Məlum olduğu kimi, "Eurovision-2012" yarışmasına Azərbaycan ev sahibliyi etdi. Bu məsuliyyəti üzərinə götürən və öhdəsindən layiqincə gələn Azərbaycan dünya arenasında varlığını bir daha sübut etdi. Milli-mənəvi dəyərlərə daim hörmətlə yanaşan Azərbaycan "Eurovision-2012" yarışmasını yüksək səviyyədə təşkil etməklə yanaşı, öz qədim tarixini, zəngin mədəniyyətini təbliğ etdi. Ümumilikdə, "Eurovision-2012" münasibətilə ölkəmizə gələn bütün xarici vətəndaşlar Azərbaycandakı inkişafı gözləri ilə əyani surətdə gördülər. Çünki gələn qonaqlar arasında illər öncə Azərbaycanda olanlar da var idi. Yeni mərhələdə ölkədə gedən surətli inkişafı görənlər heyrətləndi. Daha çox xarici jurnalistlərin diqqətini çəkən Azərbaycan haqqında müsbət fikirlər, rəylər formalaşdı. "Eurovision-2012" yarışmasında obyektivliyin, şəffaflığın, ümumiyyətlə, təhlükəsizliyin tam təmin olunması demokratik ölkə imicini bir daha sübut etdi.
Ümumiyyətlə, "Eurovision-2012" ərəfəsində baş verən hadisələrlə bağlı müsahiblərim maraqlı fikirlər səsləndirdilər.
Millət vəkili Məlahət Həsənova: "Bu yarışmaya mane olan, qarışıqlıq yaratmaq istəyənlə ən böyük cavabımız "Eurovision-2012" yarışmasını yüksək səviyyədə keçirməyimiz oldu"
"Eurovision-2012" Mahnı Müsabiqəsi ölkəmizdə yüksək səviyyədə təşkil olunub keçirildi. Qısa zamanda həyata keçirilən işlər inanılmaz idi. Amma bütövlükdə ölkəmizin hazırlaşdığı bu möhtəşəm yarışmadan heç bir şəxs narazı getmədi. Bununla yanaşı, qeyd edim ki, Azərbaycanı istəməyən bir sıra qüvvələrin yarışma ərəfəsində Azərbaycana təxribatçılıq niyyəti ilə gələn qüvvələrin arzuları ürəyində qaldı və bu, hər zaman belə olacaq. Azərbaycan hər zaman nəticə ilə özünü göstərib. Azərbaycanın beynəlxalq səviyyədə yürütdüyü siyasət hər zaman ədalətlilik prinsipinə əsaslanıb. Bu yarışmaya mane olan, qarışıqlıq yaratmaq istəyənlə ən böyük cavabımız "Eurovision-2012" yarışmasını yüksək səviyyədə keçirməyimiz oldu. Elə bir yarışma ki, bu günə qədər dünyanın heç bir yerində belə təntənəli keçirilməmişdi. Çox təəssüflər olsun ki, bir neçə yaramaz beynəlxalq səviyyəli mətbuat orqanları bu yarışma ilə bağlı xoş sözlər yazmadı. Amma bütövlükdə dünya mətbuatının sayılıb-seçilən orqanları kifayət qədər razılıq nümayiş etdirdilər. Sevindirici haldır ki, ölkəmizdə "Eurovision"a hazırlıq müddətində 20 ildə görüləcək işlər 1 ildə başa çatdırıldı. Ümumilikdə, yarışma üçün hazırlanan yer təkcə Azərbaycan üçün yox, bütün dünya dövlətləri üçün arena oldu. İstər daxili, istər xarici anti-milli qüvvələrin Azərbaycanda həyata keçirmək istədikləri bütün cəhdlərin hamsı iflasa uğradı. Çünki Azərbaycanda möhkəm sabitlik mövcuddur. Buna kölgə salmaq mümkün deyil.
Millət vəkili Fəzail Ağamalı: "Eurovision-2012" yarışmanın keçirilməsində öz istedadı, bacarığı və qabiliyyəti ilə xüsusi əmək sərf edən Mehriban Əliyevanın zəhməti böyükdür"
"Eurovision" Azərbaycanda keçirilməsi mahiyyətcə çox ciddi bir hadisə kimi qiymətləndirilməlidir. Qısa zaman kəsiyində bu musiqi yarışmasına qoşulan Azərbaycan məhz bu cür qələbəyə doğru gedirdi. Keçənilki təmsilçilərimizin qazandığı böyük uğur və bu müsabiqənin bu il Azərbaycanda keçirilməsi bütün Azərbaycan vətəndaşlarını sevindirdi. Lakin bununla bərabər Azərbaycanı istəməyən, onu sevməyən və düşmən münasibəti bəsləyənləri isə xeyli dərəcədə qıcıqlandırdı, narahat etdi. Eldarın və Nigarın qələbəsindən başlayaraq, "Eurovision-2012" Mahnı Müsabiqəsi başa çatana qədər ən müxtəlif qüvvələr onun keçirilməsinə mane olmağa çalışdılar. Erməni lobbisinin təsiri altında olan Avropanın bir sıra mediası, ayrı- ayrı siyasətçiləri, İran və Azərbaycanda anti-milli qüvvələrin bir koalisiyası yarandı. Bu koalisiya anti-Azərbaycan təbliğatına geniş şəkildə yer ayırdı. İftira, böhtan fikirlər Azərbaycana doğru yönəldilməkdə idi və geniş miqyas aldı. Lakin Azərbaycan dövləti bunların heç birinə əhəmiyyət vermədən çox böyük müvəffəqiyyətlə, təmkinlə öz işini qururdu və 1 il ərzində yeni zövqlə hazırlanmış belə bir arenada yarışın keçirilməsi yüksək səviyyədə təşkil olundu. "Eurovision-2012" yarışması ərəfəsində Azərbaycan tarixinin mədəniyyətinin, millət olaraq üstün dərəylərimizin dünyada təbliği getdi. Biz dünyaya bu müstəvidə özümüzü təqdim edə bildik. Bütün bunlara görə hər şeydən öncə ölkə Prezident İlham Əliyevə böyük təşəkkür və minnətdarlıq düşür. "Eurovision-2012" yarışmanın keçirilməsində öz istedadı, bacarığı və qabiliyyəti ilə xüsusi əmək sərf edən Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın da zəhməti böyükdür. Bir sözlə, Azərbaycan ciddi xarakter daşıyan sınaqdan çox böyük müvəffəqiyyətlə çıxdı, və dünyaya sübut etdi ki, dünyanın üstün dəyərlərini özündə daşıyan bir dövlətdir, bir millətdir.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı: "Yüksək səviyyədə təşkilatçılıq işləri digər dövlətlər üçün bir nümunə oldu"
Azərbaycanın "Eurovision-2012" Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi uğurlu bir hadisə idi. Keçən il Azərbaycanın bu yarışmada birincilik qazanması və bu il yarışmanın Bakıda keçirilməsi sevindirici haldır. Mən bir azərbaycanlı olaraq buna çox sevinirəm. Yüksək səviyyədə təşkilatçılıq işləri digər dövlətlər üçün bir nümunə oldu. Şəxsən mənim dünyanın bir sıra ölkələrindən qəzet və televiziyada işləyən qonaqlarım gəlmişdi. Çox böyük heyranlıqla, təəssüratlarla getdilər. Yüksək səviyyədə təşkilatçılıqdan, Azərbaycanın mədəniyyətindən, qonaqpərvərliyindən çox razı qaldılar. Azərbaycanda kim olur-olsun bu, bir millətin, xalqın sevincidir. Buna ancaq sevinmək lazımdır. Lakin Avropanın bir sıra mətbuatında Azərbaycana yönəlik xoşagəlməyən yazılar dərc olundu. Təbii ki, bunların hamısı gözügötürməzlikdən irəli gəlirdi. İsveçli təmsilçinin siyasi bəyanatlar vermək niyyəti onun yarışmada birincilik əldə etməsinə hesablanmışdı. Hətta öz içimizdən olan bəzi siyasi partiya təmsilçilərinin sosial şəbəkələrində xarici təmsilçilərə səs verməsi ilə bağlı çağırışlar düşmən dəyirmanına su tökmək kimi bir şeydi. Hesab edirəm ki, bunlar məyusedici haldır. Bu yarışmaya heç kimin kölgə salmağa mənəvi haqqı çatmır, necə ki, çatmadı. Amma mən arzu edərdim ki, birinciliyi qazanan xanım Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması faktı ilə bağlı fikirlər səsləndirmək üzərində düşünəydi. 1 milyon qaçqınlarımın qayğılarından danışaydı. Amma çox təəssüf ki, başqa məqsədlərə xidmət edənlər də vardı.
Milli QHT Forumunun Prezidenti Rauf Zeyni: "Bəzi qüvvələrin çirkin niyyətləri də var idi ki, onlar baş tutmadı"
"Eurovision-2012" beynəlxalq səviyyəli bir tədbir idi və bu tədbiri Azərbaycan Avropa ölkələrindən də gözəl şəkildə təşkil etdi. Çünki görülən işlər göz önündə idi. Təhlükəsizliyin təminatı baxımından aparılan işlər bütün vətəndaşların təhlükəsizliyini təmin etdi. Mən yenicə beynəlxalq tədbirdən qayıdıram. Demək olar ki, dünyanın bir çox yerində Azərbaycandan danışırlar. Elə təkcə Latviyadan gələn təmsilçinin hava limanında "Sarı gəlin" mahnısı ifa etmək bizim milli musiqiyə verilən qiymətlərdən biri idi. Baxmayaraq ki, bizim düşmənlərimiz bu musiqini özlərinki kimi təqdim edir. Bütövlükdə, fikrimcə, yarışma gözəl şəkildə təşkil olundu və keçirildi. Bəzi qüvvələrin çirkin niyyətləri də var idi ki, onlar baş tutmadı. Bu da dövlətin yürütdüyü siyasətin məntiqi nəticəsi idi.
Babək Hacıyev