Bu il 94 illik yubileyini qeyd edən Azərbaycan ordusunun inkişaf etdirilməsi bu gün dövlət səviyyəsində, hətta ölkə başçısı tərəfindən şəxsən aparılır desək, yanılmarıq. Hər gün bir az daha güclənən ordumuz təkcə dövlət tərəfindən deyil, xalq tərəfindən də daim dəstəklənir. Bayramlarda, digər özəl günlərdə Milli Ordunun müxtəlif hərbi hissələrində, eləcə də, cəbhə bölgələrində vətənin müdafiəsində, keşiyində dayanan zabit və əsgərlərimizlə görüşlər təşkil olunur.
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü münasibətilə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət xanım Vəliyevanın başçılığı ilə Nizami rayon millət vəkili Rövnəq Abdullayevin qərargahının əməkdaşları, Nizami rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, müharibə iştirakçıları, şəhid ailələrinin nümayəndələri, rayon Ağsaqqallar Şurasının üzvləri və fəal gənclər Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə olub, zabit və əsgərlərlə görüşüblər.
Əsgərlər qarşısında çıxış edən millət vəkili S.Vəliyeva bu gün Vətənin keşiyində dayanan hər bir əsgərimizin bizim üçün əziz olduğunu deyib. O, bu görüşə gəlmiş ağsaqqallarımızın, şəhid anası, şəhid atasının xeyir-duasının onlar üçün daha əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə iştirak edən qonaqlardan millət vəkili R. Abdullayevin köməkçisi S.Mahmudov, şəhid anası Nadiyə Nuriyeva, qadın müharibə veteranı Sevda Səfərova, Nizami rayon icra hakimiyyətinin şöbə müdiri Əli Axundov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev ürək sözlərini, tövsiyələrini bildiriblər. Daha sonra Adil İsgəndərov adına Mədəniyyət Evinin yaradıcı heyətinin konsert proqramı təqdim olunub. Əsgərlərlə bu bayram gününü qeyd edən qonaqlar hamılıqla rəqs ediblər.
Əsgərlərə bayram sovqatı və istirahət saatlarının səmərəli keçməsini təmin edəcək texniki avadanlıq hədiyyə edilib. Beləcə, Vətənimizin keşiyində, səngərdə dayanan əsgərlərimiz möhtəşəm bir bayram günü yaşayıblar.
CABİR