PDF Oxu

Sosial

  • 62

Dünyada bu il taxıl qıtlığı gözlənilsə də, ölkəmizdə rekord həcmdə məhsul istehsal olunacaq

Dünyada bu il taxıl qıtlığı gözlənilsə də, ölkəmizdə rekord həcmdə məhsul istehsal olunacaq

Avropada yaşanan borc böhranı, iqtisadiyyatın bir sıra sahələrində olduğu kimi, kənd təsərrüfatına da təsirsiz ötüşməyəcək. Ümumdünya Ərzaq Təşkilatı buna görə də, bu il dünyada taxıl qıtlığının yaranacağını və bunun bir sıra ölkələrdə böhranla nəticələnəcəyini bəyan edib. Təşkilat bir neçə gün əvvəl açıqladığı bəyanatında bildirib ki, həm iri aqrar-sənaye komplekslərində yaşanan maliyyə qıtlığı, həm də pis hava şəraiti bir çox ölkələrin kənd təsərrüfatı məhsullarının istehsalına, eyni zamanda, məhsuldarlığa ciddi təsir göstərəcək. Bu il dünyanın əsas aparıcı taxıl istehsalçısı olan ölkələrdə, Rusiya, Braziliya, Qazaxıstan, Misir və Fransada kəskin istilər məhsuldarlığa pis təsir göstərib. Ümumdünya Ərzaq Təşkilatı bu il dünyada taxıl istehsalında 20 faiz azalacağını proqnozlaşdırır.

Azərbaycanda bu il kənd təsərrüfatı məhsullarının, daha doğrusu, taxıl istehsalı necə proqnozlaşdırılır? Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev bildirir ki, bu il ölkəmizdə 2,7 milyon tona yaxın taxıl məhsulu istehsal olunacaq və ölkənin ərzaq buğdasına olan tələbatı yerli istehsal hesabına ödəniləcək. Nəticədə, Azərbaycana xarici ölkələrdən buğda idxal olunmayacaq. KTN rəsmisi ölkəmizdə yüksək reproduksiyalı taxıl sortunun yetişdirildiyini və istehsalın artmasında yeni toxum sortlarının xüsusi rol oynadığını bildirir. S.Vəliyevin sözlərinə görə, dünya taxıl bazarındakı problemlər proqnozlaşdırılsa da, Azərbaycanda bu tendensiya gözlənilmir. KTN-in idarə rəisi artıq respublikamızda taxıl biçininə start verildiyini bildirib. Aran bölgəsində buğda yığımına başlanılıb. Taxıl biçini 800 min hektardan çox ərazini əhatə edəcək və ötən illə müqayisədə 400 min tondan çox taxıl ərzaq buğdası istehsal olunacaq. Fermerlərin istehsal etdikləri məhsulu kimə satmasına gəlincə, S.Vəliyev bildirib ki, taxılın satış bazarı üçün əlverişli imkanlar yaradılacaq. Belə ki, fermerlər bu il məhsulu satmaqda çətinlik çəkməyəcəklər. Dövlət fermerlərdən taxılı münasib qiymətə alacaq. Mütəxəssis dünya taxıl bazarında gözlənilən fəsadların Azərbaycanın taxıl bazarına təsir göstərməyəcəyini əmin edərək, vətəndaşların etibarlı şəkildə taxıl ehtiyatları ilə təmin olunacaqlarını bildirir. Beləliklə, hökumətin strateji məqsədlərindən biri olan kənd təsərrüfatında bir nömrəli məhsul sayılan taxılın istehsalını artırmaq məsələsi artıq öz həllini tapıb.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlər öz nəticəsini verir. Dövlət başçısı 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişaf göstəricilərini yüksək qiymətləndirərək, aqrar bölmədəki dinamizmin ümumi iqtisadi inkişafa mühüm təkan verdiyini bildirib. "Kənd təsərrüfatı 10 faizdən çox artmışdır. Əminəm ki, biz növbəti illərdə çalışıb bu dinamikanı saxlamalıyıq. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün, demək olar ki, əsas sahədir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni kənd yerlərində yaşayır. Burada həm yeni təşəbbüslərin icra edilməsi, eyni zamanda, təkmilləşmə proseslərinin sürətlə getməsi daha da gözəl nəticələr verəcəkdir".

Aqrar sektorda ikirəqəmli inkişaf tempinin sürətlənməsi ölkəmizin milli inkişaf strategiyasının bir çox komponentlərinin də möhkəmlənməsinə dərin əsaslar yaradacaq. Qeyd edək ki, indiyədək taxıl sahələrinin 650 min hektarında taxılı biçini başa çatdırılıb və sahələrdən 1700 tondan çox məhsul toplanıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 440 min ton çox məhsul deməkdir. Bu il məhsuldarlıq 2 sentner yüksələrək, hər hektardan alınan məhsul orta hesabla 26,5 sentnerə bərabər olub. Bu il biçini vaxtında və tam itkisiz başa çatdırmaq üçün fermerlər lazım olan bütün texnika və avadanlıqlarla təmin olunub. Belə ki, 30-dan artıq rayonda fəaliyyət göstərən aqrotexservislərin kombayn, taxıl təmizləyən, presləyici və yığım texnikaları, yük maşınları və traktorları biçinə cəlb olunub. Ümumilikdə, iyun-avqust aylarında "Aqrolizinq" SC-nin balansında olan texnika parkında 3110-dən çox taxılyığan kombayn və 1000-dən çox digər texnikanın imkanlarından istifadə olunub. Bu isə nəzərdə tutulan tədbirləri tam yerinə yetirməyə imkan verib. Ümumiyyətlə, bu il 2,7 milyon taxıl istehsalı gözlənilir ki, bu da əhalinin 100 faiz təmin olunması deməkdir.

Taxılın saxlanması və qış mövsümündə dəyirmanların unla təmin olunması üçün həyata keçirilən tədbirlər də uğurla aparılmaqdadır. Taxıl Fondunun tövsiyələrinə uyğun olaraq yerli taxıl anbarlarının ehtiyat məhsulu saxlamaq üçün bütün texniki imkanları təmin olunub. Səngəçaldakı Taxıl Elavatoru kifayət qədər ehtiyat məhsul saxlamağa imkan verir. Eyni zamanda, digər anbarların da mövcud imkanları hesabına ölkəmizdə 3-4 aylıq normaya uyğun həcmdə məhsul tədarük etmək mümkündür. Bunlarla bərabər, hazırda yeni taxıl elavatorlarının və anbarların yaradılması ilə bağlı işlər davam etdirilir ki, bu da respublikamızda böyük həcmdə ehtiyat taxıl məhsullarının saxlanması üçün güclü potensialın mövcudluğunu təsdiq edir. Ümumiyyətlə, bu gün ölkəmizdə əhalini zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensial mövcuddur. Dünyada baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində problemlərin yaranmasına baxmayaraq, Azərbaycanda əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülüb. Bu il ölkəmizin taxıl məhsulları ilə təminatı tamamilə yerli istehsal hesabına ödəniləcək. Əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən, əsas strateji məhsul olan buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görüləcək. Bu il, həmçinin, taxıl anbarlarının tikilməsi və istifadəyə verilməsi ilə bağlı tədbirlər də həyata keçiriləcək. Azərbaycan hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü iqtisadi imkanlara malikdir. Hökumət daxili bazarın qorunması, istehlakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün möhkəm iradəyə, güclü idarəçilik təcrübəsinə və potensial iqtisadi resurslara malik olmaqla yanaşı, iqtisadiyyatın dinamikasının yüksəlməsinə zəmin yaradan davamlı islahatlar həyata keçirməyə qadirdir.

Son 9 ildə aqrar sektorda fəaliyyət göstərən milli sahibkarlar tərəfindən həyata keçirilən layihələr aqrar-sənaye kompleksinin inkişafına və kənd təsərrüfatı məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə də, bölgələrdə emal sənayesinin yenidən qurulması, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur təminatının (soyuducu və taxıl anbarları kompleksləri) yaxşılaşdırılması, fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi, tədarük məntəqələrinin sayının artırılması və digər istiqamətlər istehsalın artımında mühüm rol oynayıb. Aqrar bölmədə çalışan sahibkarlara verilən kreditlər, təbii ki, yüzlərlə yeni müəssisənin yaradılmasına səbəb olub və bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda minlərlə yeni iş yerinin açılması təmin olunur. Həmin layihələrin böyük əksəriyyəti, 90 faizdən çoxu bölgələrdə reallaşır. Bu faktor regionların inkişafına öz töhfəsini verməklə yanaşı, iqtisadi fəal əhalinin daha çox rayonlarda cəmləşməsinə səbəb olur.

Hazırda yeni iqtisadi platforma aqrar sektorda daha güclü, rentabelli, dünya bazarında ixrac potensialına görə davamlı rəqabət apara biləcək iri şirkətlərin olmasını labüd edir. Kiçik fermer təsərrüfatlarının konsolidasiyası müasir dövrün tələblərindəndir. Dövlət başçısı bu məqsədlə iri fermer təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsini vacib sayır. "Artıq birinci beş min hektar hazırlanır ki, biz orada iri fermer təsərrüfatlarının yaradılmasına başlayacağıq. Əminəm ki, bu təcrübə uğurlu olacaqdır və biz bundan sonra dövriyyəyə buraxılacaq əkin sahələrinin həcmini böyük dərəcədə artırmalıyıq" deyən Prezident İlham Əliyev həyata keçiriləcək layihələrin aqrar sektorda inkişafın sürətlənəcəyinə , sahibkarlığa daha da güclü təkan verəcəyinə inandığını diqqətə çatdırıb.


"Səs" Analitik Qrupu

Digər xəbərlər