PDF Oxu

Sosial

  • 60

Əkrəm Əylsili Azərbaycan xalqının adına ləkədir

Aydın Hüseynov: "O, bu millətin adını daşımağa layiq deyil"

Əkrəm Əylsili Azərbaycan xalqının adına ləkədir

Azərbaycan xalq yazıçısı Əkrəm Əylislinin "Drujba narodov" jurnalında dərc olunan "Daş yuxular" əsəri ictimai rəydə ciddi müzakirə və kəskin qınaq obyektinə çevrilib. Xatırladaq ki, Ə. Əylisli öz dırnaqarası əsərində daha çox "zavallı" erməni obrazını təbliğ edib. Ermənistan-Azərbaycan konfliktinə həsr olunan romanda ermənilərin azərbaycanlıların zülmünə məruz qaldığı qabarıq şəkildə verilir və bu zaman Qərbi Azərbaycandan erməni daşnakları tərəfindən qovulan azərbaycanlıların Bakıda erməniləri öldürdüyü bildirilir, tarixi Azərbaycan torpaqlarından qovulan soydaşlarımız "yeraz" və digər alçaldıcı jaroqn ifadələri ilə oxucuya təqdim olunur.

"Daş yuxular"da yer alan fikirlərə münasibət bildirən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Aydın Hüseynov vurğulayıb ki, Ə.Əylisli ilk növbədə, dövlət tərəfindən ona verilən bütün titullardan məhrum edilməlidir: "O, yazır ki, azərbaycanlılar vəhşidir. Buna görə biz onu qınayırıq, lənətləyirik. Təbii ki, bir az araşdırdıq və gördük ki, zaman-zaman bunun bu kimi motivlərdə digər əsərləri də olub. Sadəcə, cəzasız qaldığına görə daha böyük iddialara düşüb. Belələrinin Azərbaycanda yaşaması absurddur."

"Təmiz azərbaycanlı bu qədər irəliyə gedərək", belə ifadələri qələmə alıb, ictimailəşdirməz" deyə vurğulayan A.Hüseynov onu da qeyd edib ki, bu, sırf olaraq, azərbaycanlılara, böyük türk millətinə qarşı düşmən kəsilmiş adamların işidir: "Bu insan milləti, dövləti və xalqımızı təhqir edir. Xocalı soyqırımı,1988-1989-cu illərdə azərbaycanlıların Ermənistandan kütləvi, vəhşiliklərlə dolu deportasiyası, tariximizə qanla yazılmış 1918-ci il 31 mart soyqrımı, bunları görməmək, hiss etməmək üçün gərək kor və zəlil olasan".

Ümumiyyətlə, Ə.Əylislinin həmişə ajiotaj yaratmağı sevənlərdən biri olduğunu deyən YAP Siyasi Şurasının üzvü daha bir maraqlı məqama toxunub və bildirib ki, əgər o bir erməni yazıçısı kimi, həmin hadisələri Ermənistanda dərc etdirsəydi, daha acınacaqlı vəziyyətə düşərdri : "Onun xoşbəxtliyi ondadır ki, Ermənistanda anadan olmayıb. O, düşmən ölkədə bu qələtləri etsəydi, onu bir dəqiqə də sağ qoymazdılar. Sumqayıtda baş vermiş hadisələri, Xocalı dəhşətlərini unudan bir yazıçıya nə demək olar".

Ə.Əylislinin zamanın nəbzini tutmaq istəyən və çox sifətli adam oluduğunu deyən A.Hüseynov qeyd edib ki, əslində, o, məlum əsərində öz fikirlərini söyləməyib: "Ə.Əylisli həmişə ikiüzlü, yaltaq və əyri fərd olub. İndi də baxdı və gördü ki, vaxtilə türk xalqını təhqir edərək, Nobel mükafatı almış Orxan Pamuk olmaq heç də çətin məsələ deyil. Yəni gördü ki, o da zamanında erməniləri tərifləyərək, Nobelə sahib olub və qərara gəldi ki, niyə də Ə.Əylisli O.Pamuk olmasın?".

A.Hüseynov sonda vurğulayıb ki, Azərbaycanın tanınmış ziyalıları, dövlət və mədəniyyət adamları aşkar şəkildə öz mövqelərini bəyan ediblər. Bu kəskin qınaqlar başadüşülən və haqlı etirazlardır: "Təbii ki, Azərbaycanın vicdanlı-qeyrətli insanları buna öz mövqeyini bildirəcək. Mənim də mövqeyim birmənalıdır. Xalq yazıçısı adı onun üzərindən götürülməlidir. Eyni zamanda, onun Azərbaycan vətəndaşlığından kənarlaşdırılması məsələsi ortalığa qoyulmalıdır. O, bu millətin adını daşımağa layiq deyil".

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər