PDF Oxu

Sosial

  • 41

Rusiya Qafqazda hərbi təlimlər keçir

Zahid Oruc: "Vladimir Putin bu məşqlərdən sonra Qafqaz ölkələrinə səfər edəcək və o, portfelində gələcək geostrateji planlarının real mexanizmlərini özü ilə gətirəcək."

Rusiya Qafqazda hərbi təlimlər keçir

Sentyabrın 17-dən etibarən, Rusiya ordusu Şimali Qafqazda çoxdandır planlaşdırılan irimiqyaslı hərbi təlimlərə start verib. Bəzi ekspertlərin fikrincə, "Qafqaz-2012" hərbi təlimləri miqyasına görə Rusiyanın indiyəcən bu regionda təşkil etdiyi ən böyük hərbi təlimdir. Qeyd etmək lazımdır ki, bu təlimlərdə 8 minə yaxın hərbçi, 200 döyüş maşını, 100 artilleriya qurğusu, 10 hərbi gəmi iştirak edir. "Qafqaz-2012" hərbi təlimlərinin keçirilməsinin region üçün hansı əhəmiyyətə malik olduğunu "Səs" qəzetinə şərh edən millət vəkili Zahid Oruc bildirdi ki, "Qafqaz-2012" hərbi təlimləri, heç şübhəsiz ki, regional situasiyaya, hərbi təhlükəsizlik şəraitinə çox ciddi təsir göstərir: "Bu təlimlər bütövlükdə Qafqazdakı mühiti dəyişir. Bu inkarolunmazdır ki, Rusiya bunu sadəcə plan tədbiri kimi reallaşdırmır və bir neçə diviziyanı, 8 mindən artıq heyəti, çoxlu təyyarələri, tankları və topları buraya çıxarmaqla ən müasir avtomatları sınaqdan keçirməklə şərti deyil, dəqiq hədəflərə hesablaşmış fəaliyyət aparır. Şübhə yoxdur ki, bu Qafqaz uğrunda savaşın təlimidir və Abxaziyada, Osetiyada hərbi cəhətdən möhkəmlənəndən sonra Putin özünün prezidentliyi dövrünə Qafqazın bütövlükdə ələ keçirməsi üçün Avrasiya modeli çərçivəsində fəaliyyət planlarını hazırlamışdır.

Millət vəkili qeyd etdi ki, daxildə iqtisadi müstəvidə qeyi-adi nəticələr əldə etmək mümkün deyildi və xalqın müqavimət gücünü sadəcə bəyanatlarla yatırmaq asan məsələ deyil: "Bu fonda müxalif qüvvələrin öz imkanlarını səfərbər etməsi və V.Putin əleyhinə daha fəal mövqe qoyması onu xarici müstəvidə daha kəskin hərəkət etməyə vadar edir. Düşünürəm ki, qafqazlıların zəif nöqtə olması ona yaxşı bəllidir. Çünki 2008-ci ildən sonra Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaza yönəldilmiş siyasətində geri çəkilmə və tərəddüdlər mövcuddur. Digər bir yandan Gürcüstandakı qüvvələr nisbətinin dəyişməsi də prosesə mənfi təsir edib. Heç şübhəsiz ki, Avrasiya İttifaqını Avropa Birliyindən fərqləndirən cəhətləri saymaq olar. Avropa Birliyi dünya iqtisadi və ticarət fəaliyyətinin 20 faizini özündə daşıyır. Paralel şəkildə Avrasiya İttifaqına daxil olacaq ölkələr Avropa Birliyi ilə müqayisədə çox kiçik gücə malikdir".

Z.Oruc vurğuladı ki, Qafqaz üzərində hərbi diktat elementlərinin qalması onun həm xarici əlaqələrinə təsir göstərəcək, həm də gələcək münasibətlər, qüvvələr düzümdə də müəyyən rol oynayacaq: "NATO Baş Katibinin Anders Foq Rasmussenin bir bəyanat verməsi və şəffaflıq çatışmır, bizə açıqlamalar versinlər ki, bunun təyinatı nədir, konkret hansı hədəflərə yonəlmişdir, kimi siyasi fikir dilə gətirməsi Rusiyanı öz adıımlarından geri daşındırmır. 2008-ci ildəki səhnə sanki təkrar olunur. Onda da bəyanatlarla Rusiyaya qarşı durmaq istədilər. Şübhə yoxdur ki, planlar işlənib. Vladimir Putin bu məşqlərdən sonra Qafqaz ölkələrinə səfər edəcək və o portfelində gələcək geostrateji planlarının real mexanizmlərini özü ilə gətirəcək. O mexanizlərin nədən ibarət olacağını indidən təyin etmək çox çətindir. Şübhə yoxdur ki, bu palnalr regionun siyasi konfiqrasiyasına təsir göstərən planlardır. Onların mini-SSRİ modeli olmasını da demək düzgün olmaz. Bunlar indiki gerçəklikdə çox çətindir. Çünki beynəlxalq münasibətlər sistemi ötən əsrin əvvəllərinə olan şəraitlə ilə eyni deyil. Biz bu təlimlərə məhz mühüm siyasi proqramların, planların hərbi təminatı kimi yanaşırıq".

Babək Hacıyev

Digər xəbərlər