Bu gün dünya ictimaiyyətində Azərbaycan ərazisinin ermənilər tərəfindən işğal olunması faktının gizlədilməsi üzrə müəyyən addımlar atılır. Bu istiqamətdə erməni lobbisinin dünya ictimaiyyətinin çaşdırmaq cəhdi dəfələrlə iflasa uğrayıb. Ümumilikdə, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı Azərbaycan dövləti kifayət qədər fakt göstərə bilər. Azərbaycanın mədəni abidələrinin, məktəblərinin və müxtəlif obyektlərin ermənilər tərəfindən dağıdılması faktları gizlədilir. Bununla yanaşı, ermənilərin azərbaycanlılara qarşı törədikləri qırğınlar təhrif edilir. Azərbaycan dövləti bununla bağlı bütün beynəlxalq təşkilatlara faktları təqdim etsə də, hələ də Ermənistanın işğalçılıq siyasəti davam edir. Son günlərdə ABŞ-ın Azərbaycanda səfiri postuna namizəd Riçard Morninqstarın Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində ermənipərəst mövqeyi başadüşülən deyil. Onun Naxçıvanın Culfa rayonunda erməni qəbirlərinin vəziyyətini öyrənməsi ilə bağlı səsləndirdiyi fikirlər indidən onun ermənipərəst olduğunu deməyə əsas verir. Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən millət vəkili Aydın Mirzəzadə bunun qeyri-adi bir hadisə olmadığını bildirdi.
Millət vəkili Aydın Mirzəzadə:
- Onların bu istəklərində qeyri-adi bir şey yoxdur. Azərbaycana təyin olunan xarici ölkə səfirləri və təmsilçiləri istənilən zaman Azərbaycanın mədəni abidsi ilə tanış ola bilərlər. Bu məsələdə Azərbaycan cəmiyyətinin gizlədəcəyi hər hansı bir məqam yoxdur. Bu günlərdə ABŞ-ın Azərbaycanda səfiri postuna namizəd Riçard Morninqstar Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib ki, o, Naxçıvanın Culfa rayonunda keçmiş erməni qəbiristanlığı ilə bağlı maraqlanacaq və xaçkarların guya azərbaycanlılar tərəfindən məhv edilməsi ilə bağlı məsələləri diqqətdə saxlayacaq. Hesab edirəm ki, bununla bağlı Azərbaycan tərəfindən bununla bağlı bütün lazımi şərait yaradılacaq. Xüsusilə, erməni təbliğatçılarının bu işdə rolu olduğu üzə çıxacaq. Əgər onlar hər hansı bir iddia qaldırırlarsa, bu, həqiqətə uyğun deyil. Ancaq bununla belə Azərbaycan ictimaiyyətinin nümayəndələri cənab Riçard Morninqstara Culfa səfərindən sonra Ermənistanda və işğal edilmiş Azərbaycan torpaqlarında Azərbaycan mədəni abidələri və qəbiristanlıqların vəziyyəti ilə bağlı araşdırma aparmağı ondan xahiş edəcəklər. Hesab edirəm ki, Azərbaycanın beynəlxalq ictimaiyyətdən və xarici ölkə səfirlərindən gizlədəcəyi hər hansı bir şey yoxdur".
Babək Natiqoğlu