Ağdam rayonunun işğalından 19 il ötür. Ağdam 1993-cü il iyul ayının 23-də terrorçu Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni hərbi birləşmələri Ağdam istiqamətindəki Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək, Ağdam şəhərinə daxil olublar. Günün ikinci yarısında şəhər tamamilə işğal olunub. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra 3-cü böyük itki idi. Sonrakı döyüşlər nəticəsində Ağdamın üçdə ikisi də işğal edildi. Erməni hərbi qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə yeksan edilib. 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb, tamamilə məhv edilib. Erməni terrorçuları uşaq və böyük, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək, bununla bəşəriyyətə qarşı ən ağır dərəcəli cinayət törədiblər. Erməni təcavüzündən xilas olan azərbaycanlılar bu gün ölkəmizin 48 bölgəsində yerləşdirilmiş çadır şəhərciklərində məskulaşıblar.
Ağdam şəhəri Ağdam rayonunun inzibati mərkəzi olub, Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Paytaxt Bakıdan 358 km aralıda yerləşir. İşğal nəticəsində rayona 13 milyard ABŞ dollarından artıq məbləğdə ziyan dəyib. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itki idi. Ağdamda bütün dünyada yeganə olan Çörək Muzeyi var idi. Qeyd edək ki, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə, bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada, "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Ağdamdan olan 130 minə yaxın məcburi köçkün Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb. Hazırda rayonun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.Ağdam indi ərazisinin 20 faizinə sığınıb, 1094 kvadratkilometrlik ərazisinin 247 kvadratkilometrində (ümumi ərazisinin 22,6 faizi) Ağdamın 60 min sakini məskunlaşıb. Qalan 100 min nəfər isə respublikanın 58 rayonunda müvəqqəti sığınacaq tapıb. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 10 kolxozu, 2 sənaye, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə obyekti düşmən əlinə keçib. Vətən uğrunda gedən savaşda 6 mindən artıq ağdamlı şəhidlik zirvəsinə yüksəlmiş, minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdür. Azərbaycanın cəsarət rəmzi, Qarabağın mübarizlik istinadgahı olan Ağdam indi düşmən nəzarətində olsa da, hamı əmindir ki, bu uğurlu hal tezliklə bitəcək. Respublikamızın müxtəlif guşələrində məskunlaşaraq Ağdam qubarını qəlbində həsrətə çevirənlərin bir istəyi, bir təmənnası var: tez bir zaman ərzində doğma yurda qayıtmaq!
Heç kəs unutmamalıdır ki, bizim qarşımızda müqəddəs vəzifə durur: Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal olunmuş torpaqlarımızı azad etmək və həmin torpaqlardan didərgin düşmüş soydaşlarımızı öz yerinə-yurduna qaytarmaq.
Ağdamlılar inanırlar ki, Avropada, Amerikada və digər qitələrdə onların haqlarını qoruyan, problemlərini qaldıran və bununla da, erməni təcəvüzünü ifşa edən ölkə Prezidenti İlham Əliyev bu fəaliyyətinin davamı olaraq Ağdama da qələbə bayrağı sancacaq!
Aytən Səmədova