PDF Oxu

Sosial

  • 54

Erməni işğalı dünya müsəlmanlarının narahatçılığına səbəb olur

İslam Əməkdaşlıq Təşkilatı bununla bağlı bəyanat yayıb

Erməni işğalı dünya müsəlmanlarının narahatçılığına səbəb olur

Məlum olduğu kimi, avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyası keçirilib. Sessiyada dünya müsəlmanlarının narahatlığına səbəb olan məsələlər müzakirə olunub, Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilib. Zirvə Toplantısının sonunda müzakirə olunmuş məsələlərlə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mövqeyini əks etdirən Yekun Bəyannamə qəbul olunub.

Qəbul olunmuş bəyannamədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib və Ermənistanı silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa çağırıblar. Bu, İslam Əməkdaşlıq Təşkilatının erməni işğalı ilə bağlı qəbul etdiyi birinci sənəd deyil. Bundan öncə də keçirilən iclaslarda təşkilatda təmsil olunan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və erməni işğalını pislədiklərini qeyd etmişdilər. Bununla bağlı artıq bir neçə dəfə təşkilatın qəbul olunan bəyanatlarında məsələ yer alıb. İƏT Parlament İttifaqı isə Xocalı soyqırımını tanımış və bunu insanlığa qarşı cinayət kimi qiymətləndirmişdir. Bir müddət bundan öncə isə İƏT baş katibi Ekmələddin İhsanoğlu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"nə dair bəyanat yaymışdır. Bəyanatda vurğulanır ki, İƏT işğal altındakı Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni rədd edir. Bundan əlavə, İƏT Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin ədalətli və sülh yolu ilə nizamlanmasını dəstəkləyir. İƏT qətiyyətlə bəyan edir ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən seçkilər qeyri-legitim olmaqla yanaşı, təşkilatın üzvü olan ölkələr tərəfindən tanınmayacaqdır.

Göründüyü kimi, İƏT-in müsəlman dövlətlərini özündə birləşdirən bir təşkilat kimi Dağlıq Qarabağ münaqişəsində mövqeyi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlıdır. Təşkilat bunu birmənalı olaraq dəstəkləyir və erməni işğalını pisləyir. Son qəbul olunan qətnamədə isə Dağlıq Qarabağın işğalı dünya müsəlmanlarının narahatçılığına səbəb olan məsələlər sırasında verilir. Təbii ki, bu işğal bu gün tək Azərbaycanın deyil, eynilə dünya müsəlmanlarının və ümumilikdə, dünya dövlətlərinin problemi sayılmalıdır. Çünki illərdir davam edən işğal rejiminin törədə biləcəyi təhlükələr bütün dünya üçün fəsadlar yarada bilər. Atəşkəs elan olunmasına baxmayaraq, müharibə vəziyyətinin davam etməsi hər an onun alovlanma təhlükəsini saxlamış olur. Odur ki, İƏT də bunları nəzərə alaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyir və tezliklə bu ərazilərin işğaldan azad olunmasına çağırır.

Bu cür sərt bəyanatların digər beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunması vacibdir. Nə qədər ki, Ermənistan öz mövqeyindən geri çəkilməyib, ona qarşı beynəlxalq təzyiq gücləndirilməli, işğalçı siyasəti pislənməlidir.

Murad İSMAYILZADƏ

Digər xəbərlər