PDF Oxu

Sosial

  • 28

İraqdakı konfliktə dair

İraqdakı konfliktə dair

Ümumiyyətlə, tarixə nəzər saldıqda, İraq, İslam mədəniyyəti içərisində xüsusi bir ölkə olaraq hər zaman diqqət mərkəzində olmuşdur. İraqın paytaxtı olan Bağdad şəhərinin tarixdə sülh şəhəri(mədinətu`-səlam) və xəlifələr şəhəri olması bir çox cəhətdən aktuallıq kəsb etmiş və etməkdədir. Müasir dövrdə isə Səddam rejiminin çətinlikləri, İraqın ABŞ və müttəfiqlər tərəfindən işğal edilməsi faktiki olaraq İraqın parçalanmasına gətirib çıxardı. Nəticədə, İraq federasiyalı bir sistemə keçdi. Hal-hazırda isə İraqın tərkibində olan Şimali Kürdistan adlanan əyalət ilə mərkəzi İraq höküməti arasında konfliktlərin olması regionda siyasi və hərbi çəkişmənin daha da güclənməsi ilə nəticələnməkdədir. Əlbəttə ki, bu konfliktin bir çox səbəbi vardır.

İlkin olaraq İraq baş naziri Nuri əl -Maliki ilə Şimali Kürdistan əyalətinin başçısı Məsud Bərzani arasındakı ordu, neft və digər məsələlərdə anlaşmazlıqlar konfliktin bu həddə gətirilib çıxarılmasına səbəb oldu. Belə ki, Mərkəzi Bağdad hökümətinin Məsud Bərzaniyə aid ordu qüvvələrini də mərkəzləşdirilmiş şəkildə idarə etmə tələbi, Bərzaninin xüsusilə Türkiyə ilə olan isti əlaqələri və Türk Petrollar Şirkərinin Şimali Kürdistanda neft axtarma-qazma işlərinə girişməsini qeyd etmək olar. Məsələnin arxa planı olaraq bunun İraq mərkəzi hökumətindən icazəsiz edilməsi baş nazir Nuri əl-Malikini digər addımlar atmağa sövq etdi. Əlbəttə ki, burada son dövrlərdə İraqın vitse-prezidenti Tarıq əl-Haşiminin haqqında Nuri-əl-Malikinin təlimatı ilə cinayət işinin açılması və onun Türkiyəyə sığınması da öz rolunu oynamışdır. Burada qeyd edilməlidir ki, Tarıq əl Haşimi İraq sünnilərinin lideri olaraq qəbul edilməkədir. Məhz İraq baş naziri Nuri əl-Maliki isə şiə olmaqla bərabər İran hökuməti ilə də sıx əlaqələri mövcuddur. Yeri gəlmişkən qeyd etməliyəm ki, İraq və ümumiyyətlə, Orta Şərqə dair siyasi analizlərdə regiondakı din, məzhəb və təriqətin siyasətdə çox böyük funksional rola malik olduğunu yaddan çıxarmaq olmaz. Məhz Suriyadakı problemlərin və konfliktin daha da qızışmasının başında bu məzhəb və təriqət rəngarəngliyi durmaqdadır. Hal-hazırda isə İraqdakı bu konfliktə kürd etnik kimliyi də əlavə olunaraq vəziyyət daha da mürəkkəb hala gəlməkədir. Nəticədə, İraq ərəb, Türkmən və kürd etnik kimliyi ilə mozaik bir mahiyyət daşımaqdadır. Bütün bunları nəzərə almadan İraqdakı siyasi gedişləri anlamaq mümkün deyil.

Hal-hazırda Məsud Bərzani, Nuri əl Maliki və Prezident Cəlal Təlabani arasında dialoq məqsədi ilə heyətlər gedib gəlir. Ancaq həm Mərkəzi Bağdad hökuməti, həm də Məsud Bərzaniyə bağlı ordular Kərkük və digər şəhərlərin sərhədində "hazır ol" mövqeyinə keçərək "vur" əmrini gözləyirlər. İraq prezidenti Cəlal Təlabani isə, öz növbəsində, ordunun səlahiyyətli şəxslərinə "hərbi hərakatı dayandırın" təlimatı verdiyini və tabe olmayacaqları təqdirdə isə qanuni yollara müraciət edəcəyini ifadə etmişdir.

Digər tərəfdən İraq Kürdistan əyalətinin baş naziri Neçirvan Bərzani, Bağdad mərkəzi hökuməti ilə olan konfliktin İraq konstitusiyası çərçivəsində həll edilə biləcəyini vurğuladı. Məhz İraq Milli Məclisinin sədri ən-Nuceyfinin hər iki tərəflə olan təmasları da hərbi gücün işə salınmayacağı arqumentini daha da gücləndirir.

Bu konfliktdə ABŞ, ilkin olaraq tərəflər arasında vasitəçi ola biləcəyini bəyan etsə, həm Mərkəzi Bağdad höküməti, həm də Şimali Kürdistan səlahiyyətliləri buna isti yanaşmırlar. Artıq onlar da üçüncü bir qüvvənin İraqın daxili işlərinə qarışmasını istəmirlər. Belə bir vəziyyətin İraqda yaranmasını bəzi siyasi ekspertlər yaxınlaşan seçimlər ilə əlaqədəar olduğunu vurğulayır. Belə ki, baş nazir Maliki kürdləri mərkəzi hökümətə daha çox tabe etdirərək seçimlərdə sünni müsəlmanların da səsini almaq üçün belə hərəkət etməkdədir. Məhz 2013-cü il aprelə qədər baş nazir Maliki öz gücünü bütün İraqda möhkəmlətrmək istəyir.

Nəticədə, hal-hazırda İraqda tərəflər arasında yaranan siyasi-hərbi konflikt region ölkələri üçün də təhlükə yaratmaqdadır. İraqda vəziyyətin daha da gərginləşməsi və hərbi müdaxilələrin baş verməsi, Türkiyə, İran, Suriya və İsrailə də öz təsirini göstərəcəkdir. Məhz Orta Şərqdə davamlı olaraq belə çaxnaşmaların yaranması, eyni zamanda, bu regiona hakim olmağa çalışan qlobal güclərin də istəklərinə tam cavab verməkdədir.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər