PDF Oxu

Sosial

  • 25

Şahdağ qış-yay turizm kompleksi Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur

Şahdağ qış-yay turizm kompleksi Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur

Əlverişli təbii şəraiti, zəngin mədəni-tarixi irsi ilə tanınan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivinə malikdir. Ölkəmizdə turizmin növlərinin - kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s. inkişafı üçün geniş zəmin var. Bu baxımdan ölkəmizdə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün zəruri imkaların mövcudluğu bu gün dünya məkanında Azərbaycanın turizmi ölkəsi kimi tanınmasına gətirib çıxarıb. Azərbaycan Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" turizin inkişafına yeni yollar açdı. Görülən işlərin nəticəsi minlərlə insanın ölkəmizə turist olaraq axınına gətirib çıxardı.

Məlum olduğu kimi, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Turizmin inkişafı və bu sahənin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi məqsəd olaraq qarşıda duran vəzifələrdəndir. Son illər Azərbaycanda sosial-iqtisadi inkişaf turizm sektorunun yüksək səviyyədə inkişafına müsbət təsirini göstərir. Bildiyimiz kimi, Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir. Dövlət Proqramı əsasında ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi istiqamətində kifayət qədər uğurlar qazanılıb. Ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyət həyata keçirilib. Turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməsi nəticəsində səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizmləri yaradılıb. O cümlədən, Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilərək yayılıb. Turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirib.

Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün ölkəmizdə münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub. Milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib. Görülən işlərin və reallaşan Dövlət Proqramının nəticəsidir ki, Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Statistik göstəricilərə diqqət yetirsək görərik ki, əgər 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 idisə, bu gün onların sayı 4 dəfədən çox artıb. Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir və 2002-ci ilə nisbətən onların sayı 3 dəfədən çox artmışdır.

Bütün görülən işlərlə bahəm ardıcıl olaraq yeni turizm obyektləri də tikilərək istifadəyə verilir. Bildiyimiz kimi, Şahdağ qış-yay turizm kompleksinin inşası ölkəmizdə turizm sənayesinin inkişafına mühüm töhfə verməklə yanaşı, həm də Azərbaycanın tanıdılması, qədim tariximizin, mədəniyyətimizin və təbiətimizin təbliği istiqamətində əhəmiyyət daşıyır. Azərbaycanın tarixində ilk dağ-xizək kurortu olan Şahdağ qış-yay turizm kompleksi bu məkana diqqəti xüsusilə artıracaqdır. Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikildiyi sahə ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu layihənin reallaşdırılması ölkədə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Kompleksin tikintisi çərçivəsində ərazidə yeni otellər şəbəkəsi yaradılır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusara səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksinə daxil olan "Qaya" və "Zirvə" otellərinin açılışı da adı çəkilən otellər şəbəkəsi sırasındadır. İnşası başa çatdırılan otellərdə yaradılan şərait göstərir ki, son illərdə ölkəmizdə həyata keçirilən ən böyük infrastruktur layihələrindən olan bu kompleks dünya standartlarına uyğun hazırlanıb. Bu otellərdə yaradılan yüksək şərait Şahdağ qış-yay turizm kompleksinin əhəmiyyətini daha da artırır. Digər tərəfdən də bu, ərazidə həyata keçirilən işlərin miqyasını göstərir.

Onu da diqqətə çatdıraq ki, bu layihə çərçivəsində yaxın dövrdə yeni kanat yollar salınacaq, müxtəlif klublar, kiçik mehmanxanalar, Şahdağ Gənclər Mərkəzi və s. inşa olunacaqdır. Eyni zamanda, at fermasının fəaliyyəti də nəzərdə tutulub. Bütün görülən və həyata keçiriləcək kompleks işlər xarici turistlərin Azərbaycana olan diqqətini daha da artıracaqdır.

NƏZAKƏT

Digər xəbərlər