PDF Oxu

Sosial

  • 72

Tükənməz inkişaf və reallaşan dövlət proqramları

Azərbaycanda aparılan islahatlar Lənkaran rayonunun iqtisadiyyatının inkişaf etməsinə şərait yaradıb

Tükənməz inkişaf və reallaşan dövlət proqramları

Dünən Lənkaran rayon icra hakimiyyətinin akt zalında rayonun 2012-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən işlərə yekun vurularaq, 2013-cü il üçün qarşıda duran vəzifələr geniş müzakirə olundu. Hesabat yığıncağında Lənkaran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi. T.Qaraşov Azərbaycan dövlətinin çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirdiyini, yeni iş yerləri açıldığını və regionların yüksək inkişafının təmin olunduğunu vurğuladı. İqtisadi inkişaf yolunda inamla irəliləyən, regionun aparıcı dövlətinə çevrilən Azərbaycanın bölgələrinin gündən-günə daha da çiçəkləndiyini söylədi. Prezident İlham Əliyevin rəhbərliyi altında regionlarda yeni sənaye müəssisələri, nəhəng sağlamlıq mərkəzləri, təhsil ocaqları, müasir idman kompleksləri, göz oxşayan parklar istifadəyə verilir, minlərlə insanın əməyə cəlb olunması onların rifah halının yaxşılaşması ilə nəticələnir. Azərbaycanda ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, bütün bölgələrdə olduğu kimi, Lənkəran rayonunda da yüksək nəticələrin əldə olunmasına imkan yaradıb. Sadəcə, olaraq, ötən ilin göstəricilərinə diqqət yetirmək kifayətdir.

Rayon icra hakimiyyətinin başçısı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Azərbaycanın sosial-iqtisadi uğurlarının paytaxtla yanaşı, bütün bölgələrini əhatə etdiyini vurğulayaraq onu da bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdirilən daxili və xarici siyasət xəttinin, düşünülmüş iqtisadi və hüquqi islahatların real nəticələrinin ötən ilin yekunlarında özünün bariz əksini tapdığını vurğuladı: "Ötən ildə ölkə iqtisadiyyatında davam etmiş artım Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə yüksək nəticələr əldə olunmuşdur. Əlbəttə, ötən il rayonumuzun ictimai-siyasi həyatında ən əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 31-də şəhərimizə səfəri olmuşdur. Ölkə başçısı səfər çərçivəsində rayonda aparılan abadlıq, quruculuq işləri ilə tanış olmuş, şəhərdə Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının, Lənkəran sərhəd dəstəsinin inzibati binasının yenidənqurmadan sonra açılışında, Gənclər Mərkəzinin və 5 ulduzlu müasir standartlara cavab verən turizm otel kompleksinin təməlqoyma mərasimində iştirak etmiş və rayonun ziyalıları ilə görüşmüşdür. Görüş zamanı Cənab İlham Əliyev ölkədə və eləcə də, rayonumuzda sosial-iqtisadi inkişişafın yüksək sürətlə davam etdiyini qeyd edərək, regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramının rayonda uğurla davam etdiyini vurğulamış və bu sahədə rayon əhalisinə uğurlar arzulamışdır. Artıq bu gün Lənkaran rayonu inkişaf dövrünü yaşayır, böyük tikinti- quruculuq və abadlıq işlərinə başlanılmışdır. Ölkəmizin iqtisadiyyatı uğurla inkişaf etməkdədir. Hər ili böyük nailiyyətlər və qələbələr ili kimi yekunlaşdırırıq. Bu uğurların arxasında mütərəqqi baxışların daşıyıcısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli maraqlara uyğun apardığı xarici və daxili siyasəti dayanmışdır".

T.Qaraşov ötən bir ildə rayonda xeyli işlərin görüldüyünü vurğulayaraq bildirdi ki, ümumi məhsul buraxılışının həcmi 323,3 milyon manat olmuş və keçən illə müqayisədə 15,4 faiz artmışdır: "İl ərzində fəaliyyətdə olan 32 sənaye müəssisəsi tərəfindən 19,2 milyon manatlıq məhsul istehsal olunmuşdur. Sənaye müəssisələrində 860 ton meyvə-tərəvəz konservi, 238,3 ton qablaşdırılmış çay, 38,8 ton kərə yağı, 632,7 ton pendir və kəsmik, 341,6 ton üzlü süd məhsulu istehsal edilmiş, 6640 kub/metr kərpic buraxılmışdır. Müasir standartlara cavab verən "Nur-süd" MMC-də "Pal-süd" markası ilə süd məhsulları istehsal edilir. Ötən il müəssisədə 12 çeşiddə 6400 ton süd və süd məsulları istehsal olunmuşdur. "Pal-food" MMC-də 180 tondan çox "Pal dad" markası ilə dondurma məhsulu buraxılmış, "Lənkəran-çay" MMC-də, "Lənkəran-çay-5" ASC-də, "Sun-tea" MMC-də 137 ton yaşıl çay yarpağı emal edilmiş, "Lənkəran konserv" müəssisəsi yenidənqurmadan sonra yeni texnologiya ilə fəaliyyətə başlamışdır. İl ərzində sənayedə 1388 nəfər çalışmış və işləyənlərin orta aylıq əmək haqqı 5,1 faiz artaraq 227 manata çatmışdır. İl ərzində rayonda 1938 yeni iş yeri açılmışdır ki, onlardan da 1340-ı daimi iş yerləri olmuşdur".

T.Qaraşov ötən ildə ölkə Prezidentinin təşəbbüsü ilə əhaliyə sovet dövründən dondurulmuş əmanətlərin qaytarılması prosesinin Lənkaranda da aparıldığını və Kapital Bankın Lənkəran filialı tərəfindən 16260 nəfər vətəndaşa 8,2 milyon manat vəsait ödənildiyini bildirdi. Rayon rəhbəri ötən il rayonda aztəminatlı ailələrə 4,1 milyon manat ünvanlı dövlət sosial yardımın verildiyini də söylədi: "İl ərzində sosial müavinətlərin ödənilməsinə, Milli qəhrəman və şəhid ailələrə, fəxri adları olan şəxslərə və digər imtiyazlı təbəqələrə, ümumilikdə 6485 nəfərə 3,2 milyon manat vəsait ödənilmişdir. Rayonda yaşayan 129 nəfər tənha, ahıl və əlil vətəndaşa 14 sosial işçi xidmət göstərmişdir. Pulsuz avtomobil almaqdan ötrü növbədə olan imtiyazlı şəxslərdən 3 nəfərinə "Lifan" markalı avtomobil təqdim edilmişdir".

Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar oldu. Məruzə ətrafında çıxış edənlər əldə olunan uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışaraq, Lənkaran rayonunun hesabatını uğurlu hesab etdilər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər