Bir neçə gün sonra Azərbaycan mətbuatının yaradılmasının 137 illiyi qeyd olunacaq. Əsası "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan Milli Mətbuatı, bu gün dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan mətbuatının daha yüksək səviyyədə inkişaf etməsi üçün, Prezident İlham Əliyev tərəfindən bir çox uğurlu addımlar atılıb, fərman və sərəncamlar verilib. Bu baxımdan, demək olar ki, Azərbaycan mətbuatı özünün 137 illik ildönümünü kifayət qədər əldə olunan uğurlarla qeyd edir.
Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:
- Azərbaycan milli mətbuatının 137 illiyinin qeyd olunması çox sevindirici bir haldır. Bu 137 ilə ərzində mətbuatımız bir çox uğurlara imza atıb. Azərbaycan dövləti milli mətbuatın daha yüksək səviyyədə inkişaf etməsi üçün hər cür şərait yaradıb. Prezident İlham Əliyev jurnalistlərin sosial-məişət məsələlərinin yaxşılaşdırılmasına dair 2010-cu ildə imzaladığı Fərman və bunun nəticəsi olaraq jurnalistlər üçün yeni evin tikintisi uzun müddət kirayədə yaşayan və evlə əlaqədar problemi olan istənilən mətbuat işçilərinə şamil olunub. Bu istiqamətdə sosial problemlərin həlli dövlətimizin tərəqqisi deməkdir. Hesab edirəm ki, bu gün kifayət qədər inkişaf edən mətbuat, gələcəkdə də, bu istiqamətdə müsbət uğurlara imza atacaqdır.
Tapdıq Abbas,
"Paralel" qəzetinin baş redaktoru:
- Azərbaycan mətbuatı 137 il ərzində böyük inkişaf mərhələləri keçib. Yəni, bu illər ərzində mətbuatımız yüksələn xətlə inkişaf edib. Müstəqil Azərbaycanın müstəqil mətbuatı son dərəcə böyük inkişaf yolu keçib. Yəni ölkəmiz müstəqilliyi əldə edəndən sonra, milli mətbuatımız daha da yüksək səviyyədə inkişaf etməyə başladı. Demək olar ki, bu gün mətbuatımız dünya mətbuatının tərkib hissəsinə çevrilib. Son illər ərzində mətbuatımıza inkişaf məqsədi ilə bir sıra qurumlar yaradılıb. Bu gün mətbuatın inkişafı ilə fəxr etmək olar. Bu gün müstəqil Azərbaycan mətbuatının arxasında güclü Azərbaycan dövləti dayanıb. Azərbaycan dövləti mətbuatın yüksək səviyyədə inkişaf etməsinə müxtəlif istiqamətlərdə yardımlar göstərir. Bu da dövlətin mətbuata göstərdiyi diqqət və qayğısının geniş təzahürüdür.
GÜLYANƏ