Bu günlərdə "ABC" nəşriyyatı tərəfindən Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Pərviz Kaziminin "Türk xalqlarının kitab və kitabxana mədəniyyəti" adlı monoqrafiyası işıq üzü görüb. Kitabın elmi redaktoru, əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Abuzər Xələfov, rəyçiləri filologiya elmləri doktoru Ramiz Əsgər və pedaqoji elmlər namizədi, dosent Knyaz Aslandır.
Türk xalqlarının kitab və kitabxana mədəniyyəti istiqamətində ilk kompleks yanaşma olan bu tədqiqat əsərində ən qədim dövrlərdən başlayaraq yazı, yazı materialı, əlyazma kitabı və kitabçılıq texnologiyaları ilə yanaşı, dastan və əsatirlərin, müqəddəs kitabların, lüğətçilik ənənələrinin türk xalqlarının kitab və kitabxana mədəniyyətində əhəmiyətli yeri öyrənilib, müxtəlif areallarda türk xalqlarının kitabxana quruculuğu, kitab məhsulunun repertuarı, kitabxana xidməti və mədəni əlaqələr araşdırılır.
"Türk xalqlarının əlyazma kitabı və onun yayılma arealı" adlanan birinci bölmədə göstərilir ki, türkdilli əlyazma kitabı çox mürəkkəb və spesifik hadisədir. O öz ifadəsini tarixən bir neçə növ yazıda tapmışdır. İslamın ilk əsrlərində ərəb əlifbası ilə yanaşı, türk xalqları məskunlaşdığı coğrafi arealdan asılı olaraq müxtəlif yazı sistemlərindən də istifadə etmişdilər. Heroqlif yazıları, uyğur əlifbası, Alban əlifbası, pəhləvi yazılarından istifadə edən türk xalqlarının böyük əksəriyyəti artıq islamın II əsrinə doğru tədricən islamı qəbul edərək ərəb dilini və ərəb əlifbasını mənimsəmiş, ədəbi və elmi abidələrini bu dildə yazıya köçürməyə başlamışdılar. Qorunub saxlanan ən qədim ərəb yazılı türkdilli əsərlərə misal olaraq müəllif XI əsrə aid olan Yusif Balasaqunlunun "Qudatqu bilik" və Mahmud Kaşqarinin "Divani lüğat it-türk" əsərlərini göstərir.
Əlyazma kitabı və onun mədəni areallarının bir-birinə bağlılıtından danışan müəllif qeyd edir ki, vaxtilə ümumi türk dövləti və qəbilə tərkibində eyni olmuş və ya eyni icmaya daxil olmuş qonşuların əlaqələri də çox sıx olmuşdur. Belə ki, XIX əsrə qədər Qafqaz (Azərbaycan) və Kiçik Asiya (Türkiyə) kitab arealları dil və ənənə baxmından oğuz-türk qrupu ilə qarşılıqlı vəhdətdə olmuşdur. Bu barədə müəllif daha sonra yazır: "Baxdığımız arealların hamısına xas olan ümumi bir cəhət var ki, bu da poetik əsərlərin nəsrdən, dünyəvi əsərlərin dini əsərlərdən nisbətən sayca üstünlük təşkil etməsi, tərcümənin (fars və ərəb dilindən) az miqdarda "Şərh" ədəbiyyatının, həmçinin, sahəvi ədəbiyyatın və müxtəlif janrların mövcud olması, ərəb yazılı əlyazma kitabı yaradıcılarının, xüsusilə də, çox tanınmış və mahir ustaların bir "mədəni" arealdan başqasına, az hallarda bir kitab arealından başqasına, bir hökmdarın yanından başqasının yanına getməsinin adiliyi göstərilə bilər. Bu, daim ənənələrin, repertuarın və s. yerinin dəyişməsinə, müsəlman kitab mədəniyyətinin inkişafına səbəb olurdu".
Tarixin və mədəniyyətin əsası olan yazı haqqında məlumatlar "Yazının başlanğıcı" bölməsində toplanmışdır. Çox uzun təkamül prosesi keçmiş yazının mərhələlərindən danışan müəllif onları bu cür qruplaşdırır: "Əşya yazısı; yazının şəklə çevrilməsinin ilk pillələri; fikri yazı (ideoqrafik yazı) və ya başqa bir ifadə ilə şəkli yazı (piktoqrafik yazı); fikri yazısından hərfi yazısına keçid; heca yazısından hərf yazısına keçid". Bu qrupların hər biri haqqında da kitabda geniş məlumat verilmişdir.
Qədim dünyanın əsas yazı sistemlərindən isə mixə yazı, Şumer yazıları və heroqliflərdən ətraflı məlumatlar da kitabda öz əksini tapmışdır. İlk əlifbaların meydana gəlməsindən danışan müəllif bu sırada ərəb, Orxon, uyğur, monqol, Ağvan əlifbalarına nəzər salır, onların bir-birilə qohum əlaqələrinə diqqət çəkir.
"Müqəddəs kitablar və kitabxanalar" adlanan bölmədə Quran, yəhudilikdə müqəddəs kitablar və tövrat, xristianlıqda müqəddəs kitablar, bəhailin, şamanizm, Buddanın müqəddəs kitabları, zərdüştilik, iudaizmdə müqəddəs kitablar, daosizm, kitab və kitabxana mədəniyyətində türk xalqlarının dastan və əsatirləri, həmçinin, türk xalqlarının kitab və kitabxana mədəniyyətində lüğətçilik ənənələrindən söhbət açılır. Adı çəkilən başlıqların hər birində çox maraqlı faktlar toplanmış və bu faktlara müəllifin diqqətçəkən şərhləri öz əksini tapmışdır.
"Kitab və kitabxana mədəniyyətində türk xalqlarının dastan və əsatirləri" bölməsində qeyd olunur ki, islamaqədərki mədəniyyətimizin böyük bir hissəsi məhz bu kitabxanalar vasitəsilə qorunub saxlanılmışdır. "Kitabi - Dədə Qorqud" dastanının türk xalqlarının ən qədim dastanı olduğunu xatırladan müəllif bu dastanın Drezden və Vatikan nüsxələri haqqında, eləcə də, "Alpamış" dastanı, onun versiyaları haqqında maraqlı faktlar toplamışdır.
Türk xalqlarının kitab və kitabxana mədəniyyətində lüğətçilik ənənələrindən danışarkən müəllif maraqlı bir fakta diqqət çəkir: "Azərbaycan mədəniyyətinin bir çox xüsusiyyətləri erkən orta əsrlərdə bütün türk xalqlarına da xas olmuşdur. Təəssüflə qeyd etməliyik ki, XX əsrin əksər tədqiqatçıları türkoloji axtarışlarını türk xalqlarının fərqləndirici əlamətlərini öyrənib üzə çıxarmağa həsr etmişlər. Bu, rus tədqiqatçıları ilə yanaşı, Avropa mütəxəssislərinə də aid oluna bilər. Ümumi cəhətlərin, tarixi köklərin və müştərək ənənələrin araşdırılmasında maraqlı tərəfləri müəyyəndəşdirmək türk tədqiqatçıları qarşısında duran vəzifələrdəndir".
Daha sonra qeyd olunur ki, qədim və orta əsr kitabxanalarının repertuarında lüğətçilik mədəniyyəti mühüm yer tutur. XI-XII əsrlərdə islam cəmiyyətinin tədriclə liberallaşması, elmi ədəbiyyatın çeşidinin genişlənməsi, əyalətlərdə insanların ərəb və fars dilli mənbələrdən istifadə etməsinə şərait yaradırdı ki, bu zaman məzmunlu lüğətlərə ehtiyac duyulurdu. Cəmiyyət məlumat ehtiyacını yaratdığı kimi, onların öyrənilməsinə də şərait yaradır və biz XI əsrdən başlayaraq belə lüğətlərin meydana gəlməsini müşayiət edirik.
Bu sırada qorunub saxlanmış ən qədim türk kitabının Mahmud Kaşqarinin "Divani lüğat it-türk" əsərinin olması da fikrimizi təsdiq edir. Bu kitab ümumtürk mədəni abidəsidir. Şərqi Türküstanda yazılmasına və Bağdad xəlifəsinə təqdim edilmək üçün hazırlanmasına baxmayaraq, lüğət bütün türk xalqlarının dilini, ləhcə və şivəsini əhatə etmiş, eləcə də, bu dillərin tanıdılması məqsədini daşımışdır.
Bədrəddin İbrahimin "Fərhəngi zəfərquya və cahannuya" və Dehxodanın "Lüğət-nameyi Dehxoda" əsərlərini tədqiqata cəlb edən müəllif göstərir ki, bu və bu kimi digər lüğətlər (bu sırada müəllif 50-dən artıq belə lüğətin siyahısını verir və qeyd edir ki, bu siyahının kamil və bitkin olması haqqında heç bir iddiamız yoxdur. Bu yöndə tədqiqatlar davam etdiriləcəkdir) XI-XVIII əsrlərdə geniş coğrafi arealda yayılaraq türk xalqlarının inkişafına mühüm təsir göstərmişdir.
"İslam dövrü mədəniyyətində əlyazma kitabı" bölməsində xətt və xətt üslubları: kufi, mühəkkək, reyhani, suls, tauki, rika, nəxs, təlik, şikəsteyi-təlik, nəstəlik, şikəsteyi-nəstəlik xətlərindən danışılır, bədii yazı sənətkarlığı, xəttatlıq sənətində təlim və peşəkarlıq, əlyazma kiğabının istehsalında xəttatın statusu və sosial vəziyyəti, xəttat əməyinin keyfiyyəti və qiymətləndirilməsi araşdırılır. Əlyazma kitabının yayımı və kitab ticarəti, orta əsr kitabxanalarında oxucu problemləri, Türkiyədə ərəbyazılı türk əlyazma kitabı və kitabxanaları tədqiqata cəlb edən müəllif Türkiyədə kitab çapına başlanması və Osmanbəy mətbəəsi haqqında, eləcə də, Türkiyə Cümhuriyətində kitabxana işinin inkişafından, burada milli kitabxananın yaradılması və fəaliyyətindən, Türkiyə Böyük Millət Məclisinin kitabxanası və müasir kitabxana xidmətindən zəngin məlumatlar verir.
"Qafqaz arealında kitab və kitabxanalar" bölməsində göstərilir ki, bu arealın ərazisi özündə Zaqafqaziyanı bütünlüklə və İranın şimal rayonlarını birləşdirir. Arealın əsas dilinin Azərbaycan dili olduğunu göstərən müəllif bu arealda yaşayıb-yaratmış sənətkarlardan danışır, arealda türkdilli əsərlərin Cənubi Azərbaycanın, Dağıstanın müxtəlif yerlərində, həmçinin, Tiflis şəhərində yazıldığını qeyd edir.
Monoqrafiyada, həmçinin, Qıpçaq çölü və Ural arealı: krım tatar xalqının kitab və kitabxana mədəniyyəti, noğaylar, Tatarıstanda və Başqırdıstanda kitabxana işindən, Orta Asiya arealında - şərqi Türküstanda, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda, Qırğızısından da əlyazma kitab və kitabxanaların yaranmasından və hazırkı vəziyyətindən danışılır.
Kitabda diqqətçəkən məqamlardan biri də farsdilli ərəbyazılı türk əlyazma kitabının repertuarının tədqiqata cəlb olunmasıdır.
Monoqrafiyanın ərsəyə gəlməsində zəngin ədəbi mənbələrdən istifadə olunmuş, dövlətçiliyi olan türk xalqları ilə yanaşı, dövlətçiliyi olmayan türk əsilli xalqların kitab və kitabxana mədəniyyəti, eləcə də, son 20 ildə türk xalqlarının kitab və kitabxana mədəniyyəti sahəsində baş vermiş inteqrasiya prosesləri tədqiq edilmişdir.
Şəhla Tahirqızı,
Bakı Dövlət Universitetinin dosenti