PDF Oxu

Sosial

  • 46

Azərbaycan ÜTT-yə tələsmir

Ziyad Səmədzadə: "Bizə deyirlər ki, fermerlərə kömək etməyin"

Azərbaycan ÜTT-yə tələsmir

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan ÜTT-yə daxil olması ilə bağlı bildirib ki, bu məsələdə ölkəmiz tələsmir: "Çünki Azərbaycan iqtisadiyyatı ildən-ilə güclənir və bu siyasət milli maraqlarımıza cavab verir. Qısa zaman kəsiyində ölkəmizin ərzaq təhlükəsizliyini təmin etdiyini vurğulayan komitə sədrinin fikrincə, əgər Azərbaycan 10 il öncə ÜTT-yə daxil olsaydı, biz bu gün müəyyən məsələləri təhlil edə bilməzdik. Azərbaycanın bütün idarəetmə strukturları, o cümlədən, Milli Məclis bu sahədə iş aparır. Hesab edirəm ki, ÜTT-ə daxil olmağa tələsmək olmaz. Çünki biz keçid dövrünü çox ağır şəraitdə keçirmişik. Bizim iqtisadiyyatımız erməni işğalı nəticəsində dağılb və s. Biz çalışırıq ki, ÜTT-lə danışıqlar prosesində bizim milli maraqlarımız tapdanmasın, daxili bazarımız qorunsun. Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycan ÜTT-yə daxil olacaq, amma daxil olana qədər biz gərək iqtisadiyyatımızı, onun ixrac potensialını qoruyaq".

Komitə sədri bildirib ki, Azərbaycan hazırda ÜTT-yə daxil olmaq üçün intensiv danışıqlar aparır. Z.Səmədzadənin fikrincə, bu danışıqların ana xəttini Azərbaycanın milli maraqlarının gözlənilməsi təşkil edir: "Bir çox ölkələr SSRİ dağıldıqdan sonra tələm-tələsik ÜTT-yə daxil oldular. Onların əksəriyyəti milli iqtisadiyyatın inkişafı baxımından çox ağır vəziyyətə düşdülər".

Z.Səmədzadənin sözlərinə görə, danışıqlar prosesində elə şərtlər qoyulur ki, bu şərtlər milli maraqlar baxımından qəbul edilmir. "Avropada fermerlərə göstərilən qayğı, yardım Azərbaycanda edilən köməkdən qat-qat yüksəkdir. Bizə isə deyirlər ki, bu dotasiyalar, köməklik aradan götürülsün. Əlbəttə ki, buna getmək olmaz", - deyən komitə sədri bununla belə Azərbaycanın ÜTT-yə üzv olmaq üçün danışıqları davam etdirdiyini vurğulayıb.

Z.Səmədzadə bildirib ki, bu təşkilata qəbul olunmaqla bağlı tələskənliyə yol vermək olmaz. Onun sözlərinə görə, çünki vaxtilə bir sıra ölkələr bu təşkilata üzv qəbul olundular və onların qısa bir zamanda milli iqtisadiyyatının vəziyyəti xeyli dərəcədə ağırlaşdı: "Vaxtilə bizə Qırğızıstanı misal göstərirdilər ki, bu ölkə necə tez bir zamanda ÜTT-yə qəbul olundu. Qırğızıstanın həmin təşkilata 12-13 il bundan öncə qəbul olunmasına baxmayaraq, baxın görün, onun bu gün iqtisadi durumu nə yerdədir, bu quruma hələlik üzv olmayan Azərbaycanın iqtisadi vəziyyəti nə yerdədir. Ona görə də hesab edirəm ki, bu məsələdə tələsmək olmaz. Düzdür, mən də Azərbaycanın bu təşkilata qəbul olunmasının tərəfdarıyam, ancaq bir şərtlə ki, bu quruma üzvlükdən sonra Azərbaycanın milli maraqları nəzərə alınsın"- deyə komitə sədri vurğulayıb.

R.Hüseynova

Digər xəbərlər