PDF Oxu

Sosial

  • 73

Ermənistan Sarkisyan rejiminin qurbanına çevrilir

Elman Nəsirli: " Ermənistan bir müddət sonra dəhşətli proseslərin poliqonuna çevriləcək və öz məhvinə imza atacaq"

Ermənistan Sarkisyan rejiminin qurbanına çevrilir

Ermənistanda baş verən son hadisələr, onu deməyə əsas verir ki, erməni hökumətinin Azərbaycan Respublikasının ərazilərini işğal etməklə regionda güclü bir dövlətə çevrilmək xülyaları puça çıxıb. Politoloq Elman Nəsirli "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, Azərbaycanın şimalla cənub, Şərqlə Qərb arasında "qapı" rolunu oynadığını anlamayan və bütün beynəlxalq-iqtisadi layihələrdən məhrum olan Ermənistan yürütdüyü işğalçılıq siyasəti ilə ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti daha çıxılmaz hala sürükləyib: "Hazırda Ermənistan respublika olaraq bütün sferalarda tam süquta uğramaq üzrədir. Hadisələrin gedişatı isə, belə deməyə əsas verir ki, Ermənistan bir müddət sonra dəhşətli proseslərin poliqonuna çevriləcək və öz məhvinə imza atacaq".

Xarici ölkələrin ianələrinə möhtac qalan ölkədə xaos və anarxiya hökm sürdüyünü deyən politoloq onu da bildirdi ki, Cənubi Qafqaz regionunda öz maraqları naminə bəzi məlum dövlətlər Ermənistanı dəstəkləməsəydi, bu dövlət dünya xəritəsindən silinərdi: "Serj Sarkisyanın yürütdüyü ağılsız, təcrübəsiz siyasət nəticəsində Ermənistan fəlakətə, məhvə sürüklənir. Daxildəki problemləri həll edə bilməyən Sarkisyan hansı uğurlu xarici siyasət yürüdə bilər? Artıq neçə illərdir düyünə düşən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi işğalçı ölkənin qeyri-müəyyən addımları ucbatından öz real həllini tapa bilmir. Və Cənubi Qafqaz regionunda ən münaqişəli problem olaraq qalır. Gündən-günə vəziyyəti ağırlaşan təcavüzkar Ermənistan bir gün öz siyasi oyununun qurbanına çevriləcəyi isə şübhəsidir. Çünki bu gün Ermənistan hakimiyyətinin formalaşması qanundankənar baş verən bir hal kimi tarixə düşüb. Məlum olduğu kimi, Ermənistanın əvvəlki prezidenti Robert Köçəryanın varisi olan Serj Sarkisyanın hakimiyyətə gəlməsinin özü də qeyri-qanuni formada baş verib. Çünki R.Köçəryan qeyri-qanuni və cinayətkar yollarla hakimiyyətə gəlmişdir. Ölkəni idarəetmə prosesində də, əsasən, kriminal elementlərə daha çox üstünlük verilir. Bu gün isə S.Sarkisyanın rəhbərlik etdiyi dövrdə təkcə insan alveri deyil, eyni zamanda, digər məqamlarla da bağlı hakimiyyət səviyyəsində cinayətkarlıq müşahidə olunmaqdadır. Təbii ki, bu cür yollara, prinsiplərə söykənərək, dövlətin idarə olunması Ermənistanda siyasi sistemin və dövlətçiliyin məhv olunmasına gətirib çıxaracaqdır".

"İşğalçı dövlət qeyri-konstruktiv hərəkətləri ilə Azərbaycanı məcbur edir ki, Dağlıq Qarabağ problemini hərbi yolla həll etsin" fikrini söyləyən E.Nəsirli bildirdi ki, Ermənistan rəhbərliyi həmişə danışıqlardan, danışıqların nəticəsindən yayınır: "Ermənistan bütün beynəlxalq aləmdə utanmadan deyir ki, biz müharibə olmadan sülh, danışıqlar yolu ilə məsələni həll etmək istəyirik. Artıq 16 ildir ki, danışıqlar gedir, amma ortada real nəticə yoxdur. Torpaqlarımız işğal altındadır. Bunu da Ermənistan tək başına etmir. Təbii ki, Ermənistana pərdə arxası havadarlıq, himayədarlıq edən güclü qüvvələr var".

E.Nəsirli vurğuladı ki, əgər Ermənistan hakimiyyəti bilsə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayanda, ona heç kim dəstək, kömək olmayacaq, yəqin ki, Ermənistan hakimiyyətinin cəsarəti çatıb belə bir alçaq, qaniçən hərəkət etməz: "Lakin Ermənistan cəmiyyəti və rəhbərliyi bütövlükdə, çox dəqiq bilir ki, Ermənistan ordusu bu gün Azərbaycan ordusunun qarşısında çox aciz, cılız bir formada olan dəstədən ibarətdir. Bütün insident hallarında Ermənistan Azərbaycanın cəbhə xəttini atəşə tutmağa başlayanda, Ermənistan cavab atəşi nəticəsində susdurulur və onlar itki verərək, geri çəkilməyə məcbur olurlar. Azərbaycan Ordusu istənilən anda torpaqlarını işğaldan azad etməyə qadirdir. Bu, reallıqdır".

Aytən Səmədova

Digər xəbərlər