Londonda keçirilən "WTM 2012" Beynəlxalq Turizm Sərgisi zamanı yayılmış məlumatlarla bağlı Mədəniyyət və Turizm Nazirliyi bəyanat verib
Bildiyimiz kimi, Londonda keçirilən "WTM 2012" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi təmsil olunub. Sərgi günlərində Ermənistanın müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycan stendində bu ölkəyə qarşı təbliğat-təşviqat materiallarının paylanılması və Ermənistan nümayəndələri ilə Sərginin Təşkilat Komitəsi tərəfindən bu kampaniyanın qarşısının alınması barədə bir sıra yanlış məlumatlar öz əksini tapıb.
Qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bildirib ki, təmsil olunduğu hər bir beynəlxalq turizm sərgisində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin ayrıca stendlə təmsil olunmasının qarşısı alınır. Bu məsələdə Ermənistan tərəfindən hər hansı bir cəhd olunduğu təqdirdə nazirliyin nümayəndələri və ya həmin ölkədə akkreditə olunmuş Azərbaycan səfirliyi sərgi təşkilatçılarına dərhal məlumat verir və onlar tərəfindən müvafiq tədbirlər görülür.
Ölkəmizin stendindəki bütün çap məhsullarında verilən məlumatlar isə dünya ictimaiyyəti tərəfindən dəstəklənən respublikamızın ərazi bütövlüyü çərçivəsində təqdim olunur və buna görə də onların paylanması heç vaxt sərgi təşkilatçıları tərəfindən sual altına qoyulmur.
Bu il də, hər il olduğu kimi, "WTM 2012" Beynəlxalq Turizm Sərgisində Dağlıq Qarabağ bölgəsi ayrıca stendlə təmsil olunmayıb (Ermənistan stendində Karabakh adlı şirkət iştirak etmişdir), ölkəmizə aid stenddə Azərbaycanın digər turizm potensiallı regionları ilə yanaşı, Qarabağ və Şuşa ilə bağlı bukletlər ziyarətçilərə paylanmış və sərgi təşkilatçıları tərəfindən hər hansı bir xoşagəlməz hadisə baş verməmişdir.
Bütün bunları nəzərə alaraq, Ermənistanın kütləvi informasiya vasitələrində yayılan məlumatlar tamamilə əsassız hesab edilir və bu iftiraların həmin ölkənin daxili siyasətində müəyyən dividendlərin qazanılması məqsədilə hazırlanması kimi qiymətləndirilir.
NƏZAKƏT