PDF Oxu

Sosial

  • 40

Azərbaycan daha böyük və kütləviliyi ilə seçilən beynəlxalq tədbirlər keçirməyə qadir olan qüdrətli dövlətdir

Azərbaycan daha böyük və kütləviliyi ilə seçilən beynəlxalq tədbirlər keçirməyə qadir olan qüdrətli dövlətdir

57 illik tarixi olan "Eurovision" Mahnı Müsabiqəsinə 2008-ci ildən qoşulan Azərbaycan səsvermələr nəticəsində hər dəfə yüksək göstəricilər əldə etməklə, artıq bu layihənin qalibi adına iddiaçı olduğunu qətiyyətlə ortaya qoymuşdu. Ötən il isə 43 ölkə arasında təmsilçilərimiz 221 xal qazanmaqla ölkəmizin adını "Eurovision" Mahnı Müsabiqəsi tarixinə qalib ölkə kimi yazmağa müvəffəq oldular. Bununla da ölkəmiz növbəti yarışmaya ev sahibliyi etmək hüququna sahib oldu. Elə həmin andan, bu günə kimi "Eurovision" ilə nəfəs alan Azərbaycan möhtəşəm, tayı-bərabəri olmayan, əsrarəngiz bir şou ilə tarixin ən gözəl təşkilatçılığına qürurla imza atdı. Bununla da "Öz məşəlini alovlandır" ("Light your fire") şüarı altında bütün dünyanın musiqisevərləri qonaqpərvər Azərbaycan xalqının dostluq, mədəniyyət məşəlinin başına toplandı.

Bütün dünyanın diqqəti Şərqlə Qərbi birləşdirən Odlar Yurdu Azərbaycana yönəldi. Azərbaycan paytaxtının gözəlliyi və qədimliyi, milli kulinariyamızın məftunedici dadı və ləzzəti, xalqımızın qonaqpərvərliyi, mehribanlığı qonaqları məftun etdi.

Təbii ki, ilk və ən böyük təşəkkür Azərbaycanı bu qədər ali səviyyəyə gəlib çatmasında, xaricilərə fəxrlə təqdim etdiyimiz vətənimizin abadlaşmasında, inkişafında müstəsna və əvəzsiz xidmətləri olan Prezident İlham Əliyevə düşür. Məhz onun gərgin, yorulmaz, davamlı əməyinin nəticəsidir ki, bu gün belə bir Azərbaycanın vətəndaşı olmağımızla hər birimiz qürur hissi keçiririk.

Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, mahnı müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın da gördüyü mükəmməl işlər "Eurovision"un möhtəşəmliyinə füsunkar rənglər qatdı. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsinin fəaliyyəti nəticəsində müsabiqəyə hazırlıq işləri ilə yanaşı, "Baku Crystal Hall"un inşası da qısa müddətdə uğurla tamamlandı.


MTN əməkdaşlarının keçirdikləri xüsusi əməliyyatlar bir daha sübut etdi ki, Azərbaycan istənilən təhlükəyə qarşı mobil, çevik və peşəkarlıqla cavab verməyə hazırdır


Təbii ki, burada paytaxtımızın və qonaqlarımızın təhlükəsizliyində önəmli yer tutan güc strukturlarının fəaliyyətini də vurğulamaq labüddür. "Azərbaycan regionun ən təhlükəsiz ölkələrindəndir. İnterpolla Azərbaycan arasında əməkdaşlıq çox yüksək səviyyədə qurulub". Bu sözləri İnterpolun baş katibi Ronald Noubl deyib. Noubl Azərbaycanda təhlükəsizliyə dair aparılan tədbirləri və DİN heyətinin peşəkarlığını yüksək qiymətləndirib. İnterpol təmsilçisi hesab edib ki, təhlükəsizliklə bağlı müasir avadanlığın tətbiq edilməsi sahəsində də Azərbaycan birincilər sırasındadır. Ronald Noubl "Eurovision-2012" Mahnı Müsabiqəsində görülən təhlükəsizlik tədbirlərini də yüksək qiymətləndirib. Bu qiyməti sıradan biri deyil, İnterpol kimi mötəbər təşkilatın rəhbəri verib. Buna görə də DİN, MTN orqanlarının, xüsusi xidmət orqanlarının fədakar əməkdaşlarına bundan sonra daha böyük uğurlar diləmək olar.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının müsabiqəyə qədər keçirdikləri xüsusi əməliyyatlar bir daha sübut etdi ki, Azərbaycan istənilən təhlükəyə qarşı mobil, çevik və peşəkarlıqla cavab verməyə hazırdır.

Lakin təəssüflər olsun ki, müsabiqə dövründə bəzi maraqlı dairələrin fəallaşa biləcəyi, açıq formaya keçəcəyi əvvəlcədən görünürdü. Bu gün vəziyyətin təhlili göstərir ki, "Eurovision"u siyasiləşdirmək istəyənlər qaranlıq hədəflərinə çata bilmədilər. Tədbiri, ümumiyyətlə, pozmaq, dayandırmaq, Azərbaycanın imicini ləkələmək, siyasi şou düzəltmək, özlərini tanıtmaq kimi addımlar nəticə vermədi. Təsadüfi deyil ki, "Demokratiya üçün oxu!" kampaniyası Bakının mərkəzində cəmi 50 nəfərlə "demokratiya" uğrunda mübarizə aparanların olduğunu göstərdi. Təbii ki, bu, elə Avropanın özündə "Böyük Səkkizlər"in zirvə görüşlərinə, yüzlərlə beynəlxalq tədbirlərə etiraz edən yaşılların, antiqlobalistlərin aksiyalarının yanında çox kiçik göstəricidir. Amma suallar hələ də öz mövcudluğunu saxlamaqdadır.

Sözsüz ki, işğalçı Ermənistan heç bir siyasi məqsəd güdülməyən, ancaq musiqi, mahnı bayramı, həmrəylik, dostluq məqsədi daşıyan bir nüfuzlu mədəniyyət tədbirini boykot etməklə, yarışmaya təmsilçi göndərməkdən imtina etməklə, qarşılıqlı anlaşma və dialoqa hazır olmadıqlarını bir daha sübut etdi. Yarışmaya təmsilçi göndərib-göndərməmək hər ölkənin öz işidir. Lakin bir var, sadəcə, yarışmada iştirak etməyib, sakitcə kənarda dayanasan və izləyici olasan. Biri də var ki, iştirak etməyə-etməyə kənardan yarışmaya qara yaxmağa, ev sahibinin işini pozmağa çalışasan.

Bu, düşməndir: mövqeyi, əxlaqı və iyrənc siyasəti bəlli olan işğalçı Ermənistan. Bəs özlərini "azərbaycanlı" adlandıran, öz içimizdən olan xəyanətkarlara nə gəlib?


Gülünc və istehzadoğurucu faktlar


İlk öncə, dağıdıcı müxalifət liderlərinin mahnı müsabiqəsində iştirak edən hər hansı bir müğənninin deyəcəyi sözə ümid etməsi gülünc, istehzadourucu bir faktdır. Bəs niyə, özlərini "siyasətçi" adlandıran, "vətənpərvərlikdən" danışan, "milləti uğrunda canlarını fəda etməyə hazır olan", insan haqlarından dəm vuranlar, o cümlədən, bəzi səfirliklərin nümayəndələri bir milyondan artıq qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarını heç dilə gətirmək istəmədilər, amma Azərbaycanı nüfuzdan salmaq üçün nə mümkün idisə onu etdilər? Hansı səbəbdən?!

Digər tərəfdən, Azərbaycan üçün həssas bir məqamda qonşu İranın qərəzli davranışı da ictimaiyyətin kəskin qınağı ilə üz-üzə qaldı. Çünki bu kimi xəyanətkar davranış nə qonşuluğa, nə də müsəlmançılığa yaraşır. Amma təəssüf ki, Azərbaycan bu dəfə də cənub qonşusunun növbəti şantajı ilə üz-üzə qaldı. Ancaq bu məkr də ayaq tutub yerimədi.

Xaricdə yaşayan həmvətənlərimiz və Azərbaycanın hər bir dostu ölkəmizlə fəxr edə bilər. Belə mötəbər tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsi iki amili sübut edir: Azərbaycan bütün sahələrdə böyük irəliləyişlər əldə etmişdir və ölkəmiz nəinki "Eurovision" Mahnı Müsabiqəsində qalib gəlməyi, eyni zamanda, bu yarışmaya mükəmməl şəkildə ev sahibliyi etməyi bacarır. Azərbaycan yeni görkəmini əvvəl Avropaya, sonra da bütün dünyaya tanıtma fürsətindən sona qədər çox yaxşı istifadə etdi. Və Azərbaycan artıq daha böyük, daha nəhəng kütləvi beynəlxalq tədbirlərin keçirilməsi üçün nələrə qadir oluğunu sübut etdi.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər