PDF Oxu

Sosial

  • 36

Qışda yaz havası

Qışda yaz havası

Adətən, qış aylarında müşahidə etdiyimiz soyuq hava kütləsi bu qış Bakıdan yan keçdi desək, yanılmarıq. İqlim dəyişkənliyi Azərbaycanın rayonlarında, o cümlədən də, paytaxt Bakıda özünü göstərməyə başlamışdır. Bir sıra rayonlarda güclü küləkli, Bakıda isə soyuq şaxtalı havadan sonra isti hava şəraiti hökm sürür. Bu cür temperatur yanvar ayına xas olmayan bir cəhətdir. Bakıda mövcud olan hərarət çoxillik iqlim normasından yüksək hesab edilir. Bunun səbəbi isə ölkə ərazisinə cənubdan daxil olan isti hava kütləsidir. Yanvar ayında Bakıda ən yüksək hərarət 1979-cu ildə qeydə alınıb. Belə ki, həmin il paytaxtda ən yüksək temperatur 22,3 dərəcə isti olub.

Havanın insan səhhətində, eləcə də, əhval-ruhiyyəsində rolu böyükdür. Fəsillər müxtəlif olduğu kimi, insanlara və ətraf mühitə də təsiri müxtəlif şəkildə özünü göstərir. İqlimin belə dəyişməsi həssas orqanizmlərdə problemlərə yol açır, xüsusilə də, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdən yan ötüşmür. Yaşlı insanlarda orqanizmin müxtəlif orqanların funksiyalarında müəyyən məhdudiyyətlər yaranır. Belə olan halda, həkimlər belə qənaətə gəlirlər ki, bu cür xəstələr çox vacib olmadığı halda, havaya çıxmasınlar və yaxud da istifadə etdikləri dərman preparatlarını özləri ilə götürməyi unutmasınlar. Çox vacib hallarda isə həkimə müraciəti unutmasınlar. Qış aylarında qar yağmadığı tədqirdə bir çox viruslar baş qaldırır, xoşagəlməz xəstəliklər yayılır. Havanın birdən-birə bu cür yüksəlməsi zamanı insanlarda imunitetin zəifləməsi də baş verir ki, buna da gərək özümüz biganə yanaşmayaq. İmunitetimizi daha da gücləndirməli və çalışdığımız qədər isti geyimlərdən istifadə etməliyik. İsti havanı fürsət bilib insanlar parklara, istirahət mərkəzlərinə üz tutublar. Futbol oynayana bax, nərd atana bax.

Onu da qeyd edək ki, havaların bu cür isti keçməsi kənd təsərrüfatına da mənfi təsirini göstərmişdir. Qış fəslində bu cür anormal istilər ziyanvericilərin artmasına, eyni zamanda, tez oyanan bitkilərin tumurcuqlanması və çiçək açmasına səbəb ola bilər. Bu hal da meyvə məhsulunun məhvinə gətirib çıxarır. Axı torpaq üçün yağış və qar çox önəmli faktordur.

İntizarə Məmmədova

Digər xəbərlər