Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verib. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.Əldə edilən nailiyyətlərin müqabilində deyə bilərik ki, Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyəti müqayisəyə belə gəlmir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyə sahəsində dönüş yarandı. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, bu gün 430-dan artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisələri müasir avadanlıqlarla təmin olunaraq istifadəyə verilib. Respublika Klinik Uşaq Xəstəxanasında, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Uşaq Nevroloji Xəstəxanasında, Respublika Diaqnostika Mərkəzində, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 4 korpusunda, 3 nömrəli Klinik Uşaq Xəstəxanasında, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında, Şirvan şəhər Mərkəzi Xəstəxanasında, Bərdə rayon Doğum Evində təmir və yenidənqurma işləri aparılmış, Ağdaş, Şəki, Tovuz, Daşkəsən, Şabran rayonlarında yeni mərkəzi xəstəxanalar, Ucarda Uşaq Xəstəxanası və s. tikilib istifadəyə verilmişdir. Hər bir tibb müəssisəsi müasir tibbi avadanlıq və inventarla təchiz olunub. Dövlət tərəfindən ildən-ilə səhiyyəyə xüsusi diqqət artır. Statistik göstəricilərə nəzər salsaq, görərik ki, 2003-cü illə müqayisədə 2011-ci ildə bu vəsait təxminən 10 dəfə artaraq 563 milyon manatdan artıq olub. Bu da respublika ərazisində müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinə imkan yaradıb.Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərlə nəticələnib. Dövlət başçısının müəyyən etdiyi dövlət proqramları tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Ümumiyyətlə, səhiyyə sahəsində qəbul edilən dövlət proqramlarının icrası uğurla davam etdirilməkdədir. Səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanıb.Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da böyük xidmətləri vardır. Fondun diabetli, talassemiyalı xəstələrə qayğısı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir sıra böyük layihələr həyata keçirib və bu iş davam etməkdədir.Onu da vurğulayaq ki, ölkələr arasında siyasi və iqtisadi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin də beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci Sessiyasının Bakıda keçirilməsi və Azərbaycanın bu qurumun İcraiyyə Komitəsinin üzvü seçilməsi, əlbəttə ki, əldə edilən nailiyyətləri özündə ehtiva edən faktdır. Bu, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının məntiqi nəticəsidir. Səhiyyəmizin inkişafı ÜST baş direktorunun, eləcə də, ÜST Avropa Regional Bürosunun direktorunun diqqətindən kənarda belə qalmayıb. Ölkəmizin 2005-ci ildən etibarən ardıcıl olaraq Dünya Səhiyyə Təşkilatının və onun Avropa Regional Bürosunun rəhbər orqanlarında təmsil olunması bu təşkilatın tarixində yeganə haldır. Azərbaycan bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də beynəlxalq əməkdaşlığa önəm yetirir. İkitərəfli əlaqələr genişlənir. İtaliya, Rumıniya, Litva və digər onlarla ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Bu münasibətlər dinamik olaraq genişlənməkdədir.Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Bu baxımdan reallıqlara söykənib, qətiyyətlə deyə bilərik ki, Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar mövcuddur.
Nəzakət ƏLƏDDİNQIZI