PDF Oxu

Sosial

  • 35

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporları arasında əməkdaşlıq güclənəcək

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporları arasında əməkdaşlıq güclənəcək

Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata istinadən, 24-25 yanvar tarixlərində Bakıda Türkdilli Ölkələrin Əməkdəşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin ilk görüşü keçiriləcək.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə keçiriləcək görüşün başlıca məqsədi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporları arasında əməkdaşlığı gücləndirmək, türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi üçün səylərin birləşdirilməsi və gələcək fəaliyyət strategiyasının müəyyənləşdirilməsidir.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınc, Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Talqat Mamaşev, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Kemal Yurtnaç, Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyinin məşğulluq və miqrasiya məsələləri departamentinin direktoru Keştakbek Aytımatov, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri və digər səlahiyyətli nümayəndələrinin iştirakı gözlənilir.

Görüş çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının Məşvərət Şurasının yaradılması, 2013-cü ildə türkdilli ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun keçirilməsi, türkdilli xalqların diaspor təşkilatları rəhbərlərinin birgə fəaliyyət strategiyasının hazırlanması və Koordinasiya Şurasının yaradılması ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, tədbirin keçirilməsi haqqında qərar Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibliyinə üzv dövlətlərin xarici işlər nazirlərinin iştirakı ilə 2012-ci il sentyabr ayının 26-da ABŞ-ın Nyu-York şəhərində keçirilmiş görüşdə verilmişdir. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin ilk görüşü olan bu tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilir.

ZÜMRÜD

Digər xəbərlər