Polşanın rəsmi orqanları Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət edərək 20 fərdi şəxsin diplomatik nümayəndəliyimizin qarşısında aksiya keçirmək istəyi barədə məlumat vermişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, nümayiş keçirəcək şəxslərin kimliyi, hansı təşkilata mənsubluğu və hansı tarixi ədalətsizlikdən danışmaq fikrində olduqları səfirliyə məlum olmamışdır. Lakin zəmanəmizin ən aktual ədalətsizliyinin - Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən lazımınca qiymətləndirilməməsi səbəbindən səfirlik məhz bu mövzularda müvafiq hazırlıq işləri aparmışdır.
Adətən Azərbaycan səfirliyi ildə bir dəfə Xocalı soyqırımı ilə bağlı tədbir keçirir. Lakin çağırılmamış qonaqların gəlməyi bu mövzuya dair tədbirin artıq üçüncü dəfə keçirilməsinə və polyak ictimaiyyətinə tarixi ədalətsizliklər haqqında bir daha məlumat çatdırmağa əsas vermişdir. Belə ki, 10-12 nəfərdən ibarət bir qrup erməni səfirliyin qarşısında aksiya keçirməyə cəhd edərkən diplomatik nümayəndəliyimizin binasına yaxınlaşanda hasardan asılmış və Ermənistanın hərbi təcavüzünü, erməni vandalların törətdikləri Xocalı soyqırımını əks etdirən fotoşəkillərlə qarşılaşmışdır.
Məlum olduğu kimi, cari ilin fevralında Azərbaycan səfirliyi qarşısında çağırılmamış qonaqların nümayiş keçirmələrinə Müslüm Maqomayevin ifasında səslənən "Azərbaycan" mahnısı mane olmuşdur. Bu dəfə isə çağırılmamış qonaqlara Azərbaycan musiqisinin rəngarəngliyini göstərmək məqsədilə "Qarabağ şikəstəsi", "Cəngi", milli muğamlarımız səsləndirilmişdir. Çağırılmamış qonaqların nə məqsədlə gəldiklərini, hansı tarixi ədalətsizlikdən danışdıqlarını səfirlik yenə də nə başa düşə, nə də ki, eşidə bilmədi. Ermənilərin bu dəfə ruporla gəlmələrinə baxmayaraq, səfirliyin yeni sifariş etdiyi 1000 vatlıq səsgücləndiricilər ruporun səsini keçən dəfə olduğu kimi yenə də batırmışdır. "Qarabağ şikəstəsi" və "Cəngi" sədaları altında çağırılmamış qonaqların dediklərini nəinki səfirlik, hətta onların özləri də eşitmirdilər.
Belə ki, ermənilər aksiya keçirməyə cəhd etsələr də, onların cəhdləri uğursuzluğa düçar olmuşdur. "Manifestasiya" adlandırılan və 30 dəqiqə müddətində planlaşdırılan tədbir, on dəqiqə gec başlamış və heç bir ciddi nəticə vermədən başa çatmışdır.
Bundan əlavə, Varşavada yaşayan azərbaycanlılar səfirlik tərəfindən polyak dilində nəşr olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı 20 adda müxtəlif açıqca və ədəbiyyatı yaymışlar.