Bir müddət öncə, qondarma Dağlıq Qarabağ Respublikasında "prezident seçkiləri" keçirilib. Baxmayaraq ki, qondarma rejim olan Dağlıq Qarabağ Respublikasını onsuz da dünya birliyi tanımır və qəbul etmir. Sözsüz ki, onun keçirdiyi prezident seçkiləri də əhəmiyyətsiz bir tədbirdən başqa bir şey deyil. Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, ermənilərin işğalçılıq siyasəti nəticəsində, bu gün qeyri-müəyyən status-kvo olan bir ərazidə istənilən bir seçkinin keçirilməsi bütün hüquqi normalara ziddir. Ərazidəki siyasi hakimiyyət legitim olmadığına görə, təbii ki, buna uyğun olaraq orada keçirilən seçkilərin də legitimliyi haqqında söhbət gedə bilməz. Bildiyiniz kimi, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü məsələsində dünya ictimaiyyətinin formalaşmış bir fikri var. Yəni, Azərbaycanın ərazi bütövlüyü tanınır və Azərbaycan da öz ərazi bütövlüyünü Dağlıq Qarabağla bir yerdə görüb. Bu baxımdan, təbii ki, bu məsələyə beynəlxalq ictimaiyyət bir reaksiya verməlidir. Amma hər il olduğu kimi, orada həyata keçirilən hər hansı bir siyasi kampaniyanın tanıması məsələsində dünya ictimaiyyətinin mövqeyi mənfi olub. Yəni, ermənilərin bu cür hərəkətinə dünya ictimaiyyətinin münasibəti mənfi olub. Demək olar ki, Ermənistan tərəfinin bu cür hərəkətə əl atması Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlara ziddir. Çünki bir tərəfdən sözügedən münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində fəaliyyət göstərilib. Yəni, ATƏT-in Minsk Qrupu həmsədrlərin bu münaqişənin həll olunması ilə bağlı səy göstərir. Digər tərəfdən isə, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində istədikləri kimi hərəkət edirlər. Bu da işğalçı ölkə olan Ermənistanın qeyri-konstruktiv mövqeyindən xəbər verir. Bir daha qeyd etməsə əsas verir ki, Ermənistan tərəfi və Dağlıq Qarabağdakı ermənilər Azərbaycan ərazilərini öz xoşluqları ilə qaytarmaq fikrindən uzaqdırlar. Bir sözlə, işğalçı ölkə olan Ermənistanın bu cür hərəkəti münaqişə ətrafında aparılan danışıqlarda gərginliyi daha da artırır. Yəni, Azərbaycana aid olan ərazilərdə işğalçı ölkənin "seçkiləri" keçirməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi mənfi təsir göstərir.
GÜLYANƏ