Bu gün qeyd olunan "Yel çərşənbəsi" təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar edir
Xalqımızın əsrlərdən bəri bizə gəlib çatan və milli-mənəvi dəyərlərimizi, adət və ənələrimizi özündə yaşadan ən əziz bayramlarından olan Novruz bayramı yazın müjdəçisi, yeni günün başlanğıcıdır. Bu bayrama qədər xalq arasında keçirilən çərşənbələr Novruzun gəlişinə hazırlıq mərhələsidir. Novruz bayramına qədər 4 çərşənbə - su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Hər bir çərşənbənin öz mənası var. Su çərşənbəsi dağlardakı qarın əriyib torpağı qidalandırması ilə, od çərşənbəsi - günəşin torpağı qızdıraraq yeni əkinə hazılaşdırması ilə, yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsilə, torpaq çərşənbəsi isə əkinin başlanması ilə bağlıdır.
Novruz bayramının üçüncü və bu mərasimlərin içərisində mühüm əhəmiyyət kəsb edən çərşənbələrindən biri də Yel çərşənbəsi adlanır. Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi də tanınır. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır:
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl, baba.
Bu inam və etiqad inanclarda öz əksini tapıb. Belə ki, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib gəlsə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləmində də müxtəlif dəyişikliklərə yol açır. Xüsusən, rayonlarda və kəndlərdə yaşayan insanların əkin-biçinində, onların zəmilərində həzin küləklərin olması torpağın yavaş-yavaş oyanmasına işarədir. Ümumiyyətlə, insanlar yelin, yəni küləyin insanlara xoş və şirin təəssüratlar gətirəcəyini inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək mümkündür. Bu da Boz ayla əlaqədar olaraq formalaşır. Bu çərşənbə də, digərlərində olduğu kimi, hamının qapısında, həyətində tonqallar qalanır. Eyni ilə digər çərşənbələrdə olduğu kimi, yenə insanlar bu tonqalların üzərindən tullanırlar.
Yel çərşənbəsi canlılara nəfəs verməklə, öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Bu xüsusiyyətinə görə bəzən hava ruhla eyniləşdirilir. "Yel olmasa, sel olmaz". "Yel gətirib, gün qurudub", "Od eləyəni fələk eləyə bilməz", "Yel üfürüb şişirtdiyini göyə qaldırar".
Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Ulularımız deyirlər ki, "Yel əsdirəni söyməzlər". Çünki onun arxasında tanrı durur. Yelə tupürsən öz üstünə qayıdar.
Yel çərşənbəsində qədim adətə görə, qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Bütün bu yaşanılan və əməl edilən adət və ənənələrimiz xalqın çoxəsrlik tarixində sınaqdan çıxmış və insanlarda böyük inamın yaranmasına səbəb olmuşdur.
Nəzakət ƏLƏDDİNQIZI