Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilibdir. Belə ki, həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 360 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə, müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilibdir. Saxlanılan əcnəbilər arasında Pakistan, Özbəkistan, Türkiyə və Gürcüstan vətəndaşları üstünlük təşkil edib.
Həftə ərzində inzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 265 nəfəri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsi (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə, qeydiyyatsız yaşamasına), 63 nəfəri 339.1.2-ci maddəsi (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına), 27 nəfəri isə 339.1.4-cü maddəsi (işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmasına) ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğində cərimə edilib.
Həmçinin, işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək, qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılmışdır. Keçirilmiş tədbirlər nəticəsində 4 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar edilmiş və müvafiq sənədlər tərtib olunubdur.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək, qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
Ülvi