Bu il ünvanlı sosial yardım Azərbaycanda 123736 ailəyə verilib
Ümumilikdə, ünvanlı sosial yardım dövlətlərin yoxsulluqla mübarizəsinin bir forması olmaqla yanaşı sosial ədalət, bərabərlik və ünvanlılıq prinsipinə əsaslanır. Həmçinin, istənilən ölkədə bu metodların vahid bir məqsədi var ki, bu da ev təsərrüfatlarının hansının az təminatlı olduğunu düzgün müəyyənləşdirməkdən ibarətdir. Bunu nəzərə alan ölkə başçısı cənab İlham Əliyev "Ünvanlı dövlət sosial yardım haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanına əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi tənzimlənmişdir. Aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, və digər səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan sosial yardım almaq hüququna malikdirlər. Sosial uardım ailənin yaşayış yeri üzrə rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaradılmış komissiya tərəfindən təyin edilir. Sosial yardımın təyin edilməsi zamanı şəffaflığı təmin etmək məqsədi ilə, hüquqi-təşkilati formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların nümayəndələrinin təşəbbüsü ilə onların komissiyanın iclaslarında iştirakı təmin edilir. Sosial yardımın təyin edilməsinə və verilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir: "Vətəndaşlara və ya ailələrə ünvanlı sosial yardımın ayrılması zamanı həmin ailənin orta aylıq gəliri nəzərə alınır. Ailədə adambaşına düşən gəlir 75 manatdan azdırsa, bu ailə ünvanlı sosial yardım alır. Ailənin 4 üzvü varsa və onların gəlirləri ayda 200 manatdırsa, bu ailəyə 100 manat məbləğində ünvanlı sosial yardım verilir. Ailədə əmək qabiliyyətli şəxslər varsa, lakin onlar üzürsüz səbəbdən işləmirlərsə, onlara ünvanlı sosial yardım ödənilmir". Ailədə 8 yaşa qədər uşağın və 70 yaşdan yuxarı qocanın olduğu təqdirdə həmin ailəyə də ünvanlı sosial yardım düşür. Lakin bu barədə arayış tələb edilir. 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat məbləğində müəyyən edilib. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
Sosial yardımın 3 əsas prinsipindən biri bərabərlik prinsipidir. Başqa sözlə, sosial yardım bütün aztəminatlı ailələrə şamil edilir. 2012-ci ildə ünvanlı sosial yardım Azərbaycanda 123 736 ailəyə verilib. Bir ailənin orta əmək haqqı 105,60 manat, hər ailə üzvünün isə 24,2 manat həcmindədir. Azərbaycanın 27 rayon və şəhərlərində, sosial yardım üçün müraciət etmiş şəxslərin işlərinə elektron variantda baxılır. Vətəndaşların sənədləri elektron poçt vasitəsilə qəbul edilir. 2012-ci il hər bir ailə üzvü üçün ehtiyac meyarı 84 manat, yaşayış minimumu isə 108 manat müəyyən edilib. Araşdırmalarımız nəticəsində bəlli oldu ki, 4 nəfərdən ibarət ailənin aylıq gəliri 336 manatdırsa, onlara 136 manat məbləğində ünvanlı sosial yardım düşür. Həmçinin, 8 yaşınadək uşaqların böyüdüyü və 70-dən artıq yaşı olan şəxslərin yaşadığı ailələrə də ünvanlı sosial yardım verilir. Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yaşa görə müavinət alanların sayı 15,7 min nəfər, əlilliyə görə 105,5 min nəfər, ailə başçısını itirməyə görə 38,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 62,3 min nəfər olub. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 736 nəfər qəyyumuna, eləcə də, 10,4 min ailəyə 20,6 min uşaq üçün aylıq müavinət verilib. Uşaq müavinətlərini şəhid ailələrinin, müharibə əlillərinin uşaqları alıb. Bundan başqa, 7,6 min 1 yaşadək uşağa görə 7,5 min ailəyə sosial müavinət verilib. Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 517 zərərçəkən kompensasiya alıb. Bundan əlavə, 36,1 min nəfərə, o cümlədən, 30,1 min uşağın doğulmasına görə, 4,3 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 1,1 min nəfərə penitensiar xidmətdən azad olanlara və həyatını itirmiş 573 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib. Hər il minlərlə insan ünvanlı sosial yardım almaq üçün müraciət edir. Rayonlarımızda ünvanlı sosial yardım almaq üçün müraciət edən insanlara dərhal kömək göstərilir. Belə ki, Gəncədə ünvanlı sosial yardım almaq istəyənlərin 95 faizinin müraciətinə baxılıb və həmin insanların sənədləri qaydasında olduğu üçün sosial yardım ala biliblər. Hazırda Gəncədə 4 min 144 ailə (17 min 82 nəfər ailə üzvü) ünvanlı sosial yardım alıb. Gəncə şəhər Statistika İdarəsinin məlumatına görə isə hazırda Gəncədə 322 min 127 nəfər yaşayır. Şəhərdə sosial yardım alanların sayının 17 min 82 nəfər olduğunu nəzərə alsaq, onda Gəncədə əhalinin 5,3 faizinin yardım aldığı məlum olur. Hazırda Tovuz rayonunda da 2402 ailə ünvanlı sosial yardım alır. Bu ilin üç ayı ərzində mərkəzə 678 ailə ünvanlı sosial yardım almaq üçün müraciət edib ki, yoxlamalar zamanı onların 626-nın sənədləri qaydasında olub. Yerdə qalan 52 ailəyə isə "yox" cavabı verilib. Hazırda rayonda 10 min 720 nəfər sakin (2402 ailə) ünvanlı sosial yardımdan yararlanır.
Ailələrdən 1591-i təkrar, yerdə qalan 811 ailə isə ilk dəfədir yardım alır. Bu il Tovuzda 250 min 300 manat vəsait ünvanlı sosial yardım kimi sakinlərə verilib.
Ruqiyyə Cəfərova