PDF Oxu

Sosial

  • 52

Dilimizin dərin qatlarını zənginləşdirən Ulu Öndər

Dilimizin dərin qatlarını zənginləşdirən Ulu Öndər

Dövlətin formalaşmasında, yaşamasında, varlığının sübut edilməsində dil önəmli faktordur. Dilin məhvi, dövlətin məhvi deməkdir. Bu gün Azərbaycan dili dövlət dili olaraq qorunur. Böyük mədəniyyətlərin yaradıcısı olan xalqımızın tarixi qədər dilinin təşəkkülü tarixi də qədimdir.

Müstəqilliyimiz əldə olunduqdan sonra dövlət rəmzlərindən sayılan dilin - Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısı artırıldı. Ana dilin öyrənilməsinə, elmi tədqiqinin fəallaşdırılmasına, dilin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetirildi. Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı əsasında "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun layihəsininin hazırlanması dilimizə olan diqqətdən irəli gəldi. "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Heydər Əliyevin məlum Fərmanı dilimizin inkişafına öz töhfələrini verdi. Dilə önəm yetirən Heydər Əliyevin nitqində Azərbaycan dilinin zənginliyinə rast gəlirik. Müasir dövrümüzdə Heydər Əliyev dilini öyrənən ziyalılar Onun nitqindəki özəllikləri araşdırırlar. Heydər Əliyev nitqini müxtəlif aspektlərdən öyrənməyə çalışan ATU-nun dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Zamanov Ulu Öndərin nitqindəki fərdiliyə aydınlıq gətirdi:

- İstənilən sahədə çalışan ziyalının dilin qayda-qanunlarına əməl etməsi vətəndaş olaraq borcudur. Dil məsələsi aktual mövzulardandır. Dilin qorunması, işlənməsi, yad ünsürlərdən mühafizəsi, danışıq dilində sözlərin tələffüzü və digər məsələləri vacib hesab olunur. Dilin təmizliyi uğurunda mübarizə aparan və milli dilin inkişafına ömürlərini həsr edən simaların, şəxsiyyətlərin qarşısında məsuliyyətliyik. Dilin qorunmasında Ümummilli Lider Heydər Əliyev böyük və tarix üçün əhəmiyyətli addımlar atıb. Bu, Onun Azərbaycan dilinə olan məhəbbətindən irəli gəlir. Etiraf edim ki, Heydər Əliyev dilinin cazibəsi məni hər zaman özünə cəlb edib. Heydər Əliyev dilinə mxtəlif apektlərdən yanaşaraq, Onun ifadə vasitələrindəki əsas məziyyətləri öyrənmək qərarına gəldim. Azərbaycan dilinin zənginliyi Heydər Əliyev nitqində aydın görünür. Onun nitqindəki dil elementləri hələ sovet imperiyasında yaşadığımız illərdə Moskvada böyük imperiyanın mərkəzində - Siyasi Büroda çalışdığı zamandan diqqətimi çəkirdi. Çıxışlarını, nitqini o zamandan ardıcıl olaraq izləyirdim. Heydər Əliyevin nitqi dünya dövlətləri tərəfindən, birmənalı olaraq, qəbul olunub. Natiqlik böyük sənətdir. Bu, hər kəsə nəsib olmayan danışıq, təfəkkürün məntiqi olaraq ortaya çıxır. Onun nitqinin zənginliyi Azərbaycan dilinə məhəbbətinin təzahürü tək özünü göstərir. Belə ki, Onun nitqini araşdırarkən, dilə məhəbbəti Özünün dediyi kimi, canından artıq sevdiyi Azərbaycan dilinə sonsuz sevgisindən irəli gəldiyi qənaətinə gəlirsən. Heydər Əliyevdə təfəkkür və dil vəhdətdədir. XX əsrin fəlsəfəsində mühüm istiqamət, dil fəlsəfəsidir. Dil təfəkkürdən yaranır. "Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq" məqaləsini yazarkən nitqində rast olunan ardıcıllığın məntiqə söykənməsinin şahidi oldum. Yazıçıların qurultayında, kənd təsərrüfatına həsr olunmuş müşavirədə və digər geniş tədbirlərdə söylədiyi nitqləri diqqətlə araşdırarkən, belə qənaətə gəlmək mümkün oldu ki, çıxışı zamanı nitqində haşiyələr müşahidə edilir ki, bu da nitqin təfsilatı ilə auditoriyaya çatdırılmasına söykənir. Kiçik nümunə göstərim ki, yazıçıların qurulayında onların problemlərindən söz açarkən, bir qədər kənara çıxaraq iqtisadiyyatımıza nəzər salır, kapitalın layihələrə qoyulmasından danışır və sonda yenidən həmin problemin üzərində dayanır. Demək, problemin köklərinə və onun çözələnməsinə əhəmiyyət verir. Çox zəngin dil ehtiyatı var. Bu dil milli dəyrələrimizdən, tariximizdən, ədəbiyyatımızdan qaynaqlanır. "İzvestiya", "Pravda" və digər qəzetləri oxumaqla yanaşı, ardıcıl olaraq "Ədəbiyyat" qəzetini izləyir, hətta Moskvada çalışdığı zaman da bütün nömrələri əldə edirdi. Bu, əlbəttə ki, dilə, milli dəyərlərə sevgisidir. Demək, dil və dövlət anlayışları bir-birindən ayrı deyil. Onlar vəhdətdə olaraq inkişaf yolu keçir.

- Sizin məqalələr sırasında Heydər Əliyevin nitqində dini üsluba da təsadüf edilir. Qeyd edək ki, Azərbaycan dilində üslubların təsnifatında bu üslub verilmir.

- Heydər Əliyevin nitqində bu üslubla qarşılaşırıq. Üslubların təsnifatında dini üslubun verilməməsi təbiidir. Çünki sovet məkanında yaşadığımız illərdə dini üslub anlayışı mövcud deyildi. İmperiya dövründə məscidlərin, kilsələrin qadağan olduğu zamanda, dövlət xadimlərinin, Mərkəzi Komitənin əməkdaşlarının möminlərlə, din xadimləri ilə görüşmək imkanı məhdud olduğundan, dini üslubdan istifadə reallıqdan kənar idi. Müstəqillik əldə edildikdən sonra Heydər Əliyevin Azərbaycanda mövcud olan bir sıra məscidlərdə görüşləri, eləcə də, beynəlxalq məkanda keçirilən dini konfrans və simpoziumlarda çıxışları dini üslubun meydana gəlməsinə səbəbdir. Təbii ki, üslubun təsnifatları alimlər tərəfindən ifadəsini tapır və bu təsnifatlar müxtəlif zamanlarda dəyişə və şaxələnə bilir. Bir natiq olaraq Heydər Əliyevin dini üslubu üslub xüsusiyyətləri maraq doğurur. Araşdırmalarım və qənaətlərimin məntiqi kimi "Heydər Əliyevin nitqində dini üslub" məqaləmdə Onun nitqindəki dini üsluba aydınlıq gətirmişəm. Bütün bunlarla yanaşı, araşdırmalarım çərçivəsində Ulu Öndərin zəngin nitqində ehtiva olunan dil ünsürləri - səmimiyyət, qətiyyət, fəlsəfilik kimi anlayışları öyrənməyə cəhd göstərmişəm. Məlum olduğu kimi, Onun nitqində fəlsəfi düşüncəyə daha çox təsadüf olunur. Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə AMEA-nın və Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi "Heydər Əliyev və regionşünaslıq" III Beynəlxalq Konfransında "Heydər Əliyevin nitqində fəlsəfi baxışlar" məruzəsi ilə çıxış etdim və çıxışım dilçi alimlər tərəfindən maraqla qarşılandı. Təbii ki, Dilçilik İnstitutu tərəfindən Onun nitqində fəlsəfilik ideyası ortaya qoyulub. Heydər Əliyev nitqinə xas olan amil fəlsəfilikdir. Bu fəlsəfilikdə mülkiyyət fəlsəfəsi, XX əsrin sonunda elmi-texniki inqilab və onun fonunda tənəzzüllük, depressiyalar və s. amillər özünü büruzə verir. Heydər Əliyev nitqində hissənin və tamın fəlsəfəsini ortaya qoya bilir. Digər fəlsəfəsi - mülkiyyət fəlsəfəsində bazar iqtisadiyyatına keçməklə azad sahibkar, azad insan, demokratik insan obrazını nitqində təqdim edir. Eləcə də, dialektikanın mühüm qanunları Böyük Natiqin nitqində mühüm yer tutur.

- Bildiyimizə görə, sizin müəllifliyinizlə "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabı çapa hazırlanır.

- Bəli, "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" adlı ikicildlik kitab üzərində çalışıram. Dilçi alimlərin qənaətlərini, mülahizələrini, baxışlarını əsas götürərək, belə məsuliyyətli işə start vermişəm. Kitab bir neçə bölmədən ibarət olacaq. Artıq kitabın bölmələrinə daxil olacaq məqalələrin bir neçəsi dövri mətbuatda çap olunub. "Heydər Əliyev nitqində poetik duyğular", "Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində", "Heydər Əliyev nitqində neologizimlər", "Heydər Əliyev nitqində qətiyyət", "Heydər Əliyev nitqində elmi üslubun yeri", "Heydər Əliyev nitqində ədatlar", "Heydər Əliyev nitqində dini üslub" və digər məqalələr bu qəbildəndir. Bu məqalələri araşdırıb yazarkən, mən Azərbaycan vətəndaşı olaraq dilimizin dərin qatlarının zənginliyi ilə Heydər Əliyev vasitəsilə tanış oluram. Azərbaycan dilinin zənginliyi məhz Onun dilində ehtiva olunur. Kitabın birinci hissədə natiqlik, natiqliyə təsir edən nitq elementləri və ünsürlərinin vəhdəti, üslublar, bir sıra elementlər, fəlsəfilik, məntiqi ardıcıllıq, vəhdətlilik əksini tapacaq. İkinci hissədə isə üslubu, morfologiyanı nəzərdə tutmuşam. Heydər Əliyev nitqində ədatlar, sinonimlər, frazeoloji birləşmələr, felin növləri, modal sözlər və s. yer alır. Heydər Əliyevin nitqindəki xatirinizdədir, xatirimdədir, şübhəsiz, təəssüf ki, eləcə də, ümumiləşdirmələr zamanı, nəhayət, ümumiyyətlə, kimi məfhumları işlətməklə Onun nitqində yer alan modal sözlərə də tez-tez rast gəlirik. Düşünürəm ki, çap olunacaq kitab jurnalistlər, siyasi xadimlər, diplomatlar üçün bir əyani vəsaitə çevriləcək. Etiraf edək ki, biz Heydər Əliyev kimi nitqə malik deyilik. Belə danışıq imkanına malik olmaq üçün Onun dil xüsusiyyətlərini, danışıq dilini öyrənməliyik. Bu, olduqca aktual məsələdir. Dilçilik İnstitutu tərəfindən professor Ağamusa Axundovun rəhbərliyi ilə Heydər Əliyevə həsr olunan monoqrafiya, professor Nizami Xudiyevin "Heydər Əliyev və Azərbaycan dili" kitabı mövcuddur. Görkəmli Şəxsiyyətin nitq mədəniyyətinin öyrənilməsi baxımından dəyərli materiallardır. Heydər Əliyevin nitqini mövzu baxımından araşdırsaq, hər birinin ayrıca elmi iş olduğunu deyə bilərik. Dilçilik İnstitutunda vaxtilə fəaliyyətdə olan nitq mədəniyyəti şöbəsi hazırda işləmir. Nitq mədəniyyətini tədqiq edən laboratoriya, mərkəz yaradılmalıdır ki, Heydər Əliyev nitqinin araşdırılması ilə məşğul ola bilsin. Bu dilin başqa dillərə təsiri də öyrənilməlidir.

- Elm və texnikanın inkişafı, ictimai formasiyaların bir-birini əvəzləməsi dildə müəyyən dəyişikliklərin yaranmasına zəmin yaradan amildir. Bu, labüddür və qaçılmazdır. Müstəqillik dövründə Azərbaycan dili də bu zəruriyyətdən kənar qalmırdı. Heydər Əliyevin dilindəki neologizmlər və sonradan onların ümumişlək dilə çevrilməsi sizin araşdırmalarınızda diqqəti çəkir.

- Bəli, "Heydər Əliyev nitqində neologizimlər" məqaləsində bunu göstərmişəm. İnteqrasiya, dünya birliyinə qoşulmağımız və s. şərait dilimizə yeni sözlərin gəlməsinə səbəb oldu. Heydər Əliyev yüksək kürsülərdə beynəlmiləl sözləri işlətməklə Azərbaycan auditoriyasının məhz həmin məkanlara yaxınlaşdırırdı. Ulu Öndərin nitqində bir siyasət var. Bu siyasət müstəqillik və onun möhkələndirilməsidir. Heydər Əliyev Almaniyada olarkən alman bəstəkarlarının, yazıçılarının Bethoven, Bax, Motsart, Şiller və başqalarının adını hallandırır. Alman auditoriyası bunu canlı eşidir və məlum olur ki, Heydər Əliyevin onların hər biri haqqında geniş məlumatı vardır. O deyir ki, sizin əsərləri bizim Azərbaycanda sevə-sevə oxuyurlar. Bu, artıq natiqlik siyasətidir. Dövlətlər arasında müqavilələr imzalanır. Bu baxımdan, xarici ölkələrlə əlaqələrin qurulmasında dil önəmli faktordur. Nitq əvəzsiz nemətdir. Dilə, nitqə yiyələnmək nailiyyətdir. Əgər yüksək ixtisaslı kadr nitqə malik deyilsə, o zaman bu potensial lazımi səmərəsini verə bilmir. Müəllim nitq ilə elmi biliyə tələbə və şagirdi yiyələndirir. Həkim dil ilə xəstəsini müalicə edir. Qarşılıqlı anlaşmalar əsas dil üzərində qurulur. Demək, dil və nitq həyatımızın əsasını təşkil edir. Psixoloji məqam sözdür. Söz də Azərbaycan dilini təşkil edir. Hər bir kəs tutduğu vəzifəsindən asılı olmayaraq, xalqın dilini, ədəbiyyatını bilməli və öyrənməlidir. Azərbaycan dili daim inkişafdadır və Heydər Əliyev dil siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirir. Belə ki, 23 may tarixində "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamı Azərbaycan dilinin qorunmasına, onun inkişafına yönəlmiş sənəddir. Dil müstəqilliyimizin əsas atributlarından olduğundan hər kəsin dil uğrundakı mübarizəsi vacibdir.


Zümrüd BAYRAMOVA

Digər xəbərlər