1992-ci il oktyabrın 2-də rayon erməni silahlı birləşmələri tərəfindən işğal edilib
20 il öncə - 1992-ci il oktyabrın 2-də Xocavənd Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir. Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib.
Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal olunubdur. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılmışdır. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıbdır. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 kilometr avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıbdır. İşğal nəticəsində vurulmuş maddi-mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyibdir. Belə ki, rayonun 1202 hektar meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilibdir.
4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərilmiş, bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilmişdir. Bu qeyri-bərabər döyüşlərdə rayonun uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak etmişlər. Xocavənd rayonunun təkcə Qaradağlı kəndi ermənilərlə qeyri-bərabər mübarizədə 4 ay tam mühasirə şəraitində qalmış, səkkiz yüz nəfər sakini olan kənddə 91 nəfər şəhid olmuşdur. Bu, kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir. Xocavəndlilər öz ata-baba yurdlarının müdafiəsi uğrunda 145 nəfər şəhid vermişlər, bu isə rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biridir.
10 aprel 1994-cü il tarixdə Ümummilli Liderimiz Heydər Əliyev Xocavənd rayonu ərazisində cəbhə xəttinə səfəri zamanı Xocavənd taborunun döyüşçüləri ilə səmimi görüşmüş, igid Vətən oğullarına öz təşəkkürünü bildirmiş, bir neçə cəsur döyüşçünü isə Vətənin yüksək mükafatı ilə təltif etmişdi. Bu görüşdən ruhlanan əsgərlərimizin böyük şücaət və qəhrəmanlıqları sayəsində Xocavənd rayonunun - Dağlıq Qarabağın 14000 hektar ərazisi düşməndən azad edildi. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.
Bu gün talelərinə məcburi köçkünlük həyatı yaşamaq qisməti düşən xocavəndlilər ölkə Prezidenti İlham Əliyevin böyük qayğı və diqqəti ilə əhatə olunublar. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Bu gün məcburi köçkün soydaşlarımızın müvəqqəti olaraq rahat yaşamaları üçün bütün infrastuktura malik olan yeni qəsəbələr tikilir, insanlar hər cür rahatlığı olan evlərdə məskunlşırlar. Xocavəndin faciələr görən insanları yaxşı bilirlər ki, müharibə hansı fəlakətlər törədir. Müharibə anaların göz yaşı, itkilər, ağrı-acı və faciələr deməkdir. Təbii ki, ölkə başçısı İlham Əliyev də bu məsələnin sülh yolu ilə həll olunması üçün gərgin iş aparır. Beynəlxalq hüquq normaları, eləcə də, BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar münaqişənin dinc həllini nəzərdə tutur.
Xocavəndlilər üçün, bütün Azərbaycan üçün ədalətli müharibə hələ bitməyib. Hazırda işğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadir güclü ordumuz var. Bu gün Xocavəndin mərd və qorxmaz sakinləri bir istəklə yaşayırlar: nə qədər gec deyil Erimənistan dövləti öz xoşu ilə, heç bir şərt irəli sürmədən işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Bugünkü Azərbaycan dövləti Dağlıq Qarabağın işğal olunduğu dövrdəki Azərbaycan deyil. İndi qüdrətli dövlətimiz, qətiyyətli Ali Baş Komandanımız var. Bu gün Vətən həsrəti, qisas hissi ilə yaşayan xocavəndlilər bir nəfər kimi torpaqlarımızın yadelli işğalçılardan təmizlənməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün hər an silaha sarılmağa, ön cərgələrdə döyüşməyə hazırdırlar. Bu gün xocəvəndlilər inanırlar və əmindirlər ki, tezliklə xalqımız və dövlətimiz doğma yurdlarımızı, şəhidlərimizin uğrunda vuruşduqları müqəddəs torpaqlarımızı düşmən işğalından azad edəcək və qələbəmizin ildönümlərini doğma Qarabağda qeyd edəcəyik.
Aytən Səmədova