dair fəaliyyət planı ilə bağlı hesabatı şərh edən Avropa Birliyi (AB) Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia isə ölkəmizdə hüquqi demokratik islahatların ölkəmizin inkişafında xüsusi rol oynadığına daha çox diqqət çəkib. Cənab Kobia respublikamızda qəbul edilmiş yeni Gömrük Məcəlləsini, ədliyyə sahəsində fiziki infrastrukturun qurulmasını, xüsusilə, həbsxanalarda gigiyenik vəziyyətin daha da yaxşılaşdırılması işlərini alqışlayıb, viza sadələşdirilməsinə dair aparılan danışıqlarda müsbət dinamikanın olduğunu qeyd edib. Səfir Azərbaycan mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, korrupsiyaya qarşı mübarizə sahəsində nailiyyətlər əldə etdiyini yüksək dəyərləndirib.
Bu gün bütün nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin qənaətinə görə, Azərbaycan hökuməti korrupsiyaya qarşı sistemli islahatlar aparan ölkədir. Ölkəmizin inkişafını sürətləndirən amillərdən biri də korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü islahtalardır. Əgər bu sahədə həyata keçirilən tədbirlərin ardıcıllığına diqqət yetirsək, Azərbaycanın seçdiyi strategiyanın uğurlu olmasının şahidi olarıq. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində güclü normativ hüquqi baza yaradılıb, dövlət qulluqçularının etik davranış kodeksləri qəbul edilib. Azərbaycan BMT-nin Korrupsiya Əleyhinə Dəstək Konvensiyasına qoşulan ilk dövlətlərdən biri kimi korrupsiyaya qarşı mübarizə sahəsində zəruri islahatları həyata keçirir. Konvensiyanın tətbiq olunması Azərbaycanda antikorrupsiya strategiyasının tərkib hissəsidir.
Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyətinin rəhbəri Martin Kreutner, bir müddət əvvəl, Azərbaycana səfəri zamanı beələ bir bəyanatla çıxış etmişdi: "Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində konkret addımlar atır. Dövlət prinsipial məsələ kimi bu istiqamətdə güclü iradə nümayiş etdirir. Korrupsiyaya qarşı sistemli tədbirlərin gücləndirilməsi ölkənin milli inkişafının sürətlənməsinə təkan verən başlıca amillərdəndir. Korrupsiyaya qarşı təsirli və sistemli mübarizə azad rəqabət mühitinin formalaşması, şəffaflığın təmin olunması, iqtisadiyyatın sürətli inkişafına stimul verir, eyni zamanda, iqtisadiyyatın çoxşaxəli inkişafı və sosialyönümlü islahatların dərinləşməsinə səbəb olur. Azərbaycan BMT-nin korrupsiya ilə bağlı konvensiyalarına qoşularaq, hazırda Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv olmaq üçün davamlı səylər göstərir. Hökumətin bu qətiyyətini və prinsipilallığını yüksək qiymətləndirmək olar".
BMT-nin ölkə üzrə nümayəndəliyinin rəhbəri Fikrət Akçura da bu qənaətdədir ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində böyük uğurlar əldə edib. Bu siyasət regionlarda da öz səmərəli nəticələrini göstərməkdədir. Respublikanın hər bir yerində vətəndaşların maarifləndirilməsi səviyyəsi artır, onların korrupsiyanın törədə biləcəyi fəsadalarla bağlı bilikləri yüksəldiyindən, vətəndaşlarda mübarizlik yaranıb, bölgələrdə sahibkarların bu prosesdə fəallığı artıb. Artıq cəmiyyətin hər bir üzvü korrupsiyanın qarşısının alınmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu yaxşı anlayaraq, bu sahədə daha fəal olmağa çalışırlar. Çünki cəmiyyətdə korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin inam mövcuddur.
"Şəffaflıq-Azərbaycan" təşkilatı hesab edir ki, Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradə nümayiş etdirir. Təşkilat Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi, şəffalığın təmin edilməsi və digər tədbirlərlə bağlı davamlı tədbirlərin həyata keçirilməsini təqdir edir.
Korrupsiyaya qarşı mübarizənin digər mühüm istiqamətlərdən biri də inzibatçılığın möhkəmləndirilməsidir. Bununla əlaqədar olaraq, ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş "Elektron Azərbaycan" Dövlət Proqramıdır. Elektron xidmətlərin tətbiqi ilə bağlı çox geniş layihələr həyata keçirilib, daim yeniliklərin tətbiqinə xüsusi diqqət yetirilir. Elektron xidmətlərdən istifadə müasir dövrün sosial sifarişidir. Bu gün dövlət orqanları sosial sosial sifarişin yerinə yetirilməsində vətəndaş cəmiyyəti instititutları ilə, QHT-lərlə dəstək verərək, onlarla sıx əməkdaşlıq edərək, çox mühüm uğurlara nail olublar. Bu tendensiya isə hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində çoxsistemli və uzunmüddətli bir strategiyaya malik olduğunu göstərir.
"Səs" Analitik qrupu